Ömər ibn Xəttab Əbu Bəkrin xəlifə olduğu dövrdə oynadığı mühüm rola görə ondan sonra xəlifə təyin edildi. Elə buna görə də yeni xəlifə etirazla qarşılaşmadı. Əli (ə) və şiələr alınan bu qərara qarşı idilər, lakin camaatın sürətli və fasiləsiz beyəti onlara etiraz imkanı vermədi. Ömərin Əbu Bəkrin xilafəti dövründəki sərt rəftarı ehtimal oluna biləcək istənilən etirazın qarşısını aldı3. Əli (ə) haqqının əlindən alındığını görsə də İslam dünyasının ümumi məsləhətini nəzərə alıb sükut edir, bir çox hallarda isə uyğun zaman və ya məkan gördükdə öz haqqını dilə gətirir, müdafiə edirdi. Şiələr də Əli (ə) kimi mənalı susqunluqlarını davam etdirirdilər. Onlar İslam və müsəlmanların vəhdətini qorumaq üçün silahlı mübarizəyə əl atmır, lakin öz çıxışlarında xilafətə etirazlarını bildirirdilər.
Ömər ibn Xəttab bir məclisdə dedi: “Qüreyş risalət və xilafətin eyni xanədanda qalmasını istəmədikləri üçün Əlini (ə) xəlifə seçmədi”. Həmin məclisdə olan İbn Abbas Ömərə etiraz edərək dedi: “Qüreyş Allahın nazil etdiyinəmi qarşı idi?!”4