SƏNƏDLƏRİN TƏHLİLİ
Qeyd etdiyimiz kimi tarixçilərin böyük əksəriyyətinin Abdullah ibn Səba hadisəsini nəql etdikləri ən mühüm sənəd Təbərinin "Tarix əl-üməm vəl-müluk" əsərində qeyd etdiyi sənəddir. Bu sənədi dəyərləndirərək haqqındakı fikirlərimizi diqqətinizə çatdırırıq:
1. Təbəri;
Təbərinin şəxsiyyəti, haqqında hər hansı bir tədqiqə ehtiyac olmayacaq qədər məşhurdur. Lakin nəzərdən qaçırmaq olmaz ki, bu və ya digər hədis sırf Təbərinin kitabında qeyd olunub deyə ona əsaslanmaq yanlışdır. Bu, Təbərinin öz fikrinə görə yanlış metoddur. Çünki o, kitabının ön sözündə yazır:
"Kitabımda qeyd olunan tarixi məlumatlar oxucular tərəfindən qəbul və ya rədd oluna bilər. Buna səbəb oxucuların bu məlumatların səhihliyinin dəlilini bilməmələridir. Oxucu bilməlidir ki, bu məlumatları mən özümdən yazmamışam. Bu, digərlərinin bizim üçün irs qoyub getdiyi məlumatlardır"1.
Göründüyü kimi, Təbəri özü qeyd etdiyi tarixi məlumatların doğru olduğunu təsdiq etmir və haqqında araşdırma aparmağı zəruri hesab edir.
Mühibb əd-Din kimi şöhrət qazanmış Şeyx Xətib "əl-Əzhər" jurnalında "Tarixi-Təbəri" haqqında yazır: “Təbərinin kitabından, yalnız onun rəvayətçilərini rical kitablarından araşdıran tədqiqatçılar faydalana bilər. Təbərinin rəvayətçiləri haqqında Zəhəbinin "Təzkirə əl-hüffaz" əsərində oxuya bilərsiniz".
O, yazır: “Hədisləri, heç bir bilikləri olmayan halda nəfsi istəkləri ilə odun kimi toplayanlar və yalnız sonda Təbəri kitabında belə yazır deyə qeyd edənlər bununla öz mühüm işlərini sona yetmiş hesab edirlər2.
2. Sərri;
O, Təbərinin sənəd silsiləsində yer alan ilk şəxsdir. Təbəri Sərridən rəvayət nəql edərkən atasının və ya qəbiləsinin adını çəkmədən "Sərrinin mənə yazdığında" ifadəsindən istifadə edir. Yalnız bir dəfə ondan şifahi hədis nəql edərək "Sərri ibn Yəhya mənə belə dedi" deyə qeyd edir. Bundan bəlli olur ki, digər sənədlərdəki Sərri də həmin İbn Yəhyadır.
Bu iddianı təsdiqləyən digər dəlil isə İbn Əsakirin "Tarixi-mədinəti-Dəməşq" əsərində qeyd etdiyi rəvayətdir. Orada onun atasının Yəhya olduğu bildirilir. Orada deyilir: “Sərri İbn Yəhya Şüeybdən, o da Seyf ibn Ömərdən nəql edir". Lakin o məchuldur (kimliyi məlum deyil). Bu ad bir neçə nəfərə aid edilir:
Dostları ilə paylaş: |