Seyf ibn Ömər "əl-Fihrist" və "əl-Hidayə" kitablarında qeyd edildiyinə görə, "əl-Fütuh əl-kəbir vər-rəddə" və "əl-Cəməl və məsiru Aişə və Əli" adlarında iki kitab qələmə almışdır. Təbəri bu kitabların hər ikisindən hədis nəql etmiş və onun hədislərini müxtəlif illərdə baş verən hadisələr arasında yerləşdirmişdir. İbn Əsakir də onun müxtəlif şəxslər haqqında qeyd etdiyi hədisləri, kitabında istinad etmədən nəql etmişdir. Zəhəbi "Tarixi-kəbir" əsərində Seyf ibn Ömərin rəvayətlərindən nəql edir və müqəddimədə onun əsərlərinin adını çəkir. İbn Əbu Bəkr də "ət-Təmhid" kitabında eyni üslubu davam etdirmişdir. Son olaraq Seyf ibn Ömərin kitablarından xəbər verən İbn Həcər (vəfat- 852 h. q.) olmuşdur. O, bu haqda "əl-İsabə" kitabında yazır.