MƏLUM HADİSƏLƏRİN ABDULLAH İBN SƏBAYA AİD EDİLMƏSİNDƏ MƏQSƏD NƏDİR?
Sübhəsiz ki, bütün bu hadisələrlə bağlı Abdullah ibn Səbanın adını hallandıranlar bundan nə isə bir məqsəd güdürlər. Aşağıda onların məlum hədisləri hansı məqsədlərlə uydurub yaydıqlarına nəzər salaq:
1. Osman, Aişə, Təlhə, Zübeyr və Osman tərəfindən təyin edilmiş valiləri müdafiə etmək, onların tutduğu mövqeyə haqq qazandırmaq;
2. Dolayı yolla Əliyə (ə) etiraz etmək;
3. Osman və valilərini tənqid edənlərin yəhudilər tərəfindən təhrik edildiyini önə çəkərək bu tənqidin təsirini azaltmaq;
4. Şiə qaynaqlarında Osman, Təlhə, Zübeyr və Aişə haqqında mövcud olan hədislərə qarşılıq vermək və bu hədislərin tam əksini uydurmaq;1
5. Müsəlmanların Osmanın evini mühasirəyə almalarının və onu öldürmələrinin əsl səbəblərini ört-basdır etmək; Çünki tarixçilər Osman tərəfindən təyin olunmuş Bəni-Üməyyə əsilli valilərin zülm və fəsada böyük yer verdiklərini qeyd edirlər. Müsəlmanlar Osmandan onları ədalətli valilərlə əvəz etməsini tələb edirdilər. O, xalqın tələbinə müsbət cavab vermədiyi üçün ona qarşı üsyan edib evində qətlə yetirdilər2. Qərəzli tarixçilər İbn Səba və bu kimi digər hadisələri qondararaq tarixi həqiqətlərin üstünü ört-basdır etməyə çalışmışlar.
6. Digər bir məqsəd isə şamlıları açıqca mədh etmək, dolayısı ilə Müaviyəni dahiləşdirməkdir; Bu məqsədlə onlar Abdullah ibn Səbanın şamlılara təsir göstərə bilməməsini önə çəkirlər. Guya şamlılar onun qərəzli mövqeyini anlamış və Şamdan qovmuşlar.
Təbəri özünəməxsus sənədlə Seyf ibn Ömərdən, o da Yezid Fəqəsidən nəql edir: "Abdullah ibn Səba sənalı yəhudi idi. Anası Səvda (qaradərili) idi. O, İslamı Osman dönəmində qəbul etdi və müsəlmanları yoldan çıxarmaq üçün müsəlman ölkələrinə səfərə çıxdı. O, səfərinə Hicazdan başladı, sonra Kufə və Şama getdi. Lakin şamlılara təsir göstərə bilmədi. Ona görə də şamlılar onu Şamdan qovdular3.
7. Düzgün etiqadlarını yanlış kimi göstərmək;
Buraya rəcət, Əlinin (ə) vəsi olması, onun xəlifəliyə Osmandan daha layiq olması və s. daxildir. Onlar bu etiqadi məsələləri insanları yoldan çıxarmağı qarşısına məqsəd qoyan Abdullah ibn Səbaya aid edib müsəlmanlarda onlara qarşı pis fikir oyatmaq məqsədi güdürlər.
Dostları ilə paylaş: |