ABDULLAH İBN SƏBA ƏMMARDIRMI?
Doktor Əli Verdi və bu kimi tarixçilər Abdullah ibn Səbanın Əmmar ibn Yasir olduğunu iddia etmiş və bunu aşağıdakı şəkildə əsaslandırmışlar:
1. Abdullah ibn Səba İbn əs-Səvda kimi tanınır. İbn əs-Səvda Əmmarın künyəsidir.
2. Əmmar Yəmənin Səba qəbiləsindəndir.
3. O, Əliyə (ə) hədsiz məhəbbət bəsləmiş və xalqı ona beyət etməyə dəvət etmişdir.
4. Əmmar xalqı Misirdə xəlifənin əleyhinə üsyan etmək üçün təhrik edirdi. Uyğun fəaliyyət Abdullah ibn Səba haqqında da qeyd edilir.
5. Nəql olunduğuna görə, Abdullah ibn Səba Osmanı həqiqi xəlifə hesab etmir, bunun Əlinin (ə) haqqı olduğunu düşünürdü. Bu Əmmar haqqında da qeyd edilir.
Doktor Əli Verdi digər dəlillər də göstərərək Abdullah ibn Səbanın məşhur səhabə Əmmardan qeyrisi ola bilməyəcəyi qənaətinə gəlir. Çünki Qüreyş Əmmarı Osman əleyhinə üsyan edənlərin sərkərdəsi hesab edirdi. Lakin öncədən bunu onun adı ilə bağlamaq istəmir, Abdullah ibn Səba şərti adını göstərirdilər1.
Doktor Kamil Mustafa Şeybi "əs-Silə beyn ət-təsəvvüf vət-təşəyyö" əsərində bu fikirlə razılaşır, göstərilən dəlilləri qaneedici və məntiqli hesab edir.
Doktor Əli Sami Nişarın da sözlərindən bu versiyaya meylli olduğu anlaşılır. O, "Nəşə əl-fikr əl-fəlsəfi fi əl-İslam" kitabında yazır: "Çox güman ki, Abdullah ibn Səba qondarma və ya Əmmar ibn Yasirə aid şərti addır”2.
Cavab: Bu versiyanın qaneedici dəlili yoxdur. Lakin bunu rədd edən çoxsaylı dəlillərimiz var. Belə dəlillərdən bir neçəsinə nəzər salaq:
1. Bu ehtimal yalnız Abdullah ibn Səba haqqındakı rəvayətlər doğru olduğu zaman keçərli hesab edilə bilər. Bir halda ki, bu növ rəvayətlərin təxəyyüldən başqa bir şey olmadığını sübut etdik.
2. Tarixçilər Əmmarın Osmana qarşı mövqeyini açıqca yazmışlar. Belə olan halda şərti ada ehtiyac yoxdur.
3. Tarixçilər Abdullah ibn Səbanın yəhudi olub, fəqət Osman dönəmində iman gətirdiyini qeyd edirlər. Bir halda ki, Əmmar İslamı hələ Peyğəmbər (s) dönəmində qəbul etmişdi.
4. Tarixçilərə görə, Əli (ə), İbn Səbanı tövbə etmədiyi üçün yandırdı və ya Mədainə sürgün etdi. Bir halda ki, Əmmar ibn Yasir Siffeyn döyüşündə şəhid oldu.
5. Təbəriyə görə, Əmmar Abdullah ibn Səbanın təsiri altına düşmüş və ona kütləni xəlifəyə qarşı təhrik etməkdə kömək etmişdi3.
Bütün bunlar göstərir ki, Əmmar ibn Yasir Abdullah ibn Səba deyil.
Dostları ilə paylaş: |