İbn Səbanın yandırılması
Bir çox alimlərin fikrincə, Abdullah ibn Səba Əli (ə) haqqında Allahlıq iddiası etdiyi və imamın (ə) tövbə tələbini rədd etdiyi üçün yandırıldı.
Əllamə Hilli yazır: "Abdullah ibn Səba "qülüv" edən və məlundur. O, Əli (ə) tərəfindən yandırılmışdır. O, Əlinin (ə) Allah, özünün isə peyğəmbər olduğunu güman edirdi"2.
Əbu Əmr Kəşşi yazır: "O, peyğəmbərlik iddiası edir və deyirdi: “Əli (ə) Allahdır. Əli (ə) ona tövbə etməsi üçün üç gün möhlət verdi. Lakin o, tövbə etmədi. Buna görə də Əli (ə) Abdullah ibn Səbanı onunla həmfikir olan yetmiş nəfərlə birgə öldürdü”3.
Şeyx Yusif Bəhrani yazır: "İbn Səba Əlinin (ə) Allah olduğunu güman edirdi. Həzrət (ə) ona tövbə etməsi üçün üç gün vaxt verdi. Tövbə etmədikdə isə yandırdı”4.
İbn Həzm Əndəlusi yazır: "Allahdan başqasının allahlığına etiqad bəsləyən ilk ifratçı firqə Abdullah ibn Səba Hümeyrinin tərəfdarları olmuşdur. Onlar Əlinin (ə) yanına gəlib dedilər:
- Sən həmin adamsan.
- Kim?
- Sən Allahsan.
Bu söz həzrəti (ə) narahat etdi. Od qalanmasını əmr etdi və onları oda atdı. Onlar oda atıldıqda deyirdilər: “İndi Əlinin (ə) Allah olduğu daha da aydın oldu. Çünki odun yaradıcısından başqa heç kim odla əzab verə bilməz"5.
5. Zəhəbi "Mizan əl-etidal" əsərində yazır: “Abdullah ibn Səba "qülüv" edənlərdən idi. O, özü yolunu azmışdı, digərlərini də yoldan çıxarırdı. Zənnimcə, Əli (ə) onu yandırmışdır"6.
Qeyd olunanlardan göründüyü kimi, onun yəhudi olduğuna, Osmanın xilafəti dönəmində iman gətirməsinə, Osman əleyhinə üsyanlarda rolu olmasına heç bir eyham belə yoxdur. Bundan başqa, onun şiəliyin təsisçisi olmasına da heç bir işarə vurulmur. Burada yalnız onun Əli (ə) haqqında Allahlıq iddiası etməsi, buna görə də yandırılması qeyd edilir.
Fikrimizcə, Abdullah ibn Səba və tərəfdarlarının yandırılması məsələsi yanlışdır. Biz onun sürgün edilməsi versiyasına üstünlük veririk. Çünki şiə və əhli-sünnə fəqihləri bu hədislərə əsaslanıb mürtədin yandırılması haqqında fətva verməmişlər. Əksinə, bu rəvayətlərlə ziddiyyət təşkil edən hədislərə əsaslanmış və mürtədin öldürülməsi haqqında fətva vermişlər.
İbn Rüşd yazır: "Alimlərin yekdil rəyinə görə, mürtəd kişi olduğu halda ələ keçərsə, öldürülməlidir. Çünki Peyğəmbər (s) buyurmuşdur: "Dinini dəyişəni öldürün"1.
Şeyx Küleyni və Şeyx Tusi özünəməxsus sənədlə İmam Sadiqdən (ə) Əlinin (ə) belə buyurduğunu nəql edir: "Mürtədin həyat yoldaşı ondan uzaqlaşmalı, onun kəsdiyi heyvan yeyilməməlidir. Ona tövbə etməsi üçün üç gün vaxt verilməlidir. Tövbə etməzsə, dördüncü gün öldürülməlidir"2.
İmam Baqir (ə) və İmam Sadiqdən (ə) nəql etdikləri hədisdə deyilir: "Mürtədə tövbə üçün möhlət verilir. Tövbə etmədiyi təqdirdə öldürülür. Qadın İslamdan çıxarsa, ona da tövbə üçün vaxt verilir. Əgər tövbə etməzsə, ömürlük həbs, ağır dustaqxana həyatına məhkum edilir”3.
Bir hədisdə İmam Rzadan (ə) müsəlman kimi doğulmuş, sonra kafir və ya müşrik olmuş, İslamdan çıxmış bir kişiyə tövbə üçün möhlət verilib-verilməyəcəyi haqqında soruşulduqda həzrət (ə) buyurdu: “Öldürülməlidir”4.
Bildiyimiz kimi, bu rəvayətdə öldürməkdə məqsəd qılınc, nizə, daş, ağac və ya zəhərlə öldürməkdir. Bu, odda yandırmaq və ya dar ağacından asmaq xaricində olan qətl metodlarına uyğundur.
Dostları ilə paylaş: |