İmamlar və etiqadi Şiəlik
Əlinin (ə) "İlahi imamət" məsələsini “təbliğ” yolunda atdığı addımlar, o həzrətin (ə) xilafəti dönəmində şiəliyin mövcudluğunun ümdə dəlillərindəndir. O həzrət (ə) "Qədir" hədisini ehtiva edən şeirlər söyləmiş və onu imamətin dəlili kimi izah etmişdir.
فأوجب لی ولایته علیکم رسول الله یوم غدیر خم3
Həzrət Əli (ə) Müaviyə ibn Süfyana ünvanladığı geniş məktubda bu məsələ haqqında ətraflı məlumat vermişdir. Belə ki, Əlinin (ə) "İlahi imamət"ə etiqadlı olduğu açıqca bəlli olur1.
Həzrət (ə) bu yazısında imamət və rəhbərlik haqqının ötürülməsi üçün "peyğəmbərlik irisyyəti"nə toxunur. Bu irsiyyət maddi məsələlər üçün deyil. Bu irsiyyət vəsilik, elm, hikmət, təharət və ismətlə birgədir. Bu, Quranın, peyğəmbərlər arasında da mövcud olduğunu buyurduğu irsiyyətdir. Həzrət İbrahim (ə) bu haqqı öz övladları üçün istəyir. Allah-Taala bu haqda buyurur: (Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona:) “Səni insanlara imam təyin edəcəyəm”, - dedi. (İbrahim isə:) “Nəslimdən necə?” – deyə soruşdu. (Allah onun cavabında:) “(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar”, -buyurdu (“Bəqərə”, 124)2.
Əhli-sünnə bu haqqı adi bir haqq kimi göstərməyə çalışır və şiələri ismət məsələsində yeni fikir irəli sürməkdə (bidətçilikdə) ittiham edirlər. Bir halda ki, şiələr bu məsələdə yazılı dəlillərə əsaslanırlar. Həmin yazılı dəlillər Quranın da buyurduğu "ilahi irsiyyət"dən kənara çıxmır.
Burada diqqəti çəkən bir məqam da Əlinin (ə) Cəməl döyüşündən qayıdarkən Kufəyə girdikdə "Qədir-Xum" hədisinə istinad etməsidir. Onlarla əhli-sünnə qaynağının göstərdiyinə görə, Əli (ə) Kufə əhalisini və onunla birgə döyüşən Peyğəmbər (s) səhabələrini "Qədir-Xum" hədisinə şəhadət vermək üçün Kufə məscidinə topladı. Bədr döyüşü iştirakçılarından da on iki nəfər aralarında olmaqla, böyük bir kütlə bu hədisə şəhadət verdi. Əli (ə) məlum hədisə istinad edərək xalqa öz ilahi haqqından söhbət açdı.
İmam (ə) zəkat toplamaq məsuliyyətini tapşırdığı məmuruna yazdığı məktubda əhali ilə davranmaq haqqında buyurur: “Xalqın önünə çıx və onlara: “Ey Allahın bəndələri! Məni Allahın vəlisi, Onun xəlifəsi malınızdakı Allah haqqını almaq üçün göndərmişdir”, - de3.
İmamın (ə) işlətdiyi "Allahın vəlisi", "Allahın xəlifəsi" ifadələri şiəliyə məxsus anlayışlardır. Sözügedən təfəkkür xətti Əlinin (ə) xilafəti sayəsində formalaşdı və "imamət" mövzusunda şiəlik təfəkkürünü möhkəmlətdi. Əlinin (ə) şəhadətindən sonra İraq xalqı İmam Həsənə (ə) beyət etdi. Beyət edənlər arasında İmam Həsəni (ə) imam olaraq qəbul edib beyət edənlər çox idi. İmam Həsənin (ə) şəhadətindən sonra xalq İmam Hüseynə (ə) beyət etdi. Döyüş zamanı Nafe ibn Hilal deyirdi: "Mən Cəməl döyüşü iştirakçılarındanam. Mən Əlinin (ə) olduğu dindəyəm. Buna qarşılıq olaraq düşmən qoşunundan bir nəfər: "Mən Osmanın olduğu dindəyəm", – deyə cavab verdi4.
Burada İmam Hüseynin (ə) səhabələrinin şiə etiqadını sırf siyasi xətt adlandırmaq yanlışdır. İbn Ziyad, Əmr ibn Hüreys deyirdi: "Mənim Yezid üçün qorxum İbn Zübeyrdən deyil, Əli (ə) şiələrindəndir"5.
İmam Səccad (ə) dualarda "Etiqadi şiəliyi" açıqca izah edir. O, imamət anlayışının xilafətə, rəhbərliyə ləyaqətdən başqa ismət, peyğəmbərlərin, xüsusilə həzrət Məhəmmədin (s) elmindən bəhrələnmək kimi ilahi tərəflərini də göstərir. İmam Səccad (ə) Allaha üz tutaraq deyir: "Pərvərdigara, Məhəmmədin (s) Əhli-beytindən (ə) olan paklara salam göndər! Hansı ki, onları rəhbərlik üçün seçdin, öz elminin xəzinələrini onlara tapşırdın, dininin qoruyucuları etdin. Onları öz iradənlə hər növ pislikdən uzaqlaşdırdın, sənə və əbədi behiştə yetmək üçün vasitə etdin"1.
Şiəlik etiqadının əsl mənşəyi imamların təlimləridir. İmam Baqir (ə) bir çox sözlərində xalqı Əhli-beyt (ə) elmindən faydalanmağa sövq edir və səhih hədisi yalnız Əhli-beytdən (ə) eşidə biləcəklərini vurğulayır. İmam Baqir (ə) Səlimə ibn Küheyl və Həkəm ibn Üyəynəyə buyurur: "Şərq və qərbə getsəniz belə, düzgün elmi yalnız bizdən ala bilərsiniz”2.
Digər rəvayətdə isə deyilir: "İnsanlar hara gedirlərsə getsinlər, and olsun Allaha, elmi yalnız burada (öz evinə işarə edərək) tapacaqlar"3.
Bu sözlər insanları əsl din maarifini Əhli-beytdən (ə) öyrənməyə dəvət edir. Bu dəvətə müsbət cavab vermək şiəliyi qəbul etmək deməkdir.
İmam Baqir (ə) buyurmuşdur: "Ali-Məhəmməd (s) Allaha doğru qapı, behiştə doğru hidayət edən rəhbərlərdir”4.
İmam Baqirdən (ə) nəql edilən digər hədisdə deyilir: "Ey insanlar! Hara gedirsiniz? Hara aparılırsınız? Sizin hidayət olmanız biz Əhli-beytin (ə) vasitəsi ilə başlamış, bizim vasitəmizlə də qurtaracaqdır". Bütün bu dəllilər göstərir ki, Əhli-beyt (ə) tərəfindən özlərini dini ideallar olaraq göstərmək üçün geniş bir hərəkat olmuşdur.
Dostları ilə paylaş: |