Saib Əbd əl-Həmid
O, “Mənhəc fi əl-intiha əl-məzhəbi” əsərində şiəliyi qəbul etməsini belə açıqlayır: “Şiəliyə yönəlməyimin ilkin işartıları hidayət çırağı, nicat gəmisi Hüseynlə (ə) başladı. Hansı ki, mən o haqda düşünmürdüm. Allah məni ona qarşılıq verməkdə, onun pişvazına getməkdə müvəffəq etdi. Mənim əlimdən tutub müqəddəs astanalarına yetirdi. Bu, o gün idi ki, qulağıma həzin bir səs dəydi. Ola bilsin ki, bu səsi öncə də dəfələrlə eşitmiş, lakin diqqət yetirməmiş, üstündən keçmişdim. Bu dəfə isə tam fərqli bir vəziyyət yarandı və diqqətimi özünə cəlb etdi. Mən bir küncdə sakit və tənha əyləşmişdim. Məlum səsi eşitdikdə bütün hisslərim lərzəyə gəldi və qeyri-ixtiyari bir şəkildə bütün duyğularımı ona təslim etdim. O səs məni özünə cəzb etdi. Bu fırtınanın doğurduğu dalğalar, püskürən yanardağın odu, alovu anbaan üzərimə atılırdı. Belə ki, vücudumdakı bütün qüruru məhv etdi və onu tam olaraq öz təsiri altına aldı. Bu səs məni təhrik etdi. Mən ondan eşitdiyim hadisələrlə yaşayır, özümü yaddan çıxarırdım... O karvanla yola çıxdım. Dayananda dayandım, gedəndə getdim.
Eşitdiyim bu hadisə İmam Hüseynin (ə) şəhid edilməsi idi. Mən onu məhərrəm ayının onuncu günü Şeyx Əbd əz-Zəhra Kəbinin (Allah ona rəhmət etsin!) səsilə dinlədim. Mən İmam Hüseynin (ə) bütün nidalarına qulaq asır, bütün bədənim lərzəyə gəlir, gözlərimdən yaş axırdı. Sanki qanımda inqilab baş verir və vücudum “Ləbbeyk ya Seyyidi, ya İbn Rəsulullah (s)” deyirdi. Zehnimdə sonsuz suallar yaranmışdı. Sanki öncədən həbs edilmiş bir nur indi saçmağa başlamışdı. Bu nur Peyğəmbərin (s) yadigarı İmam Hüseynə (ə) tapınmaqla nəticələndi.
O hadisədə İslam yenidən təcəlla etdi və bu yeni inqilabın önündə Peyğəmbərin (s) nəvəsi İmam Hüseyn (ə) dururdu. Bu, əsl İslamın nidasıdır”.1
İdris Hüseyni Məğribi
O, “Ləqəd şəyyəəni əl-Hüseyn (ə)” əsərində yazır: “Yaxınlarımdan biri məndən “Səni kim şiə etdi, hansı kitablara inandın?” - deyə soruşdu. Mən ona cavab olaraq dedim: “Məni kimin şiə etməsi haqqında deməliyəm ki, o şəxs babam Hüseyn (ə) və onun başına gələn hadisələr idi. Ammə hansı kitaba inandığıma gəlincə bildirməliyəm ki, məni “Səhihi-Buxari” və digər “Səhih” kitabları şiə etdilər”. O, “bu necə ola bilər?” - deyə soruşdu. Ona dedim: “Səhih” kitablarını oxu. Oxuduqca onda olan ziddiyyətləri say. Oxuduğun hər kəlam haqqında düşün. Bu zaman arzuna çatacaqsan.
Şübhəsiz, İmam Hüseyni (ə) qətlə yetirən, Əhli-beyti (ə) əsir tutan ümmətə etibar etmək olmaz. Azad və təəssübdən uzaq düşüncə bu hadisələrə bəraət qazandıra bilməz. Pak qanı təbii su kimi göstərmək olmaz. Bu axan qanlar çay suyu deyildi. Bu ən şərafətli qan idi. Hansı ki, Peyğəmbər (s) onları ümmətə vəsiyyət etmişdi. Bu ümmət özü öz etibarını əldən verdi. Nə deyirlər desinlər. Hüseynin (ə) qanının İslam ümmətinə rəhbərlik edənlər tərəfindən axıdılmasına baxmayaraq, əhli-sünnə alimlərinin onlara qarşı müsbət fikirdə olmalarına bəraət qazandıra bilməzlər. Peyğəmbərin (s) vəfatından sonra övladlarını qoruya bilməyən ümmət onun sünnəsini, gətirdiyi şəraiti necə qoruya bilər?! Bunlara haqq qazandırmaq üçün nə istəyirsən de. De ki, müsəlmanlar İslamın erkən çağlarında Əhli-beyti (ə) öldürmək haqda ictihad etdilər. De ki, bu fikirlər şiə kitablarında qeyd edilmiş və hamısı saxtadır, tarixi həqiqət deyil. Lakin yer üzündə elə bir adam tapıla bilməz ki, İmam Hüseynin (ə) Yezid ibn Müaviyənin əmri ilə öldürülməsini inkar etsin. Bu elə bir cəmiyyətdə baş vermişdir ki, o cəmiyyətə əhli-sünnə təfəkkürü hakim olmuş və xilafət padşahlığa, səltənətə çevrilmişdir. Müaviyədən sonra oğlu Yezid hakimiyyəti qəsb etmişdi.
Kimsə bu hadisəyə haqq qazandırmağa, onu inkar etməyə səy göstərməsin. Çünki tarix, zalımlar istəməsələr belə, məzlumların başına gətirilənləri unutmur”.1
O, yazır: “İmam Hüseynin (ə) məqsədi ümməti alışdığı kortəbiilikdən, dardüşüncəlikdən xilas etmək, hakimiyyəti qəsb etmiş Əməvilərə qarşı inqilab üçün hazırlamaq idi. Bu, fədakarlıq, qan tələb edirdi” 2.
O, yazır: “İmam Hüseyn (ə) ümmətin xeyrini istəyirdi və elə buna görə də Yezidə qarşı çıxdı. Bəli, Hüseyn (ə) tək qaldı, halbuki ümmətin yardımına böyük ehtiyacı var idi” 1.
O, Aşura hadisəsi haqqında qısa məlumat verdikdən sonra “Məni Hüseyn (ə) şiə etdi”, - deyə bildirir və yazır: “Öz canıma and olsun! Bu elə bir şəxsin şəhadət hekayəsidir ki, onun fəryadı daim ən müqəddəs məkanlarda göylərə ucalır. Bu fəryad bütün hallarda məni qəmləndirir.
Mən Kərbəla hadisəsini təfsilatı ilə oxuduqca ruhumda, təfəkkürümdə oyanış yarandı. Elə buradan da daxili inqilab başladı. Bu inqilab, sələflərimdən mənə irs qalmış bütün fikirlər əleyhinə yönələn üsyan idi. Bəli, Hüseyn (ə) ruhumun, fikrimin dərinliklərində inqilab etdi...
Şamlılar və kufəlilər qılıncları ilə gəldilər. İmam Hüseyn (ə) isə qanı ilə gəldi və qan qılınca, tarixi azğınlığa qələbə çaldı. Çünki Hüseyn (ə) təhrifin üstələyə bilməyəcəyi bir nurdur. Biz bu faciəni yaşadır və bilirik ki, Hüseyn (ə) haqq yolunda öldürüldü. Onun yalnız bir damcı qanı düşmənlərini tarixin məzarlığına gömdü. Lakin biz o insanlara acıyırıq ki, Hüseynin (ə) və tərəfdarlarının qatillərini özlərinə örnək, təqva nümunəsi kimi qəbul edirlər və onlara tapınırlar. Hüseyni (ə) qətlə yetirənlər onun, xəlifələrindən üstün və ərəblərin ağası olduğunu bilirdilər. Onlar yalnız Yezidin söz verdiyi hədiyyələrə tamahlanaraq Hüseyni (ə) öldürdülər. Belə olan halda onlar Yezidin hədiyyəsinə görə İslamı da təhrif edə bilərdilər. Bəli, bu Hüseyn (ə) idi ki, məni özünün və Əhli-beytinin (ə) çəkdiyi müsibətlərin təsiri ilə şiə etdi. O, məni Kərbəlada sarı qum gillərinin üzərinə axan qanları, övladlarının fəryadı, qadınlarının növhəsi ilə şiə etdi. Mən o günü yad edərək fəryad çəkdim, gözlərimdən yaş axmağa başladı, ürəyim hüznlə doldu. Qəm-qüssədən parçalanan qəlbimlə dedim:
و یرثی ربابک دنیا السجون و دمع النواح و فیض الدما
İmam Hüseynin (ə) düşmənləri onu qətlə yetirməklə özləri üçün qəbir qazdılar, öz cənazələrini ayaqlar altına atdılar. Xar olaraq, zillətlə tarixin məqbərəsində dəfn edildilər. Ey Əbu Abdullah! Mən həmişə səni tarixin gözündə böyük görürəm. Həyat sənin pak, xoş ətirli qanınla işıqlandı.
سطعت بریقا کومض الشموس و شاع سناک کبر السما
Mən Kərbəla hadisəsini nə zaman oxusam, bir cazibə məni özünə doğru çəkir. Nəfəsim təngiyir. Hüseynin (ə) yanımda qan içində olduğunu hiss edirəm. Kaş mən onunla birgə olub böyük feyzə nail olaydım.
Kərbəla mənim tarixə daxil olduğum yerdir; Həqiqətə, İslama yetdiyim yer”...1
Doktor Məhəmməd Ticani Tunisi
O, “Necə hidayət oldum” kitabında yazır: “Dostum Münimlə Kərbəlaya yola düşdük. Orada Hüseynin (ə) başına gələn müsibətlər haqqında məlumat aldım və başa düşdüm ki, həzrət Hüseyn (ə) ölməmişdir. Onu yaşatmaq məqsədi ilə keçirilən əza mərasimlərində insanlar onun məzarı ətrafına toplaşıb, pərvanə tək fırlanırdılar, mənim heç bir zaman görmədiyim yanğıyla ağlayırdılar. Sanki, İmam Hüseyn (ə) bu gün şəhid edilmişdir. Orada iştirakçılara Kərbəla faciəsi haqqında məlumat verərək onları duyğulandıran natiqlər gördüm. Natiqlər insanları ağlamağa vadar edirdilər. Heç bir dinləyici bu faciəni eşidib göz yaşlarını saxlaya bilməzdi. Mən də ağladım, çox ağladım, sanki, qəm-kədər uzun illər daxilimdə yığılıb qalıb, indi isə önü açılmışdı.
Ağladıqdan sonra təskinlik tapdım. O gündən öncə belə bir şey hiss etməmişdim. Sanki bugünədək Hüseyn (ə) düşmənləri sırasında olmuş, bu gün isə bir göz qırpımında dəyişmiş və o həzrətin (ə) tərəfdarları cərgəsində yer alaraq canımı fəda etmişdim. Xətibin mənim bu hissləri keçirdiyim zaman Hürr haqqında danışması çox maraq doğurdu. Hürr, İmam Hüseynlə (ə) döyüşə gələn düşmən qoşunun sərkərdələrindən olmuşdur. O, döyüş meydanında gözlənilmədən sarsıntı keçirmişdi. Döyüşçüləri ondan soruşmuşdular: “Sənə nə olub? Olmaya ölümdən qorxursan?” O: “Allaha and olsun ki, əsla ölümdən qorxmuram. Lakin behiştlə cəhənnəm arasında qaldığımı görür və hansını seçməli olduğumu düşünürəm” – deyə bildirmişdi. O, atını Hüseynə (ə) doğru yönəltmiş, onu gördükdə göz yaşı içində demişdi: “Ey Allah rəsulunun övladı! Tövbə qapısı üzümə açıqdırmı?”
Bu an tab gətirə bilmədim. Ağlayaraq özümü yerə atdım. Sanki Hürrün rolunu oynayır və İmam Hüseynə (ə) deyirdim: “Ey Allah rəsulunun övladı! Tövbə qapısı üzümə açıqdırmı? Ey Peyğəmbər (s) övladı! Məni əfv et və bağışla”.
Vaizin səsi dinləyicilərə elə bir təsir bağışlamışdı ki, onların səsi ərşə ucalmışdı. Mənim fəryadımı eşidən dostum, ağlaya-ağlaya məni qolları arasına alıb qucaqladı. Sanki ana öz övladını ağuşuna almış, “Ya Hüseyn! Ya Hüseyn!” deyirdi.
Bu anlar elə anlar idi ki, həqiqətən, ağlamağın mənasını dərk edirdim. Göz yaşlarımın qəlbimi yuduğunu və bütün bədənimin paklandığını hiss edirdim. Bu zaman Peyğəmbərin (s) kəlamının mənasını anladım. O həzrət (s) buyurmuşdur: “Əgər siz də mənim bildiklərimi bilsəydiniz, az gülüb, çox ağlayardınız”.
O günü bütünlüklə qəm-qüssə içində keçirdim. Dostum mənə təskinlik verib sakitləşdirmək məqsədi ilə şərbət və şirniyyat alıb gətirdi. Amma iştaham tamam küsmüşdü. Dostumdan İmam Hüseynin (ə) şəhadət hadisəsini bir daha danışmasını istədim. Çünki o haqda heç bir məlumatım yox idi”.1
Əhməd Hüseyn Yəqub Urduni
O, İmam Xomeyninin vəfatının il dönümü münasibəti ilə İrana gəldikdə deyirdi: “Mənim səfər proqramımdan biri İmam Xomeyninin vəfatının ildönümü münasibəti ilə onun məqbərəsini ziyarət etmək idi. O gün sübh çağı onun məqbərəsinə getdim. Burada qadınlı-kişili üç milyonu keçən insan izdihamı ilə qarşılaşdım. Bu qədər insan məzarı dövrəyə almış, əllərini səmaya qaldırmış və farsca şüarlar deyirdilər. Mən tərcüməçimdən bu cəmiyyətin bir ağızla nə dediklərini soruşduqda o, onların belə dediklərini söylədi: “Ey bizim rəhbərimiz! Biz öz imamlarını tək qoyan insanlardan deyilik. Biz səninləyik”.
Mən ağlamağa başladım və başa düşdüm ki, düşmən qoşunu qarşısında yalqız qalan İmam Hüseyndir (ə). O gün fikrimdəm Kərbəla hadisəsi haqqında bir kitab yazmaq keçdi və bu qərara gəldim ki, müsəlmanları bu faciənin təfərrüatı ilə tanış etmək zəruridir. Buna görə də vaxtımın bir hissəsini bu işə sərf etməyi nəzir etdim və tədqiqata başladım.
Məlum kitabı yazmaqla məşğul olduğum günlər ən çox qəmli, hüznlü olduğum günlər idi. Baş verənləri oxuduqca təsirlənir və dəfələrlə ağlayırdım. Kərbəla hadisəsini oxuyub ağlamayan insan tapıla bilərmi?!”1
Dostları ilə paylaş: |