İslam cəmiyyətində parçalanma
Hələ Peyğəmbər (s) dünyasını dəyişməmişdi ki, İslam ümməti arasında fitnə və ixtilaf yelləri əsməyə başladı. O həzrətin (s) olmazın zəhmətlər bahasına möhkəmlətdiyi fikri, etiqadi, ictimai-siyasi köklər sarsımağa başladı.
Quran və Peyğəmbər (s) sünnəsində İslam ümmətinin vücudunu bürüyən bu ağır dərdə işarə vurulmuşdur. Allah-Taala buyurur: “Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər”.1 Bu ayə Ühud döyüşündən sonra, müsəlmanlar arasında Peyğəmbərin (s) öldürülməsi şayəsi yayıldıqda nazil olmasına baxmayaraq, danılması mümkün olmayan acı bir həqiqətə işarə vurur və bu geri dönüş, keçmiş mövqelərə qayıtmaq, müsəlmanların sıralarında parçalanma, ixtilaf yaratmaqdır.
Peyğəmbərin (s) hədislərində də bu ümmətin gələcəyinə, onda baş verəcək təfriqəyə, ixtilafa nəinki işarə vurulmuş, hətta aydın bildirilmişdir.
İslam peyğəmbəri (s) hədisdə işarə vurur ki, bu ümmət keçmiş ümmətlərdən müstəsna deyil. Keşmiş ümmətlərdə baş verən təfriqələr, parçalanmalar bu ümmətdə də baş verəcəkdir.
Buxari "Səhih" əsərində özünəməxsus sənədlə Əbu Səid Xudrinin Peyğəmbərdən (s) nəql etdiyi hədisi nəql edir. Hədisdə deyilir:
"Şübhəsiz keçmiş ümmətləri qarış-qarış, dirsək-dirsək izləyəcəksiniz (ardınca gedəcək, tabe olacaqsınız). Hətta onlar kərtənkələ dəliyinə (yuvasına) girsələr belə, siz də bu işdə onların ardınca gedəcəksiniz". Soruşduq: "Ey Allahın rəsulu! Sizin məqsədiniz yəhudi və xristianlardırmı?" Həzrət buyurdu: "Onlardan başqa kim ola bilər?"2
Keçmiş ümmətlərin vəziyyəti kimsəyə sirr deyil. Onlar ixtilafa, təfriqəyə yoluxmuşdular. Nəticədə bidətlər, yanılmalar cəmiyyəti başına götürdü.
Allah-Taala buyurur: “(Ya Peyğəmbər!) Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Allah bunlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya açıq möcüzələr verdik və onu müqəddəs ruhla qüvvətləndirdik. Əgər Allah istəsəydi, bu peyğəmbərlərin ardınca gələn insanlar onlara göndərilən aşkar dəlillərdən sonra bir-biriləri ilə vuruşmazdılar. Fəqət (bununla belə yenə də) ixtilafa düşdülər. Onlarda bəziləri (Allaha) iman gətirdilər, bəziləri isə kafir oldular. Əgər Allah istəsə idi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah Öz istədiyini edər”.3
Dostları ilə paylaş: |