Eyni məzmunu rəvayətlər
Hədis qaynaqlarına müraciət etdikdə "ümmətin parçalanması" hədisi ilə eyni məzmunda olan digər çoxsaylı hədislərin də olduğunu görürük. Bu hədislər ümmət arasında parçalanmanın, ixtilafın olacağına işarə vurur. Aşağıda bu hədislərin bir neçəsini diqqətinizə çatdırırıq:
1. Buxari özünəməxsus sənədlə Əbu Səid Xudridən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Şübhəsiz keçmiş ümmətləri qarış-qarış, dirsək-dirsək izləyəcəksiniz (ardınca gedəcək, tabe olacaqsınız). Hətta onlar kərtənkələ dəliyinə (yuvasına) girsələr belə, siz də bu işdə onların ardınca gedəcəksiniz". Soruşduq: "Ey Allahın rəsulu! Sizin məqsədiniz yəhudi və xristianlardırmı?" Həzrət buyurdu: "Onlardan başqa kim ola bilər?"4
2. Üqbə ibn Amir deyir: Bir gün Peyğəmbər (s) Mədinədən Ühüdə doğru hərəkət etdi. Ühud əhli üçün meyitə namaz qılındığı kimi namaz qıldı. Sonra minbərə çıxıb buyurdu: "Mən sizin yanınıza daha tez gələcəyəm və mən sizə şahidəm. Allaha and olsun ki, mən indi hovuzuma baxıram. Mənə yer xəzinələrinin açarları verilmişdir. And olsun Allaha, sizin məndən sonra müşrik olacağınızdan qorxmuram. Lakin yer üzərində ixtilafa yol vermənizdən qorxuram”.
3. Heysəmi "Məcmə əz-zəvaid" kitabında Nafe ibn Xalid Xuzaidən, o da atasından nəql edir:
"Peyğəmbər (s) (ətrafında insanlar olduğu halda) namaz qıldıqda qısa qılırdı. Lakin rüku və səcdəni tam yerinə yetirirdi. Bir gün həzrət (s) əyləşmişdi. Əyləşməsini o qədər uzatdı ki, camaat bir-birlərinə dedilər: “Sakit olun, Peyğəmbərə (s) vəhy gəlir”. Peyğəmbər (s) (işini) bitirdikdən sonra bəziləri dedilər: “Ey Allahın rəsulu! Oturuşunuz o qədər uzun çəkdi ki, bəziləri sizə vəhy gəldiyini düşündülər”. Həzrət (s) buyurdu: "Xeyr! Bu, rəğbət və qorxu namazı idi. Allahdan üç şeyi istədim. Onun ikisini mənə verdi, birindən isə imtina etdi. Ondan istədim ki, sizə keşmiş ümmətlərə göndərdiyi əzablardan göndərməsin. Həmçinin istədim ki, sizə haramınızı mübah edən bir düşməni hökmran etməsin. Allah bu iki istəyimi mənə verdi. Həmçinin istədim ki, sizin əyninizə təfriqə libası biçməsin. Sizin aranızda düşmənçilik, çəkişmə yaranmasına imkan verməsin. Allah bunu qəbul etmədi ...".1
4. Müslim özünəməxsus sənədlə Peyğəmbərdən (s) nəql edir:
"Həmişə mənim ümmətimdən bir qrupu Allahın əmrinin icrasına qalxacaq. Bir qrup isə onlara qarşı çıxacaq, onları xar etməyə çalışacaq. Allahın əmri çatıncayadək heç zaman onlara ziyan vura bilməyəcəklər və onlar qalib olacaqlar".2
Dostları ilə paylaş: |