İradlara cavab
"Ümmətin parçalanması" hədisi ilə bağlı müxtəlif iradlar irəli sürülmüşdür. Aşağıda onlardan bir neçəsini diqqətinizə çatdırırıq:
1. İbn Həzm bu hədis haqqında deyir: "Bu hədis sənəd baxımından əsla səhih nəzərə çarpmır".1
Cavab: Öncə də qeyd olunanlardan bəlli olur ki, ümmətin parçalanması ilə bağlı hədislərin bəzisi kifayət qədər etibarlı sənədə malikdir. Bir çox əhli-sünnə alimləri onun doğru olduğunu etiraf etmiş, müxtəlif sənədlərin bir-birini təsdiq etdiyini bildirmişlər.
2. Bu hədis mətn baxımından qarışıqdır. Müxtəlif ibarələrlə nəql olunmuşdur. Onun mətnləri bəzən az, bəzənsə çoxdur. Buna görə də etibardan düşmüşdür.
Cavab: Hədisin mətni yalnız mənanın nəql olunduğu üçün fərqlidir. Lakin bir məsələdə bu rəvayətlərin hamısı yekdildir və o, İslam ümmətinin müxtəlif firqələrə bölünəcəyidir.
3. Şövkani yazır: "Hədisin sonunda qeyd olunan "bir firqədən başqa qalan digər firqələr cəhənnəmdədir" ibarəsini bir çox hədisşünaslar zəif hesab etmişlər. İbn Həzm demişdir ki, bu əlavə uydurmadır".2
Cavab: İnsafla desək, bu ibarə bir çox səhih sənədli rəvayətlərdə öz əksini tapmışdır. Buna görə də onu uydurma adlandırmaq olmaz.
4. Bəziləri deyirlər: "Bu hədisə görə ümmətin böyük əksəriyyəti cəhənnəmə getməlidir və müsəlmanlar arasında ixtilaf və təfriqə qiyamətədək davam etməlidir”.
Cavab: Hədisin sənədi düzgün olduqdan sonra onun ifadə etdiyi məna da qəbul olunur. Oxşar taleyi keçmiş ümmətlər də yaşamışlar. Misal üçün, biz bunu Nuhun qövmündə müşahidə edirik.
5. Əbd ər-Rəhman Bədəvi deyir: "İkinci, hətta üçüncü əsrə aid kitablarda bu hədisdən əsər-əlamət yoxdur. Əgər bu hədis səhih olsaydı, keçmiş alimlərin də kitabında olardı”.3
Cavab: Bu irad onun qələmindən irəli gələn yanlışdır. Çünki bu hədisi Əbu Davud (vəfatı: h.q. 276), Əhməd ibn Hənbəl (vəfatı: h.q. 241), Tirmizi (vəfatı: 275) və İbn Macə (vəfatı: 276) nəql etmişlər. Bunların hamısı üçüncü əsrə aiddirlər.
6. Bu hədislər "rəhm edilmiş ümmət" hədisləri ilə ziddiyyət təşkil edir. Əhməd ibn Hənbəl özünəməxsus sənədlə Peyğəmbərdən (s) nəql edir: "Həqiqətən, mənim ümmətim mərhəmət göstərilmiş ümmətdir. Axirətdə ona əzab verilməyəcək. Onların yeganə əzabı dünyada müharibə və döyüşdür".4
Cavab: Birincisi, sözügedən hədis (ümmətin firqələrə bölünməsi ilə bağlı hədis) hər iki firqənin bir çox alimləri tərəfindən mütəvatir olaraq dəyərləndirilmişdir. Lakin "rəhm edilmiş ümmət" hədisi isə vahid xəbərdir. Ziddiyyət olduqda vahid xəbər mütəvatir xəbəri üstələyə bilməz.
İkincisi, "rəhm edilmiş ümmət" hədisi kimlərinsə bərzəxdə cəzalandırılmayacağına dəlalət etmir.
Üçüncüsü, məgər dünya əzabı azdırmı?
Dördüncüsü, axirətdə əzab verilməsindən məqsəd budur ki, nəhayət, bu ümmətin hamısı behiştə gedəcək. Hərçənd ki, bir çoxları cəhənnəmdə cəzalarını çəkdikdən sonra behiştə gedəcəklər.
Beşincisi, "rəhm edilmiş ümmət" hədisinə geniş mənada əməl etmək istəmək qəti əqli və nəqli dəlillərlə üst-üstə düşmür. Çünki ümməti günaha rəğbətləndirir. Quran ayələri ilə də üst-üstə düşmür. Çünki Allah, əmrlərinə boyun əyilmədiyi təqdirdə ümməti hədələyir, cəzalandıracağını bildirir. Bundan başqa, "Hovuz" hədisində aydın şəkildə bildirilir ki, bir çox Peyğəmbər (s) səhbələri cəhənnəmə aparılacaqlar. Hətta Peyğəmbərin (s) vasitəçiliyinin belə faydası olmayacaq.1
Altıncısı, "rəhm edilmiş ümmət" hədisində Peyğəmbər (s) buyurur: "Mənim ümmətim rəhm olunmuş ümmətdir". Lakin ümmətim firqələrə bölünəcəyini göstərən hədislər isə yetmiş iki firqənin cəhənnəmə gedəcəyini, bir firqəninsə xilas olacağını bildirir. Buradan bəlli olur ki, Peyğəmbərin (s) əsl ümməti həmin nicat tapacaq firqədir. Çünki həqəqətən ümmətdən o şəxs hesab olunur ki, ona müti olsun. Burada yalnız müsəlman adının üstündə olması həlledici amil deyil.
7. Bəzi hədislərin sətri mənasından anlaşılır ki, ümmət arasında ixtilaf əzaba yox, mərhəmətə səbəb olacaqdır. İbn Abbasdan Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: "... Və səhabələrimin ixtilafı sizin üçün rəhmətdir".2
Cavab: Birincisi, bu rəvayətin sənədi mötəbər deyil. Hətta İbn Həzmin nəql etdiyinə görə, bu kəlam hədis deyil.3
Albani deyir: "Ümmətimin ixtilafı rəhmətdir" hədisi əsassızdır. Hədisçilər onun üçün sənəd tapmağa çox çalışsalar da müvəffəq ola bilməmişlər...”. Sübki demişdir: “Hədisçilərə görə bu hədis məşhur deyil. Mən onun üçün səhih, zəif və ya uydurma sənəd tapmadım ...".4
İkincisi, bu hədisin doğruluğunu göstərən sənəd olsa belə, onu ümmətin firqələrə bölünməsini göstərən hədislərə uyğun şəkildə izah etmək olar.
Məhəmməd ibn Şərbili "Muğni əl-mühtac" əsərində yazır: "Hədisdə deyilir ki, "ümmətimin ixtilafı rəhmətdir". Həlimi bunu məqsəd ixtilafları, peşə fərqləri kimi izah etmişdir".5
Həmçinin hədisdə "ixtilaf" ifadəsində məqsədin get-gəl, ümmətin görüşmək, bir-birindən faydalanmaq üçün get-gəli olması mümkündür. Bəzi Əhli-beyt (ə) rəvayətlərində də bu mənaya işarə vurulmuşdur.
Şeyx Səduq özünəməxsus sənədlə Əbd əl-Mömin Ənsaridən İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: "Bir qövm Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Ümmətimin ixtilafı rəhmətdir". Onlar doğru deyirlər". Soruşdum: "Əgər ixtilafları rəhmətdirsə, bir yerə yığılmaqları (yekdillikləri) əzabdırmı?” Həzrət (ə) buyurdu: "Məsələ sənin və başqalarının başa düşdüyü kimi deyil. Məsələ Allahın da kəlamında buyurulduğundan ibarətdir. Allah buyurur: “Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onu dindaşlarına öyrətmək üçün) səfər çıxsın ki, qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər!” (“Tövbə”, 122) Demək, Allah onlara Peyğəmbərin (s) yanına göçməyi, get-gəl edərək ondan (s) elm öyrənməyi, sonra öz qövmünün yanına qayıdıb onları məlumatlandırmağı əmr edir. Məqsəd dində ixtilaf, haçalanma yox, ölkə və şəhərlərdən get-gəl etməkdir. Çünki şübhəsiz, Allahın dini birdir".1
8. Bəzi rəvayətlərdə Peyğəmbərin (s) bütün ümmətini behişt əhli adlandırdığı göstərilir.
Heysəmi Abdullah ibn Əmrdən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Elə bir ümmət yoxdur ki, onun bəzi fərdləri cəhənnəmdə, bəzisi isə behiştdə olmasın. Mənim ümmətimin isə bütün fərdləri behiştdə olacaqlar".2
Cavab: Birincisi, İbn Həcər Heysəminin etirafına görə bu hədisin sənəd silsiləsində Əhməd ibn Məhəmməd ibn Həccac ibn Düşdeynin yer aldığına görə zəifdir.3 Zəhəbi "Mizan əl-etidal" əsərində onu məşhur yalançı adlandırmışdır.4
İkincisi, "rəhm olunmuş ümmət" hədisi haqqında qeyd etdiyimiz iradlar bu hədisə də aiddir.
Dostları ilə paylaş: |