4. Şiə sözünün istənilən firqə və qruplaşmaya deyilməsi;
O, yazır: “Şiə sözü bir öndərin ətrafına toplaşan istənilən qruplaşmaya deyilir. Bəzi şiələr tarixi həqiqətlərə göz yumaraq iddia edirlər ki, şiə ilk dəfə onlara deyilmişdir. Lakin unudurlar ki, Müaviyə də öz tərəfdarlarına “şiələrim” demişdir. Bir sözlə, tarixi həqiqətlər göstərir ki, bu ad yalnız onlara məxsus olmamışdır, Əli (ə) və ya bəzilərinə görə Hüseyn (ə) öldürüldükdən sonra onlara şiə deyilmişdir”1.
Cavab: Birincisi, şiə sözünün bir öndərin ətrafına toplaşan istənilən qruplaşmaya deyilməsi uyğun sözün leksik mənası etibarilədir. Misal ücün, Əbu Süfyan şiəsi, Müaviyə şiəsi və s. ifadələr hərfi məna etibarilə düzgündür. Elə ona görə də Əli (ə) şiələri haqqında işlədilmədikdə aid olduğu şəxsin adı çəkilir. Lakin Əli (ə) şiələri haqqında işlədildikdə heç bir təyinsiz, sadəcə, şiələr deyilir. Deməli, bu halda, məqsəd yalnız Əli (ə) şiəsidir. Bu açıqlamanı əhli-sünnə alimləri öz kitablarında qeyd etmişlər.
Şəhristani yazır: “Şiə müqəddəs mətnlərə əsaslanaraq yalnız Əliyə (ə) tabe olan, onun imamlığına və xəlifəliyinə əqidə bəsləyən insanlara deyilir”2.
İbn Xəldun yazır: “Şiə sözü məna etibarı ilə tərəfdar, ardıcıl deməkdir. Lakin fəqih və mütəkəllimlərin (sxolastiklərin) yazılarında Əli (ə) və onun övladlarının (ə) tərəfdarlarına deyilir”3.
Seyid Şərif Cürcani yazır: “Şiə Əliyə (ə) tabe olan, onun Peyğəmbərdən (s) sonra bilavasitə imam olduğuna inam bəsləyənlərə deyilir. Onların əqidəsincə, imamlıq ondan sonra övladlarına keçir”4.
Fərid Vəcdi yazır: “Əlinin (ə) imamlığını qəbul edən, ona itaət edən, imamlığın onun övladlarından başqasına keçmədiyinə əqidə bəsləyənlərə şiə deyilir. Onlara görə, imamət məsələsi sadəcə məsləhət görülən bir məsələ deyil. Ona görə də ümmətin özü imam seçmək iqtidarında deyil, yəni onun bu icazəsi yoxdur. İmamət dinin əsaslı prinsiplərindən biridir. Elə buna görə də özündən sonrakı imamı Peyğəmbər (s) şəxsən özü təyin etmişdir. Şiələrin inanclarından biri budur ki, imamlar böyük və kiçik günahlardan məsumdurlar. Onlar deyirlər: “İnsan danışıqda da, davranışda da “təvəlli və təbərri”yə riayət etməlidir. Yalnız zalım düşməndən qorxduğu zaman təqiyyə edə bilər”5.
İkincisi, qeyd etdiyimiz rəvayətlərə görə, şiə sözünü ilk dəfə Peyğəmbər (s) Əlinin (ə) tərəfdarlarına demişdir. Hətta bir çox əhli-sünnə alimləri də qeyd edirlər ki, bu ad Peyğəmbər (s) dönəmində bəzi səhabələrə verilmişdir.
Əbu Hatəm Razi yazır: “Peyğəmbər (s) dönəmində meydana gələn ilk ləqəb şiə sözü idi. Bu söz dörd səhabəyə - Əbuzər, Salman, Miqdad və Əmmara verilmişdi”6.
İbn Xəldun yazır: “Səhabələrin bir hissəsi Əli (ə) şiəsi idi. Onun, xəlifəliyə digərlərindən daha layiq olduğu qənaətində idilər”7.
Məhəmməd Kürd Əli deyir: “Peyğəmbər (s) dönəmində bir çox böyük səhabələr Əlinin (ə) tərəfdarları kimi tanınırdılar. Salman onlardan biri idi. O, deyirdi: “Biz Peyğəmbərlə (s) daim müsəlmanların xeyrini istəyəcəyimizə, Əliyə (ə) və onun ardıcıllarına sadiq olacağımıza dair beyət etdik”. Əbu Səid Xudri deyirdi: “Camaata beş şey əmr edilmişdi. Dördünü həyata kecirtdilər, birini isə tərk etdilər”. Ondan soruşdular: “Tərk edilən şey nə idi?” O, cavab verdi: “Əlinin (ə) vilayəti”. Ondan soruşuldu: “Vilayət dörd əməllə birgəmi vacibdir?” O, “Bəli” - deyə bildirdi”1 .
Doktor Sübhi Saleh yazır: “Hələ Peyğəmbər (s) dönəmində belə Əlinin (ə) şiələri olmuşdur. Bunlardan Əbuzər Qifari, Miqdad ibn Əsvəd, Cabir ibn Abdullah, Übəyy ibn Kəb, Amir ibn Vasilə, Abbas ibn Əbd əl-Müttəlib və övladları, Əmmar ibn Yasir və Əbu Əyyub Ənsarinin adlarını çəkmək olar”2.
Dostları ilə paylaş: |