Şiəlik Əlinin (ə) xilafəti dönəmində
Əlinin (ə) xilafəti 35-ci (h.q.) ilin sonlarında başlandı və təqribən dörd il doqquz ay davam etdi. Əmir əl-Möminin (ə) şiələri, xalqın ümumi beyəti zamanı münasib bir zaman olduğunu nəzərə alıb o həzrətin (ə) uca məqamını da onlara çatdırdılar. Elə bu məqsədlə də Malik ibn Haris ibn Əştər xalqa müraciətlə dedi: “Ey camaat! Bu Əli (ə) vəsilər vəsisi və Peyğəmbər (s) elminin varisidir. O, İslam uğrunda ağır əzablara qatlanmış və olmazın zəhmətlər çəkmişdir. O, elə bir şəxsiyyətdir ki, Allah onun imanına şəhadət vermiş, Peyğəmbər (s) ona behişt müjdəsi vermişdir. O, elə bir şəxsiyyətdir ki, bütün üstün keyfiyyətlər onda öz əksini tapmışdır. İstər keçib gedənlərdən, istərsə də qalanlardan heç bir kimsə onun elminə, fəzilətinə şübhə ilə yanaşmamışdır”5.
Xüzeymə ibn Sabit də İmam Əliyə (ə) beyət etdikdən sonra dedi: “Biz elə bir insanı seçdik ki, onu bizim üçün Peyğəmbər (s) seçmişdi”6.
Əli (ə) paytaxtı Kufəyə köçürtdü. Paytaxtı dəyişdirməkdə məqsəd İraqda şiəliyi geniş yaymaq və özünü iraqlılara tanıtdırmaq idi. Bundan başqa İraq hərbi düşərgə olması ilə yanaşı, həm də Şama yaxın idi. İraqdan Şamı nəzarətə götürmək asan idi.
İmam (ə) İraqa gəldikdən sonra camaat onu siyasi qəhrəman olaraq şamlıların istilasına qarşı himayə etdilər və uzun müddət o həzrətin (ə) hamisi olaraq qaldılar. Cəməl döyüşündən sonra “şiə” termini Əlinin (ə) tərəfində Aişəyə qarşı döyüşənlərin hamısına aid edilirdi. Bundan başqa, etiqadi baxımdan yox, sırf siyası məqsədlər üçün Əlini (ə) dəstəkləyənlər də “şiə” adlanırdılar.
Nəsr ibn Müzahim yazır: “Əli (ə) Təlhə və Zübeyrin cinayətlərini sayarkən buyurur: “Həqiqətən, Təlhə və Zübeyrin tabeçiliyində olanlar Bəsrədə mənim şiələrimi və məmurlarımı qətlə yetirdilər”1.
Siffeyn savaşında “həkəmiyyət” sənədində də “şiə” sözü məhz bu mənada işlədilmişdir. Bu hadisədən düz on il sonra şiələr öz adlarının möhkəmlənməsi, həqiqi Əli (ə) şiələrinin digər məqsədlərlə Əlini (ə) dəstəkləyənlərdən ayrılması üçün səylər göstərdilər. Əli (ə) hakimiyyətdə olduğu dörd il doqquz ay müddətində İslam ümmətini öncəki vəziyyətinə qaytara bilməsə də bir çox uğurlar əldə etdi. Bu uğurları aşağıdakı şəkildə sıralamaq olar:
Peyğəmbərin (s) əsl şəxsiyyətini camaata tanıtdırmaq;
İslamın unudulmuş hökmlərini izah və icra etmək;
İmkan dairəsində bidət və təhriflərin qarşısını almaq;
Din maarifinin böyük bir hissəsinin təlimi;
Görkəmli kadrlar yetişdirmək; misal üçün, Üveys Qərəni, Kümeyl ibn Ziyad, Meysəm Təmmar, Rüşeyd Hücri və başqaları. Əlinin (ə) hakimiyyəti dövründə şiələr siyasi sıxıntıdan çıxsalar da əvəzində bir neçə daxili müharibə baş verdi. Onlar bu döyüşlərdə də Əlini (ə) dəsləktədilər. Şiələr sözügedən döyüşlərdə məğlub olsalar da o həzrəti (ə) müdafiə üçün əqidə savaşından əl çəkdilər.
Dostları ilə paylaş: |