Xüzeymə ibn Sabit
Xüzeymə ənsardan, Övs qəbiləsindədir. Peyğəmbər (s) onun şahidliyini iki şahidə bərabər hesab edirdi. Elə buna görə də onu “zu əş-şəhadəteyn” adlandırırlar. Məkkənin fəthi zamanı Bəni-Xitbə qəbiləsinin bayrağı onun əlində idi. “Cəməl” və “Siffeyn” döyüşlərində Əlinin (ə) yanında idi. Sonda isə Müaviyənin qoşunu tərəfindən şəhid edildi1.
O, Əliyə (ə) beyət edərkən ənsardan ilk beyət edənlərin ikincisi və nümayəndəsi olaraq nitq söylədi. Bu onun Əliyə (ə) olan inamının, sədaqətinin göstəricisidir.
Yəqubi yazır: “Sonra “zu əş-şəhadəteyn” Xüzeymə ibn Sabit qalxıb dedi: “Ey möminlərin əmiri! Mən sənə şəxsi işlərim üçün beyət etmirəm. Buna səbəb sənin ən layiqli olmandır. Əgər sənin haqqında ən doğru olanını demək istəsəm, deməliyəm ki, sən iman və bilik baxımından insanların ən üstünüsən. Allaha and olsun ki, sən Peyğəmbəri (s) ən yaxşı tanıyan və ona daha çox imanı olan möminsən. Onların (möminlərin) sahib olduqları hər şey səndə var. Səndə olan özəlliklər isə onlarda yoxdur”2.
Bərra ibn Azib
Ənsarın böyüklərindən biri olan Bərra ibn Azib “Xəzrəc” tayfasından idi. O, on beş və ya on yeddi döyüşdə iştirak etmişdir. Peyğəmbərdən (s) sonra isə Əliyə (ə) beyət etdi. Onunla birgə “Cəməl” və “Siffeyn” döyüşlərində iştirak edib o həzrətə (ə) qarşı çıxanlarla mübarizə apardı. Sonunda isə Müsəb ibn Zübeyrin dövründə, Kufədə dünyasını dəyişdi3.
Dostları ilə paylaş: |