HƏQİQİ ŞİƏ KİMDİR?
Bəzən müşahidə olunur ki, bir çoxları bu və ya digər məsələdə iddialı çıxışlar edir, lakin əməl baxımından öz etiqadlarında möhkəm olmur, rəhbər prinsiplərə uymurlar. Gurultulu çıxışlarla hansı məzhəbə mənsub olduqlarını önə çəkir, lakin nəinki o məzhəb haqqında hər hansı bir bilikləri olmur, hətta onun prinsiplərini gündəlik həyatlarında tapdayırlar. Belələrini zahirdə iddia etdikləri konkret dinin və ya məzhəbin nümayəndəsi hesab etmək olmaz. Onlar, əslində həmin məzhəb üçün bir ləkədirlər. Adətən belə hallarda müxalif qüvvələr belə, bu kimi iddialara ciddi yanaşmır və onlarla hesablaşmırlar.
Şiələr və şiəlik haqqında da belə bir hal müşahidə olunur. Belə ki, bir çoxları Əli (ə) və Əhli-beyt (ə) şiəsi olmalarını iddia etsələr belə, bu iddia onların yalnız dillərində qalır və qəlblərinə yol tapmır. Onlar şiəliyin təməl prinsiplərinə sadiq deyillər. Elə buna görə də onları etiqadi baxımdan şiə adlandırmaq olmaz.
Etiqadi baxımdan həqiqi şiə nəinki ımamını öldürmür, əksinə, canını onun yolunda fəda edir. Necə ki, Aşura günü bir çoxları İmam Hüseynin (ə) qiyamından xəbər tutub son dərəcə fədakarlıq göstərərək özlərini İmama (ə) yetirdilər və canlarını aşiqcəsinə ixlas süzgəcindən keçirərək şəhid oldular.
Həmin sualı və ya iradı şübhə toxumunu səpənlərin özlərindən soruşmaq daha uyğun olardı. Bu gün İslam ölkələrində yaşayaraq müsəlmanlıq iddiası edənlərin hamısı həqiqətən müsəlmandırmı? Onlar bütünlüklə İslamın təməl prinsiplərinə sadiqdirlərmi? Əksinə, onlar nəinki İslama sadiq deyillər, hətta İslamın məhvinə gətirib çıxaracaq addımlar atır və beləcə beynəlxalq imperializmə xidmət edirlər. Sizcə müsəlman cəmiyyətlərində belələri azdırmı? Təbii ki, siz belələrini həqiqi müsəlman hesab etmirsiniz. Çünki onlar yalnız İslam adını mənimsəmişlər. Bir çox şiələr də bu qəbildəndir. Şiə adını mənimsəmiş, lakin etiqadi baxımdan onun önə çəkdiyi pirinsiplərə sadiq deyillər.
Şeyx Əli Ali-Yasin yazır: “İmam Hüseynin (ə) qatili şiələrdir”, - deyənlərin sözlərində aydın sezilən bir təzad var. Çünki İmam Hüseyn (ə) şiəsi deyildikdə onu sevənlər, ona arxa çıxanlar, tabe olanlar nəzərdə tutulur. Bu anlayışla döyüş, qətl anlayışlarını necə toplayırlar. İmamı (ə) öldürənə necə şiə demək olar? Əgər fərz etsək ki, İmamı (ə) öldürənlər şiələrdən olmuşlar, bu cinayəti törədərək şiəlikdən çıxmış hesab edilirlər.”1
Seyid Möhsün Əmin Amili buna cavab olaraq yazır: “İmam Hüseynin (ə) qatillərinin həqiqi şiələr olmasından Allaha pənah aparıram! Onu (ə) qətlə yetirənlərin bəzisi dinlə heç bir bağlılığı olmayan tamahkarlar idi. Bəziləri səviyyəcə ən adi insanlar, bəziləri isə hakim qüvvələrə tabe olan insanlar idilər. Belələrini dünya malı aldatmış və bu növ cinayətə sövq etmişdir. İmamın (ə) şiələrindən, onu (ə) sevənlərdən bir nəfər belə onun qətlində iştirak etməmişdir.
İmamın (ə) həqiqi şiələri bütünlüklə ona arxa çıxmiş köməyinə tələsmiş, sonuna qədər onunla çiyin-çiyinə döyüşərək şəhid olmuşlar. Onlar son nəfəsədək İmama (ə) arxa, kömək oldular. Bir çox şiələr İmamın (ə) qiyamından xəbərsiz idilər və ya işin bu yerə gəlib çatacağını güman etmirdilər. Ona görə də Kərbəlada deyildilər. Bəziləri də İbn Ziyadın Kufə ətrafına çəkdiyi qoşun hasarını böyük qəhrəmanlıq, şücaət göstərərək yarır və nəhayət özlərini İmam Hüseynə (ə) yetirirdilər. Lakin onun şiələrinin öz qətlində iştirak etməsi heç bir zaman baş verməmiş bir uydurmadır....”2
Dostları ilə paylaş: |