FELİ SİFƏTLƏR
Müqəddimə;
Xaliqiyyət;
Rübubiyyət;
Üluhiyyət.
MÜQƏDDİMƏ
Əvvəlki dərsdə qeyd olunduğu kimi feli sifətlər Allahın müqəddəs Zatının Onun məxluqları ilə müqayisə olunması zamanı nisbət, izafə və xüsusi rabitəni nəzərə almaqla intiza olunan məfhumlardan ibarətdir ki, yaradan və yaradılan izafənin iki tərəfini təşkil edir. Yəni, yaratmaq məfhumunun özü məxluqatın vücudunun Mütəal Allaha bağlılığını mülahizə etməklə əldə olunur. Əgər bu bağlılıq nəzərə alınmasa heç vaxt belə bir məfhum əldə oluna bilməz.
Allah ilə məxluqların arasında nəzərdə tutulan izafələr və rabitələrin həddi-hüdudu yoxdur, lakin bir baxımdan onları iki ümumi qismə bölmək olar: Birinci qism birbaşa Allah ilə məxluqatın arasında nəzərə alınan izafələrdir, o cümlədən icad etmək, xəlq etmək və s. Amma digər izafələr başqa rabitə və izafələri nəzərə aldıqdan sonra əldə olunur. Məsələn, ruzi vermək. Çünki əvvəlcə ruzi yeyəni, onun qidalandığı şey ilə birlikdə nəzərə aldıqdan sonra Allah tərəfindən onun təmin olunması diqqət mərkəzində saxlanmalıdır ki, “raziq” və “rəzzaq” kimi məfhumlar alınsın. Hətta mümkündür ki, bəzən Mütəal Allah üçün bir feli sifət intiza olunmazdan qabaq məxluqlar arasında bir neçə rabitə və izafə növü nəzərə alınsın, yaxud Allah ilə məxluq arasında əvvəlcədən olan bir neçə izafə nəzərə alındıqdan sonra onların Allah ilə olan rabitəsi nəzərə alınsın. Məsələn, məğfirət (bağışlamaq) Allah tərəfindən təklifi hökmlərin təyin edilməsi, Onun təşrii rübubiyyəti və bəndələrin bu hökmlər qarşısında itaətsizlik etməsi nəticəsində yaranır.
Bir sözlə, feli sifətləri əldə etmək üçün Mütəal Allahla məxluqlar arasında müqayisə aparılmalı, yaradan ilə yaranan arasında bir növ rabitə və izafə nəzərə alınmalıdır ki, izafənin iki tərəfi ilə vücuda gələn mütəzayif məfhum əldə olunsun. Buna görə də Allahın müqəddəs Zatı öz-özünə və bu nisbət və izafələri nəzərə almadan feli sifətlərin misdaqı (nümunəsi) olmayacaqdır. Zati və feli sifətlər arasında əsaslı fərq də məhz bundan ibarətdir.
Əlbəttə əvvəllər qeyd edildiyi kimi feli sifətlərin, onların mənşəyini nəzərə almaqla zati sifətlərə qaytarılması da mümkündür. Belə ki, əgər xaliq, yaxud xəllaq “yarada bilən şəxs” kimi nəzərdə tutlsa qədir sifətinə qayıdır, yaxud səmi və bəsir sifətləri əgər “eşidilənlərə və görünənlərə alim olmaq” mənasınadırsa əlim mənasına qayıdır.
Digər tərəfdən, zati sifətlərdən hesab oluna bilən məfhumlardan bəzilərinin izafi və feli mənada olması da mümkündür, bu surətdə feli sifətlərdən hesab olunacaqdır. Belə ki, elmin məfhumu Qurani-Kərimin çox yerlərində feli sifət formasında işlədilmişdir.1
Burada qeyd olunmalı mühüm məsələ bundan ibarətdir ki, Mütəal Allahla maddi varlıqlar arasındakı rabitə nəzərə alınan və bunun əsasında Allah üçün xüsusi feli sifətlər intiza olunan zaman qeyd olunan sifətin izafənin bir tərəfini təşkil edən maddi varlıqlara təəllüq tapmasına görə zaman və məkan qeydləri ilə şərtlənir. Halbuki, izafənin digər tərəfi olan Allaha təəllüq tapması baxımından bu cür qeyd və şərt hüdudlarından uzaqdır. Məsələn, ruzi yeyən bir varlığa ruzi verilməsi xüsusi zaman və məkan daxilində baş verir. Amma bu qeydlər həqiqətdə ruzi verənə deyil, ruzi yeyən varlıqla əlaqədardır, Allahın müqəddəs Zatı hər növ zaman və məkan qeydlərindən pakdır.
Bu mühüm məsələ Allahın fel və sifətlərini tanımaqla əlaqədar mühəqqiqlər arasında yaranan şiddətli ixtilafları və çoxlu çətinlikləri həll edə bilər.
XALİQİYYƏT
Vacibül-vücudun, mümkünül-vücudların yaranışı üçün ilkin illət ünvanı ilə isbat edilməsindən sonra onların hamısının öz varlığında Allaha ehtiyaclı olmalarını nəzərə almaqla Vacibül-vücud üçün “xaliqiyyət”, mümkünlər üçün “məxluqiyyət” sifəti intiza olunur. Bu vücudi rabitə əsasında əldə olunan xaliq məfhumu icad edən və varlıq bağışlayan illətlə bərabərdir. Ehtiyaclı və mümkün varlıqların hamısı onun izafəsinin bir tərəfində olaraq məxluqiyyət sifəti ilə vəsf edilir.
Lakin bəzən xəlq etmək kəlməsi daha məhdud mənada işlənərək yalnız əvəlki maddədən vücuda gələn və onun izafə tərəfi qərar tutulan varlıqlara aid edilir. Bunun müqabilində ibda məfhumu durur ki, ilkin maddədən yaranmayan (məsbuq olmayan) varlıqlarda işlənir (mücərrədlər və ilkin maddə). Beləliklə icad etmək xəlq və ibda olaraq iki yerə bölünür.
Allahın xəlq etməsi insanların əşyalardan istifadə edib ondan müxətlif şeylər hazırlaması mənasına deyildir ki, bədənin hərəkət edib işləməsinə ehtiyac duyulsun, hərəkət “fel”, ondan hasil olan varlıq isə “felin nəticəsi” kimi cilvələnsin və nəticədə yaratmaq yaradılmaqla fərqlənsin. Çünki Mütəal Allah cism və cismani varlıqların xüsusiyyətlərindən və hərəkətlərindən pak olmaqdan əlavə, əgər Allahın yaratmağı, yaradılanın zatına artıq olan eyni misdaqa malik olsaydı mümkünül-vücuddan və Allahın məxluqatından olan bir varlıq hesab olunacaqdı və onun yaradılması barəsində olan söz təkrar olardı. Deməli, feli sifətlərin tərifində deyildiyi kimi bu cür sifətlər Allah və məxluqların arasında nisbət və sifətlərdən əldə olunan məfhumlardır, yəni izafə və nisbətin qivamı əqlin mülahizəsinə bağlıdır.
RÜBUBİYYƏT
Allah ilə məxluqlar arasında mülahizə olunan əlaqələrdən biri də budur ki, məxluqlar təkcə vücudun əslində və yaradılışlarında Allaha ehtiyaclı deyillər, həm də onların vücudi işlərinin hamısı Mütəal Allaha bağlıdır, onların heç bir növ müstəqillikləri yoxdur, Allah onlarda istədiyi kimi təsərrüf edir və onların işlərini idarə edir.
Bu əlaqəni ümumi və külli tərzdə nəzərə alsaq ondan “rübubiyyət” məfhumu intiza olunur, bu da işlərin tədbir olunmasını tələb edir. Onun nümunələri kimi qoruyub saxlamaq, həyat vermək, öldürmək, ruzi vermək, inkişaf etdirib kamala çatdırmaq, yol göstərmək, əmr və nəhy etmək və s.-ni qeyd etmək olar.
Rübubiyyətin müxtəlif işlərini iki ümumi dəstəyə bölmək olar:
1-Təkvini rübubiyyət; bu, bütün varlıqların işlərinin idarə olunmasına, ehtiyaclarının təmin olunmasına və bir sözlə kainatın idarə olunmasına aid edilir.
2-Təşrii rübubiyyət. Bu, şüurlu və ixtiyar sahibi olan varlıqlara aid olub, peyğəmbərlər göndərmək, asimani kitablar nazil etmək, təklif və vəzifələri təyin etmək, hökm və qanunlar yaratmaq kimi işlərə şamildir.
Allahın mütləq rübubiyyətinin mənası budur ki, məxluqlar hər bir vücudi işdə Mütəal Allaha bağlıdır, bir-birinə olan bağlılıqları da axırda Ona bağlılıqla nəticələnir. Məxluqların bəzilərini digərlərinin vasitəsilə idarə edən, canlıları Özünün yaratdığı ruzi ilə qidalandırıb təmin edən məhz Odur. O, şüurlu varlıqları həm batini vasitələrlə (əql və s. kimi idrak qüvvələri), həm də xarici vasitələrlə (peyğəmbərlər və asimani kitablar) hidayət edir, mükəlləflər üçün hökmlər və qanunlar yaradır, vəzifələr və təkliflər müəyyən edir.
Xaliqiyyət kimi, rübubiyyət də izafi bir məfhumdur. Fərqləri bundan ibarətdir ki, onun (rübubiyyətin) müxtəlif hallarında məxluqatın özləri arasında da xüsusi bir izafə nəzərə alınır. (Belə ki, bu, rəzzaqiyyət barəsində deyildi.)
Xaliqiyyət və rübubiyyətin məfhumlarına və onların izafi olmasına diqqət yetirməklə aydın olur ki, bu ikisinin arasında təlazüm vardır və aləmin Rəbbinin onun Xaliqindən başqası olması qeyri-mümkündür, yəni məxluqları xas səciyyələrlə bir-birinə bağlılı yaradan kəs elə onları qoruyub və idarə edir. Həqiqətdə rübubiyyət və tədbirin mənası məxluqatın yaradılışı və onların arasında bağlılığın necəliyindən intiza olunur.
ÜLUHİYYƏT
“İlah” və “üluhiyyət”in məfhumları barəsində nəzər sahibləri və mütəxəssislər arasında çoxlu bəhslər baş vermişdir ki, təfsir kitablarında qeydə alınmışdır. Bizim nəzərimizə görə, onun ən yaxşı mənası budur ki, “ilah” pərəstiş edilmə, yaxud ibadət və itaətə layiq olma mənasınadır. Belə ki, onunla eyni formada olan “kitab”ın mənası “yazmaq və yazmağa layiq olan bir şey”dir.
Bu mənaya uyğun olaraq üluhiyyət elə bir sifətdir ki, onu intiza etmək üçün bəndələrin itaət və ibadətini də nəzərə almaq lazımdır. Baxmayaraq ki, yolunu azanlar batil və puç məbudları özlərinə ilah seçmişlər, amma itaət və ibadət olunmağa ləyaqəti olan Kəs məhz onların Xaliqi və Rəbbidir. Bu da hər bir şəxsin Mütəal Allah barəsində malik olduğu etiqadın meyarıdır. Yəni Allah-taalanı Vacibül-vücud, dünyanın ixtiyar sahibi, idarə edəni və yaradanı hesab etməkdən əlavə Onu ibadət və itaət olunmağa layiqli də bilməlidir. Buna görə də bu məfhum İslamın şüarı olan “la ilahə illəllah”da əxz edilmişdir.
SUALLAR
1-Zati və feli sifətlərin qarşılıqlı əlaqəsini və onların bir-birinə necə qayıtmasını bəyan edin.
2-Hansı əsasa görə feli sifətlər zaman və məkan qeydləri ilə yanaşı olur?
3-Xaliqiyyətin məfhumunu şərh edin və onun icad və ibda ilə olan fərqini deyin.
4-Nə üçün “yaratmaq” üçün məxluqatın zatlarından ayrı olan eyni nümunələr nəzərə almaq olmaz?
5-Rübubiyyətin məfhumunu bəyan edin.
6-Rübubiyyətin qismlərini sadalayın.
7-Xaliqiyyət və rübubiyyətin arasındakı təlazümü bəyan edin.
8-Üluhiyyətin məfhumunu və onun xaliqiyyət və rübubiyyətlə olan təlazümünü bəyan edin.
Dostları ilə paylaş: |