ON SƏKKİZİNCİ DƏRS NÜBÜVVƏT MƏSƏLƏSİNƏ MÜQƏDDİMƏ
Müqəddimə;
Bu bölmənin bəhslərində hədəf;
Kəlam elmində təhqiqin tarixi.
MÜQƏDDİMƏ
Öyrəndik ki, hər bir şəxsin əqlə uyğun olan insani bir həyatdan bəhrələnməsi üçün həll etməli olduğu əsas məsələlər aşağıdakılardan ibarətdir:
1-Dünyanın və insanın varlığı kimin tərəfindəndir? Onların idarə olunması kimin öhdəsinədir?
2-İnsanın həyatının sonu və yekun məqsədi hara doğrudur?
3-Hər bir insanın düzgün həyat yolunu tanıması və onu ötməklə həqiqi səadətə və istənilən kamala çatması üçün bu yolu tanımağa olan ehtiyacına nəzər yetirməklə bu mərifəti əldə etmək üçün zəmanət verilmiş hansı bir vasitə vardır? Və bu kimin və kimlərin ixtiyarındadır?
Bu sualların cavabı bütün asimani dinlərin əsas əqidələri hesab olunan üçlük əqidə prinsipidir (tövhid, məad və nübüvvət).
Kitabın birinci bölməsində Allaha mərifət məsələlərini araşdırdıq, belə nəticə alındı ki, bütün yaradılanlar öz varlığını yeganə Allahdan əldə edirlər və hamılıqla Onun hikmətli tədbiri altındadır, onların heç biri, heç bir işdə, heç bir zaman və məkanda Ondan ehtiyacsız deyillər.
Biz bu mətləbləri əqli bürhanlarla isbat edərkən1 qeyd etdik ki, bu kimi məsələləri yalnız əql yolu ilə isbat etmək olar. Çünki Allahın kəlamına istinad edərək təəbbüdi yolla olan istidlal o zaman düzgün ola bilər ki, Allahın varlığı, Onun sözü və o sözün etibarı əvvəlcədən əqli dəlillərlə sübut olunmuş olsun. Belə ki, peyğəmbərin və imamın sözünə istinad edilməsi də onların nübüvvət və imamətinin isbat olunmasına və sözlərinin höccət olmasının sübuta yetməsinə bağlıdır. Deməli, nübüvvətin özünü də vəhy yolu ilə isbat etmək lazımdır. Məadın özü isə həm əqli, həm də nəqli dəlillərlə isbat oluna bilər.
Buna əsasən nübüvvət və məad məsələlərini bəyan etmək üçün ilk növbədə bu iki əsli əqli dəlillə isbat etmək lazımdır. Peyğəmbəri-Əkrəm (s)-in nübüvvəti və Qurani-Kərimin haqq olması sübuta yetdikdən sonra hər iki bölmənin məsələlərinin təfsilatı kitab və sünnət əsasında bəyan edilməlidir. Amma bu iki bölmənin məsələlərinin bir-birindən ayrılması təlim üçün daha münasib və ürəyəyatan olduğundan biz də klassik metoda uyğun olaraq əvvəlcə nübüvvət məsələlərini bəyan edir, sonra da məad məsələlərini araşdırırıq. Bəzi hallarda, sonralar isbat olunası müəyyən mətləblərə ehtiyac duyulduqda istidlalda ehtiyac duyulan o mətləbi əsl mövzu ünvanı ilə qəbul edirik ki, öz yerində isbat olunsun.
BU BÖLMƏNİN BƏHSİNDƏ HƏDƏF
Bu bölmədəki bəhsin ilk hədəfi varlığın həqiqətlərini və həyatın düzgün yolunu tanımaqda hiss və əqldən başqa, xəta və səhvin yol verilmədiyi bir yolun da mövcud olduğunu isbat etməkdir: o da ilahi təlimdən ibarət olan vəhydir ki, Allahın seçilmiş bəndələrindən bəzilərinə məxsusdur. Ümumcamaat o həqiqətdən agah deyildir, çünki onun nümunələrini özlərində görmürlər, amma müəyyən əsər və əlamətlərdən onun varlığını dərk edə, peyğəmbərlərin (ə) ilahi vəhyi almaqla əlaqədar olan iddialarını təsdiq edə bilərlər. Təbiidir ki, vəhyin nazil olması bir şəxsə sübut olunsa və onun xəbəri başqalarına çatsa onlar da bunu qəbul edib onun əsasında əməl etməyə vəzifəlidir, heç kəs onunla müxalifət etməkdə üzürlü sayılmaz. Yalnız xüsusi şəxsə, yaxud qrupa aid olan, yaxud müəyyən bir zamanla əlaqədar olan müəyyən xəbərlər istisna olunur.
Buna əsasən bu bölmənin əsas məsələləri aşağıdakılardan ibarətdir:
Peyğəmbərlərin göndərilməsinin zərurəti, vəhyin, camaata çatdığı vaxta qədər qəsdən, yaxud səhvən olan hər növ təsərrüfdən amanda olması, başqa sözlə desək, peyğəmbərlərin ilahi kəlamı alıb camaata çatdırmaqda ismətli, günahsız olmaları, eləcə də onların nübüvvətinin başqalarına isbat olunması üçün bir yolun mövcud olmasının zəruriliyi.
Vəhy və nübüvvətin əsas məsələləri əqli dəlil vasitəsilə bəyan olunduqdan sonra peyğəmbərlərin, asimani kitabların və şəriətlərin sayı, axırıncı peyğəmbərin təyin olunması, axırıncı asimani kitabın göndərilməsi, eləcə də axırıncı peyğəmbərin canişinlərinin təyin olunması kimi sair məsələlər araşdırılmalıdır.
Bu məsələlərin hamısının əqli bürhan vasitəsilə isbat olunması müyəssər deyildir, çox hallarda nəqli dəlillərdən bəhrələnmək lazımdır.
KƏLAM ELMİNDƏ TƏHQİQİN METODU
Qeyd olunanları nəzərə almaqla fəlsəfə ilə kəlam elmi arasındakı əsas fərqlər aydın olur. Çünki fəlsəfə yalnız əqli dəlillər vasitəsilə isbat olunan məsələlərə, kəlam elmi isə nəqli və təəbbüdi dəlillərdən başqa bir şeylə isbat oluna bilməyən məsələlərə şamildir. Başqa sözlə desək: Fəlsəfə məsələləri ilə kəlam elmi məsələləri arasında ümum-xüsus min vəch münasibəti vardır. Yəni kəlam və fəlsəfə müştərək məsələlərə malik olmaqla yanaşı təəqqülü üslubla isbat olunurlar, onların hər biri də bu məsələlərdə özünəməxsus məsələlərə malikdir. Lakin fəlsəfənin təəqqülü üslubla bəyan olunan xüsusi məsələləri vardır, amma kəlam elminin xüsusi məsələlərində belə deyildir; onlar nəqli üslublarla isbat olunur. Başqa sözlə desək, kəlam elmində təhqiqat metodu iki yönlüdür, onda həm təəqqülü, həm də təəbbüdü yoldan istifadə olunur.
Bir sözlə, fəlsəfə ilə kəlam arasında iki əsas fərq vardır:
1-Onlardan hər biri öz aralarında müştərək məsələlərə malik olmaqla yanaşı (Allahı tanımaq məsələsində olduğu kimi) digərində araşdırılmayan xüsusi məsələyə də malikdir.
2-Bütün fəlsəfi məsələlərdə təhqiq metodu təəqqülü metoddur, amma kəlam elmində bəzi məsələlərdə (kəlam və fəlsəfə arasında müştərək məsələlər kimi) təəqqülü metoddan istifadə olunur, bəzi məsələlərdə isə (imamət məsələsi kimi) nəqli yollardan bəhrə aparılır, bəzilərində isə hər iki yoldan istifadə olunur (məad məsələsində olduğu kimi).
Qeyd olunmalıdır ki, kəlam elminin nəqli yolla isbat olunan xüsusi məsələlərinin hamısı eyni səviyyədə deyildir; mətləblərin bir qrupu, o cümlədən Peyğəmbəri-Əkrəmin (s) söz və əməlinin (yəni sünnətin) höccət olması birbaşa Quran ayələrinin vasitəsilə (əqli dəlil vasitəsilə Quranın haqq olması sübuta yetdikdən sonra) isbat olunur, sonra o həzrətin canişininin təyin olunması və məsum imamların sözlərinin höccət olması kimi digər məsələlər bəyan olunur.
Aydındır ki, nəqli dəlillərdən əldə olunan nəticə o vaxt yəqin gətirən olacaqdır ki, onların sənədi qəti dəlaləti aşkar olsun.
SUALLAR
1-Nə üçün Allahşünaslıq barəsində olan məsələlər yalnız əqli dəlillərlə isbat olunur?
2-Nübüvvət bölməsinin əsas məsələlərin hansılardır?
3-Məad və nübüvvətin əsas məsələlərini nəqli dəlillərlə isbat etmək olarmı? Bu iki qrupdan olan məsələlər arasında fərq varmı?
4-Kəlam elminin məsələlərindən hansılarını nəqli dəlillərlə isbat etmək olar?
5-Nübüvvət bölməsinin məaddan qabağa salmınmasının səbəbi nədir? Bu iki bölmənin məsələlərinin tənzim olunmasında digər məntiqi ardıcıllıq varmı?
6-Fəlsəfə və kəlam arasında hansı fərqlər vardır?
7-Kəlam elminin məsələlərini, isbat etmək baxımından neçə qismə bölmək olar? Bu qismlərin tərtibini bəyan edin.
Dostları ilə paylaş: |