Balalar-Az.Com
Mirzə Aləkbər Sabir. Hophopnamədən: Satiralar.
İzah və şərqlər
1908
(Daş qəlbli insanları neylərdin, ilahi?!)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (6 yanvar 1908, № 1) imzasız çap olunmuşdur.
Sual-cavab
Cavan-qoca
(“-Şəhri-məlumunuzun vəzü qərarı necədir?”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (13 yanvar 1908, № 2) imzasız çap olunmuşdur.
Səbir
(“Ta gəlirik biz də bir az anlayaq”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (20 yanvar 1908, № 3) imzasız çap olunmuşdur.
Fisincan
(“Sanma əzdikcə fələk bizləri viranlıq olur”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (27 yanvar 1908, № 4) imzasız çap olunmuşdur.
(Aldanmaram ki, doğrudur ayinin, ey əmu!)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (3 fevral 1908, № 5) imzasız çap olunmuşdur.
Bizə nə?!
(“Gər bu il xəlqi təbah etdi giranlıq, bizə nə?!”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (24 fevral 1908, № 8) imzasız çap olunmuşdur.
Barakallah
(“Sən beləsənmiş, balam, ay barakallah sənə!..”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (16 mart 1908, № 11) imzasız çap olunmuşdur.
Olmur, olmasın!
(“Ata: Kuçədə tullan, ey oğul, sənətin olmur, olmasın!”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (23 mart 1908, № 12) imzasız çap olunmuşdur.
(Madam ki, hamiyani-zülmət)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (30 mart 1908, № 13) imzasız çap olunmuşdur.
Jurnalda şerdən əvvəl belə bir qeyd vardır: “Molla Nəsrəddin”in 10-cu nömrəsində Qızdırmalı imzalı yazılan əşara cavab”.
Bu satira “Qızdırmalı” imzası ilə yazan M. H. Zeynalovun 1908-ci ildə “Molla Nəsrəddin” jurnalının 9 mart tarixli 10-cu nömrəsində dərc edilmiş bir şerinə cavabdır. Həmin şerin ilk bəndi budur:
“Vəqta ki, əsər nəsimi-zülmət,
Təsir bağışlayar cəhalət,
Dünyadən ədəm bulur bu millət,
Hərçənd bacarmanam nübüvvət;
Amma belə göstərir zəmanə:
Bixar qalır güli-fərasət.
Ey seyrə çıxan o gülsitanə,
Onda oxu bir duayi-rəhmət,
İndi məni kafiranə yad et!”
Məsləhət
(“Ağrın alım, ay Məşəd Sijimqulu”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (6 aprel 1908, № 14) imzasız çap olunmuşdur.
Bu satira Əli Nəzminin 1908-ci ildə “Molla Nəsrəddin” jurnalının 23 mart tarixli 12-ci nömrəsindəki “Məsləhət” adlı şerinə cavabdır.
Əli Nəzminin şeri belə başlanır:
“Molla, sənə eyləyirəm məsləhət:
Söylə görüm, evlənim, evlənməyim?
Atmışı sinnim eləyibdir güzəşt,
Bir qız alıb, evlənim, evlənməyim?...”
*Məşədi Sijimqulu – Şair Əli Nəzminin ən çox “Molla Nəsrəddin” jurnalında işlətdiyi gizli imzalarından biridir.
Şirvan
(“Şerimi, Molla dayı, zənbilə salsan, mənə nə?!”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (13 aprel 1908, № 15) imzasız çap olunmuşdur.
(Bir cibimdə əskinasım, bir cibimdə ağ mənat)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (13 aprel 1908, № 15) imzasız çap olunmuşdur.
Jurnalda şerdən əvvəl belə bir qeyd vardır: “Doktor Abdulla Cövdət bəyi təqlid (“İctihad”, nömrə 4)”.
Bu satira Abdulla Cövdət bəyin 1908-ci ildə “İctihad” jurnalının 5 aprel tarixli 4-cü nömrəsində çap olunmuş “Bir şairi-qəribin zindan yadigarı” adlı şerinə (həmin şer sonralar “Günəş” qəzetində də (9 sentyabr 1910, № 15) çap edilmişdir) nəzirədir.
Şer belə başlanır:
“Bir yanımda yari-məhzun, bir yanımda kainat,
olmaz olsun boylə suzişli, fəlakətli həyat!
Pişgahi-çeşmi-canimdə vətən eylər vəfat
Olmaz olsun boylə suzişli, fəlakətli həyat!..”
Ay haray!
(“Ay haray, bir neçə şair, neçə şair kimilər”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (21 aprel 1908, № 16) imzasız çap olunmuşdur.
Doğru
(“Doğru deyən olsaydı yalançı usanardı”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (21 aprel 1908, № 16) imzasız çap olunmuşdur.
Dilbər
(“Ey dilbəranə tərzdə cövlan edən çocuq!”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (28 aprel 1908, № 17) “Hop-hop” imzası ilə çap olunmuşdur.
Bu satira Məhəmməd Hadinin 1908-ci ildə “Tazə həyat” qəzetinin 10 və 11 mart tarixli 32 və 33-cü nömrələrində çap olunmuş “Rəhgüzari-mətbuatdə bir şüfufeyi-məarif” adlı şerinə nəzirədir. Şerin ilk bəndi belədir:
“Ey iktibasi-elmə xitaban olan cocuq!
Ey talibi-şükufeyi-irfan olan cocuq!
Bir tərzi dilrubalə xuraman olan cocuq!
Ağuşi-məktəbi-ədəbə can atan cocuq!
Ey kainati-izzətə sultan olan cocuq!
Ey cənnəti-səadətə rizvan olan cocuq!..”
Bəxtəvər
(“Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş!”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (12 may 1908, № 19) “Hop-hop” imzası ilə çap olunmuşdur.
Üç arvad
(“Ax, bu uşaqlar necə bədzatdılar”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (26 may 1908, № 21) “Hop-hop” imzası ilə çap olunmuşdur.
Səbr elə
(“Etsə də aləm hamısı zəlzələ”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (14 iyul 1908, № 28) “Boynuburuq” imzası ilə çap olunmuşdur.
(Ay nənə, bir qırmızı saqqal kişi!)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (21 iyul 1908, № 29) “Qardaşoğlu” imzası ilə çap olunmuşdur.
Şikayət
(“A kişi, bundan əzəl xəlqdə hörmət var idi”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (28 iyul 1908, № 30) “Boynuburuq” imzası ilə çap olunmuşdur.
Gavur qızı
(“Bilməm nə çarə eyləyim, ay Molla Nəsrəddin!”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (28 iyul 1908, № 30) “Qoca əmu” imzası ilə çap olunmuşdur.
(Osmanlılar, aldanmayın, allahı sevərsiz!)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (4 avqust 1908, № 31) “Qoca iranlı” imzası ilə çap olunmuşdur.
*Mirzə Əli Əkbər – Yarım əsrə yaxın mürtəce fəaliyyət göstərən Ərdəbil axundu idi.
*Mir Haşım – Mürtəce Təbriz ruhanisi, məşrutəçilərin qəddar düşmənlərindən biri idi.
*Şeyx Fəzlüllah – İranda məşrutə hərəkatının əleyhinə mübarizə aparan qaraküruhçu müctəhidlərin biri idi.
(Mən şahi-qəvişövkətəm, İran özümündür!)
İran şahı Məhəmmədəlinin dilindən yazılan bu satira ilk dəfə ilk dəfə “Molla Nəsrəddin” jurnalında (11 avqust 1908, № 32) “İran qurdu” imzası ilə çap olunmuşdur.
*Müzəffərəddin şah nəzərdə tutulur.
*Məhəmmədəli mirzə (1872-1925) – 1907-1909-cu illərdə İran şahı olmuşdur. Müzəffərəddin şahın böyük oğlu və varisi idi. Iri torpaq sahiblərinin – feodalların mənafeyini müdafiə edərək, inqilab əleyhinə amansız mübarizə aparmışdır. 1908-ci ilin iyun ayında milli məclisi qovmuşdur. Sabir öz satiralarında Məhəmmədəli şahın adını qəsdən təhrif edərək “Məndəli”, “Məmdəli”, “Mədəli” şəklində işlətmişdir.
Qoyma, gəldi!
(“Xandostu, amandı, qoyma, gəldi!”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (18 avqust 1908, № 33) “Yetim qızcıq” imzası “Bakılılara” adı ilə çap olunmuşdur.
Uşaqdır
(“Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım!”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (25 avqust 1908, № 34) “Tükəzban cici” imzası ilə çap olunmuşdur.
İstiqbalımız lağlağdır
(“İnanmam, söyləmə artıq ki, feyzabad olur aləm”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (25 avqust 1908, № 34) “Qoca əmi” imzası ilə çap olunmuşdur.
Bu satira Məhəmməd Hadinin 1908-ci ildə “Tazə həyat” qəzetinin 4 və 7 avqust tarixli 178 və 181-ci nömrələrində çap edilən “İstiqbalımız parlaqdır” şerinə cavabdır.
M. Hadimin şerinin ilk bəndi belədir:
“Açar firdovsi-hürriyyət, füyüzabad olur aləm,
Gülər sübhi-həqiqət, mədələtmötad olur aləm,
Şüaati-müsavatilə səhni-dad olur aləm,
Kəməndi-eşqi-insaniyyətə münqad olur aləm,
Sürurabadi-hürriyyət gəlir, dilşad olur aləm,
Şu istibdad əlindən qurtarır, azad olur aləm!..”
Cavan
(“Eyvanımız ucadır”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (25 avqust 1908, № 34) “Boynuburuq” imzası ilə çap olunmuşdur.
Ax!..
(“Ax!.. Necə kef çəkməli əyyam idi”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (8 sentyabr 1908, № 36) “Molla Cibişdanqulu” imzası ilə çap olunmuşdur.
(Açıldıqca sənin sübhün, mənim də hörmətim artır)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (15 sentyabr 1908, № 37) “Bir alim” imzası ilə çap olunmuşdur.
Nəsihət
(“Ey xacə, çalış surəti-zahirdə qəşəng ol!”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (22 sentyabr 1908, № 38) “Boynuburuq” imzası ilə çap olunmuşdur.
(Mahi-rəməzandır, yenə meydan da bizimdir!)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (29 sentyabr 1908, № 39) “Qarınqulu” imzası ilə çap olunmuşdur.
Bu boyda!..
(“Nədir olur bu cocuqlar əyan bu boyda, bu boyda?”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (6 oktyabr 1908, № 40) “Dindar” imzası ilə çap olunmuşdur.
(Qabla dəxi marfaşını, Mir Haşım!)
Səttarxan başda olmaqla İran mücahidlərinin təzyiqi nəticəsində mürtəce ruhani Mir Haşımın Təbrizdən qaçması münasibəti ilə yazılmışdır. İlk dəfə “Molla Nəsrəddin” jurnalında (20 oktyabr 1908, № 42) “Məsləhəççi” imzası ilə çap olunmuşdur.
*Mir Haşım – Təbrizin qaragüruhçu ruhanilərindən biri idi. Inqilabçı Təbrizə qarşı yürüş edən Hacı Səməd xan Eynüddövlə ilə əlbir olub, mücahidlərə qarşı mübarizəyə başlamışdı. Əncümən məclisi əleyhinə bir “İslamiyyə otağı” təşkil etmişdi. Eynüddövlənin məğlubiyyətindən sonra o da Təbrizdən qaçmışdı.
*Jurnalda bu misra haqqında belə bir qeyd verilmişdir: “Səttarxandan ibarətdir”.
*Jurnalda bu mirsra haqqında belə bir qeyd verilmişdir: “Əhli-Təbrizdən kinayədir”.
*Bu bənd dini bir əfsanəyə işarədir. Həmin əfsanəyə görə, guya Məhəmməd peyğəmbərin babası Əbdülmütəlib Məkkənin rəisi olduğu vaxt onunla Əbrəhə adlı bir sərkərdə arasında müharibə baş verir. Əbrəhə “allah evi” sayılan Məkkənin üzərinə hücum etdikdə guya allah tərəfindən əbabil adlanan əfsanəvi dağ qaranquşları göndərilir. Həmin qaranquşlar dimdiklərində cəhənnəmdən gətirdikləri siccil daşlarını Əbrəhənin qoşunu üzərinə yağdırır. Sərkərdə öz qoşunu və filləri ilə birlikdə məhv olur.
*Böyük xalq qəhrəmanı, İran Azərbaycanında demokratik hərəkatın görkəmli xadimi Səttarxan nəzərdə tutulur.
Mənimtək
(“Səd şükr ki, yox indi bu saətdə mənimtək”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (10 noyabr 1908, № 45) “Əlhac” imzası ilə çap olunmuşdur.
Kişi
(“Durma, yıxıl yat hələ, Fahrat kişi!”)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (14 dekabr 1908, № 50) “Əbunəsr Şeybani” imzası ilə çap olunmuşdur.
(Zahida, gəl soyunaq bir kərə paltarımızı)
İlk dəfə “Molla Nəsrəddin” jurnalında (28 dekabr 1908, № 52) “Molla Nəsrəddin” imzası ilə çap olunmuşdur.
Jurnalda şerdən əvvəl C. Məmmədquluzadənin “Həqiqət” adlı felyetonu çap edilmişdir.
Balalar-Az.Com
Dostları ilə paylaş: |