Müalicəsi. Piroplazmidozda olduğu kimidir.
Anaplazmoz
Törədicisi –Anaplazma marginale. Qan yaxması Romanovski üsulu ilə boyandıqda eritrositin içərisində anaplazmozlar qara və ya tünd-qırmızı rəngdə, nöqtəvari formada görünürlər. Onlar adətən eritrositin kənarında yerləşirlər. Bir eritrositdə 4-5 parazit olur. Anaplazmozlara leykosit və trombositlərdə də təsadüf edilir. Anaplazmozların sitoplazma və nüvəsi bir-birindən ayrılıqda görünmür. Anaplazma, yəni plazmasız adı da elə buradan götürülüb. Elektron mikroskopun köməyi ilə onların mürəkkəb quruluşu olub, tərkibində 2-4 mikrokoloniya və xüsusi cisimciklərin yerləşdiyi müəyyən-dir. Son zamanlar anaplazmozları riketsiyayabənzər orqanizmlər qrupuna aid edirlər.
İnkişafı. Anaplazmozlar onurğalı heyvanların qanında, ötürücü gənələrin isə bədənində parazitlik edir. Sadə bölünmə və tumurcuqlanma yolu ilə artıb çoxalır. İri filtrlərdən keçir və aşağı temperatura davamlıdır. Anaplazma mənfi 760C-də 8 il diri qalır.
Yayılması. Bu xəstəlik Abşeron, Quba, Xaçmaz, Şəki, Zaqatala, Gəncə, Qazax, Masallı-Lənkəran, Şirvan, Qarabağ, Muğan-Salyan zonalarında və Naxçıvan MR-nın təsərrüfatlarında yayılmışdır. Azərbaycanda anaplazmozlara qaramal, qoyun, keçi, zebu və camışlar yoluxurlar. Qaramal, qoyun, keçi xəstəliyi ağır, zebular yüngül, camışlar isə qızlı keçirirlər. Altı aylığa qədər buzovlar ağır, 6 aydan-3 yaşa qədər cavan heyvanlar isə yüngül keçirirlər. Parazit daşıyıcılıq heyvanlarda bütün ömrü boyu davam edir. Heyvanların yoluxmasında qansoran həşəratların da müəyyən rolu vardır.
Əlamətləri. İnkubasiya dövrü qaramalda 15-25, qoyunlarda isə 3-40 gün davam edir. İti və xroniki gedişli olur, cavanlar xəstəliyi simptomsuz keçirir. Anaplazmoz qızdırma, anemiya, bağırsaqların atoniyası və arıqlama ilə müşayiət olunan qan-parazitar xəstəliklərindəndir.
Xəstəliyin iti gedişində temperatur 40-410C-yə qədər yüksəlir, əvvəlcə anemiyaŞ sonra sarılıq müşahidə olunur. Tənəffüs və nəbz tezləşir, bəzən limfa düyünləri böyüyür. Qəbizlik baş verir. Heyvanlar 5-10 gün müddətində sağalmadıqda dalaq, qaraciyər və ürək şişib böyüyür, döş altında sulu şiş əmələ gəlir. Boğaz inəklər bala salır, buğalar dölsüzləşir (törədicilik qabiliyyətini itirir). Qanda eritrositlərin sayı 850-420 minə qədər azalır. Anaplazmozda 40% ölüm baş verir. Dalaq böyüyür, iti proses zamanı yumşalır, xroniki halda isə əksinə rezin kimi bərk olur.
Diaqnoz mikroskopik müayinəyə əsasən qoyulur. KBR, splektomiya (dalağın çıxarılması), bioloji sınaq üsullarından istifadə olunur. Müalicədə tetrasiklin qrupundan olan antibiotiklərin müsbət nəticə verməsi xəstəliyin anaplazmoz olduğunu göstərir. Çünki həmin preparatlar başqa qan-parazitar xəstəliklərin müalicəsində səmərə vermir. Anaplazmozu leptospirozla qarışdırmaq olmaz. Leptospirozda dalaq böyümür. Sidikdə qan izləri olmayanda xəstəliyi teyleriozla qarışdırırlar. Yadda saxlamaq lazımdır ki, teyleriyalar nar dənələrinə oxşadığına görə başqalarından seçilirlər.
Müalicəsi. Anaplazmozun kompleks üsulla müalicə edilməsi daha yaxşı nəticə verii. Bu məqsədlə xəstə heyvanlara gündə 2 dəfə hər 100 kq çəkiyə 4 qr delagil daxilə verilir. Əzələ daxilinə 1%-li novokain, tetrasiklin və B12 vitamini yeridilir. Xəstənin yem rasionuna xlorlu kobalt, mis-sulfat, xlorlu sink əlavə edilir. Müalicə 3 gün davam etdirilir, 4-cü gün dayandırılır. Heyvanların halı yaxşılaşmadıqda müalicə kursu təkrar edilir. Antibiotiklər olmadıqda- spirt-rivanoldan istifadə edilir. Ürək-damar sisteminin fəaliyyətini qaydaya salmaq üçün kofein, kamfora, digitalis, qəbizliyə qarşı- işlətmə duz, bitki yağı, salol tətbiq edilir.
Dostları ilə paylaş: |