Qoyunlarda monieziozun müəyyən edilməsi (dəriiçi). Monieziyadan hazırlanmış antigen 0,1 ml şprisə çəkilərək quyruqaltı nahiyədə dəri içinə və ya üst göz qapağına yeridilir. 5-15 dəqiqədən sonra həmin nahiyədə ağrılı şiş əmələ gəlir (müsbət reaksiya).
Donuzlarda askaridozun müəyyən edilməsi (dəriiçi). Donuz askaridlərindən hazırlanmış antigen 1-5 aylıq çoşqaların qulaq nahiyəsində dəri içinə yeridilir. Antigen yeridildikdən 5 dəqiqə sonra yoluxmuş çoşqaların qulağında diametri 2-20 mm olan tünd qırmızı dairə əmələ gəlir. Şübhəli reaksiya zamanı dairə ancaq cəhrayı rəngdə olur və 20-25 dəqiqədən sonra itir. Antigen yeridilən yerdə ağ düyünün əmələ gəlməsi heyvanların sağlamlığını göstərir.