II. İLKİN HƏRBİ UÇOTA GÖTÜRÜLƏRKƏN VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRILARKƏN VƏTƏNDAŞLARIN ŞƏHADƏTLƏNDİRİLMƏSİ
2.1. İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir.[7]
Zabit hərbi rütbəsi verilməklə ehtiyata götürülmüş vətəndaşlar hərbi xidmətə çağırılarkən, şəhadətləndirilmənin təşkili rayon, şəhər (rayon bölgüsü olmayan) hərbi komissarına həvalə olunur.
2.2. İlkin hərbi qeydiyyata alınarkən şəhadətləndirilməyə qədər vətəndaşlara hər il tibbi baxışlar, müayinələr (müşahidələr), habelə müalicə-sağlamlıq tədbirləri keçirilir və profilaktik peyvəndlər edilir.
2.3. Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunur. Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi, qeydiyyat və hesabat aparılması, bu iş üzərində nəzarətin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. [8]
2.4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər. [9]
2.5. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloqdermato-veneroloq, psixoloq və zərurət olduqda, bu bəndin ikinci abzasında müəyyən edilmiş qaydada digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər. [10]
Dövlət səhiyyə sistemi müəssisələrinin rəhbərləri ilə razılaşdırılmış həkim-mütəxəssislərin və orta tibb işçilərinin fərdi tərkibini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırmaqla təsdiq edir . [11]
2.6. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər:
A — hərbi xidmətə yararlıdır;
B — sıradankənar hərbi xidmətə yararlıdır;
C — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır;
Ç — hərbi xidmətə müvəqqəti yararsızdır;
D — həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. [12]
Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün «Xəstəliklər cədvəli»nə və ƏTC-yə müvafiq olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir.
Həkim-mütəxəssisin rəyinin rəsmiləşdirilməsi qaydası Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir.
2.7. İlkin hərbi qeydiyyata alınma üzrə komissiya sədrinin qərarı ilə ilkin hərbi qeydiyyata alınarkən, vətəndaşların hərbi-uçot ixtisasları üzrə hazırlanmasını həyata keçirən ictimai təşkilatlarda təhsil almağa, habelə onların nəqliyyat vasitələrini idarə etməyə yararlılığı müəyyən edilir.[13]
2.8. İlkin hərbi qeydiyyata alma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının və Mərkəzi Çağırış Komissiyasının qərarı ilə, vətəndaş diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə məqsədi ilə dövlət səhiyyə müəssisələrinə ambulator və ya stasionar müayinəyə və müalicəyə göndərilir. [14]
Vətəndaşın tibbi müayinəsi (müalicəsi) başa çatdıqdan sonra, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş formada onun sağlamlıq vəziyyətinin müayinə aktı tərtib olunur.
2.9. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər.[15]
Vətəndaşın tibbi müayinəsini (müalicəsini) vətəndaşların ilkin hərbi qeydiyyata alınması üzrə komissiyanın və ya çağırış komissiyasının hərbi xidmətə cari çağırış üzrə işi qurtarana qədər başa çatdırmaq mümkün olduqda, onun hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərar çıxarılmır. Bu halda, həkim-mütəxəssis təkrar şəhadətləndirilməyə gəlmə vaxtını göstərməklə, vətəndaşın tibbi müayinəsinin (müalicəsinin) zəruriliyi haqqında rəy verir.
2.10. Yerli səhiyyə orqanlarının, dövlət səhiyyə sistemi müəssisələrinin rəhbərləri və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəhbərləri vətəndaşların vaxtında müayinə (müalicə) olunmasını təmin edirlər. [16]
İlkin hərbi qeydiyyata alınarkən və ya hərbi xidmətə çağırılarkən hərbi xidmətə müvəqqəti yararsız sayılmış vətəndaş tibbi müayinədən (müalicədən) imtina etdikdə və ya yayındıqda, 3 aydan sonra təkrar şəhadətləndirilməlidir. Əgər təkrar şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətinin pisləşməsi əlamətləri aşkar edilməzsə, yaxud onun hərbi xidmətə çağırılmasına mane ola biləcək xəsarətin və ya xəstəliyin aşkar əlamətləri olmazsa, o, hərbi xidmətə yararlı, yaxud müvafiq təyinat göstəricisi ilə hərbi xidmətə yararlı hesab edilir.
2.11. Sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırılmalı olmayan vətəndaşların hərbi xidmətə çağırılması hallarını istisna etmək məqsədi ilə, hərbi xidmətə çağırılmış vətəndaşlar bilavasitə xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışdan keçirlər.
Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Mərkəzi Çağırış Komissiyasına həvalə olunur.[17]
rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların nəzarət qaydasında şəhadətləndirilməsi onların Mərkəzi Çağırış Komissiyasına təqdim edilmiş şəxsi işlərin və tibbi sənədlərin öyrənilməsi əsasında qiyabi keçirilir. Mərkəzi Çağırış Komissiyasının əsaslandırılmış qərarı ilə nəzarət qaydasında şəhadətləndirilmə əyani keçirilir.[18]
Tibbi baxış və nəzarət qaydasında şəhadətləndirilmə Mərkəzi Çağırış Komissiyasının qərarı ilə cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq,dermato-veneroloq, psixoloq və zərurət olduqda, digər ixtisaslardan olan həkim-mütəxəssislər tərəfindən həyata keçirilir. [19]
Xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxış və ya nəzarət qaydasında şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətində onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişə biləcək faktlar aşkar edildikdə, Mərkəzi Çağırış Komissiyası rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının müvafiq qərarını ləğv edir, bu barədə vətəndaşa və qərarı ləğv edilmiş komissiyaya məlumat verir. [20]
Nəzarət qaydasında şəhadətləndirilmənin təşkili və keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəyyən edir. [21]
Dostları ilə paylaş: |