1.2. Risk nəzəriyyəsi anlayışı
Təhlükələrin yaratdığı nəticələrin tezliyi risk adlandırılır. Başqa sözlə, risk təhlükələrin kəmiyyətcə qiymətləndirilməsidir.
Risk (R)- hər hansı arzuolunmaz nəticələrin (n) müəyyən dövr ərzində onların mümkün sayına (N) olan nisbətidir, yəni, təhlükələrin reallaşma tezliyidir:
R= n/N (1.1)
Risk konsepsiyasının hər fəaliyyət elementi (əşyalar, əmək vasitəsi və məhsulları, texnoloji proseslər, enerji mənbələri, insanlar və onlar arasında qarşılıqlı münasibətlər) bütövlükdə fəaliyyətin özü qədər potensial təhlükəlidir, və o, hər zaman bu və ya digər real risk yaradır.
Risk fərdi və sosial xarakterli olur. Fərdi risk ayrıca şəxs üçün məlum təhlükəni xarakterizə edir. Sosial risk hadisələrin tezliyi ilə zədələnmiş adamlar arasında asılılıq yaradır.
Riskin təyin olunması təqribi xarakter daşıyır və bunun üçün dörd üsuldan istifadə edilir:
1. Mühəndis üsulu. Bu üsul statistik məlumata, tezliklərin hesabatına, təhlükəsizliyin ehtimal təhlilinə, təhlükə şaxələrinin qurulmasına əsaslanır.
2. Model üsulu zərərli faktorların təklikdə vahid adama, sosial və peşə qruplarına və digər təsir modelinin qurulmasına əsaslanır.
3. Ekspert üsulu müxtəlif hadisələrin ehtimalını müəyyən etmək üçün təcrübəli mütəxəssislərlə aparılan sorğuya əsaslanır.
4. Sosioloji üsul əhali arasında aparılan sorğuya əsaslanır. Birinci və ikinci üsul müəyyən hesablamaların aparılmasını tələb edir. Lakin, bunun üçün həmişə lazımi məlumatlar kifayət dərəcədə olmur.
Göstərmək lazımdır ki, yuxarıda qeyd olunan üsullar ayrı-ayrılıqda riski müxtəlif nöqteyi nəzərdən ifadə edir. Odur ki, bu üsullar kompleks şəkildə icra olunmalıdır.
Ənənəvi təhlükəsizlik texnikası tam qəti, qeyri şərtsiz tələbi qəbul edir, yəni təhlükəsizliyi təmin etmək, heç bir qəzaya yol verməmək prinsiplərinə əsaslanır. Lakin, təcrübə göstərir ki, bu cür konsepsiya texniki sistemlərin imkanları ilə uyğunlaşmır. Mütləq təhlükəsizlik humanist tələb olsa da, bu konsepsiya insanlar üçün bədbəxtliyə çevrilə bilər. Çünki, fəaliyyət göstərən sistemlərdə heç vaxt sıfır riski təmin etmək mümkün deyil. Ona görə də, müasir aləm mütləq təhlükəsizlik konsepsiyasını rədd edir və münasib (qəbul oluna bilən) risk konsepsiyasını qəbul edir. Bu konsepsiyanın mahiyyəti müəyyən dövr ərzində cəmiyyətin qəbul etdiyi və ona nail olmaq istədiyi təhlükəsizlik prinsipindən ibarətdir.
Münasib risk texniki, iqtisadi, sosial və siyasi aspektləri özündə cəmləşdirir və təhlükəsizliyin səviyyəsi ilə ona nail olmaq imkanları arasında qarşılıqlı güzəştlər əsasında razılaşmaya əsaslanır.
Qeyd etmək lazımdır ki, texniki sistemlərin təhlükəsizliyini yüksəltmək üçün iqtisadi imkan sonsuz deyil. Təhlükəsizliyi artırmağa hədsiz miqdarda vəsait sərf etmək sosial sahələrə ziyan göstərə bilər. Ona görə də risk münasib səviyyədə olmalıdır.
Riskin idarə olunmasında təhlükəsizliyin səviyyəsini yüksəltmək üçün sərf olunan vəsaiti üç istiqamətə yönəltmək lazımdır. Bunlar, texniki sistemlərin və obyektlərin təkmilləşdirilməsi, işçilərin peşə hazırlığı və fövqəladə şəraitlərin ləğv edilməsi istiqamətlərindən ibarətdir.
Bu istiqamətlərdən hansının daha vacib olduğunu göstərmək çətindir. Bunun üçün konkret məlumatlar əsasında xüsusi təhlil aparılmalıdır.
Dostları ilə paylaş: |