2. Təbii zəncir reaksiya prinsipi. Təbii zəncir reaksiyası dedikdə, elə təbii hadisələr nəzərdə tutulur ki, hər bir hadisə özü ilə əlaqədar olan digər hadisəyə təsir edərək onda müəyyən dəyişiklik yaradır. Zəncir reaksiyası ekosistemin müxtəlif cür təsiri ilə də yarana bilər. Onun yaranma ehtimalı və mənfi nəticəsi antropogen faktorlar təsirindən kəskin artır. Yadda saxlamaq lazımdır ki, təbii proseslərə kəskin müdaxilə zəncir reaksiyası ilə nəticələnir. İnsanların təbii sistemlərdə fəaliyyətlərinin səmərəliliyi onların təbii zəncir reaksiyalarını tam dərk etmələrindən, onlara qarşı aparılan mübarizə üsulların necə seçilməsindən asılıdır.
Tətbiqi ekologiyada “təbii zəncir reaksiyası”nın əhəmiyyəti ümumi ekologiyada olduğu kimidir.
Təbii zəncir reaksiyasına aid bir neçə misal göstərmək olar:
– Atmosferdə yığılan qazlar iqlimin istiləşməsinə səbəb olur. Bunun nəticəsində, buzlaqlar əriyir, okeanlarda suyun səviyyəsi qalxır. Bu da, öz növbəsində, suların quru sahələrə keçməsinə,biosferdə hidrogeoloji və başqa proseslərin fəaliyyətinin pozulmasına gətirib çıxarır.
– Azot və fosfor nitrat şəklində orqanizmlərin həyat fəaliyyətində böyük rol oynayır. Lakin yuxarıda qeyd olunduğu kimi, onlar suda göy-yaşıl bakteriyalar, yosunlar yaradırlar. Üzvü maddələrin parçalanması suda oksigenin azalmasına və ümumilikdə su ekosisteminin bataqlığa çevrilməsinə səbəb olur.
– Şimal yarımkürəsində meşələrin qırılması torpağın kipliyinin artmasına və onun səthində su yığılmasına səbəb olur. Belə sahələrdə, suyu özündə saxlayan bitkilər əmələ gəlir və həmin zona bataqlığa çevrilir.
Meşələrin qırılması nəticəsində torpağın sıxlığının artması yağış sularının torpağa hopmasının qarşısını alır. Nəticədə, bulaqların itməsi, çayların quruması, sel sularının yaranması, torpaqda eroziya və s. proseslərin baş verməsi müşahidə olunur.
3. Daxili dinamiki müvazinət qanunu. Zəncir reaksiyası daxili dinamiki müvazinətin pozulmasına səbəb olur. Bu onunla izah olunur ki, hər hansı bir maddə, enerji, informasiya, ayrı-ayrı təbii sistemlərin dinamiki keyfiyyətləri bir-biri ilə o qədər çıx əlaqədə olurlar ki, onların hər hansı birində baş vermiş dəyişiklik digərində də müəyyən dəyişikliyin yaranmasına səbəb olur.