İlkin təlimat. Fəhlələrlə iş yerində ilkin təlimat, onlar sərbəst işə buraxılmazdan əvvəl, bir işdən başqa işə və ya digər xüsusiyyətli iş sahəsinə (istehsalat şəraiti dəyişəndə) keçirilən hallarda aparılır.
Fəhlələrlə ilkin təlimat işin xüsusiyyətindən asılı olaraq, bir neçə növbə ərzində keçirilir, onlar istehsalat prosesləri, təhlükəsiz iş üsulları ilə tanış olurlar.
Usta, iş rəhbəri təlimatı keçib qurtardıqdan sonra fəhlənin təhlükəsiz iş üsullarını mənimsəməsinə, onun konkret iş yerinə və peşəsinə aid təhlükəsizlik tələblərini və təlimatı praktiki bilməsinə əmin olmalıdır.
Xüsusi hallarda, işi, avadanlığın xidməti, sınaqdan keçirilməsi, sazlanması, təmiri, xüsusi təhlükəli və zərərli maddələrin tətbiqi ilə bağlı olan fəhlələrlə ilkin təlimat keçməkdən əlavə, sərbəst işləməyə buraxılmazdan əvvəl, bilavasitə iş yerlərində təlimat keçirilməlidir.
Təlimatlandırılan işçinin peşə hazırlığından və işinin xüsusiyyətindən asılı olaraq, onun təcrübə keçməsi zəruriyyəti və müddəti Həmkarlar İttifaqı Komitəsi ilə razılaşdırılmaqla müəssisə rəhbərliyi tərəfindən müəyyən edilir.
Təcrübə keçməsi tələb olunan fəhlə peşələrinin siyahısı, Həmkarlar İttifaqı Komitəsi və yerli nəzarət orqanları ilə razılaşdırılır, müəssisə rəhbərliyi tərəfindən təsdiq olunur.
Vaxtaşırı (təkrar) təlimat. Bütün fəhlələrlə və bəzi kateqoriyalı qulluqçularla, onların təhsilindən, ixtisas dərəcəsindən, bu və ya digər peşə üzrə iş stajından və tutduqları vəzifədən asılı olmayaraq vaxtaşırı, hər 3 aydan bir (6 aydan gec olmayaraq) işlərin təhlükəsiz aparılması üzrə təlimat keçirilməlidir.
Vaxtaşırı təlimat fəhlələrə həm ayrı-ayrılıqda, həm də eyni peşəli fəhlə qrupu ilə keçirilir. Usta, iş rəhbəri elektrik qurğularına, avadanlıqlara xidmət edən və onların təmiri ilə məşğul olan fəhlələrlə təlimatı baş energetik və baş mexanik xidməti işçiləri ilə birlikdə keçirir.
Vaxtaşırı təlimat keçirilərkən fəhlələrə mühafizə, xilasedici və qoruyucu vasitələrdən istifadə etmə, suya düşəni xilas etmə, xəsarət alanlara yardım göstərmə, dəniz obyektlərində hərəkət etmə qaydaları da öyrədilir.
Növbədənkənar (plandan kənar) təlimat. İstehsalat zəruriyyətindən irəli gələn xüsusi hallarda, fəhlələrlə işlərin təhlükəsiz aparılması üzrə növbədənkənar (plandan kənar) təlimat keçirilməlidir.
Fəhlələrlə növbədənkənar təlimat aşağıdakı hallarda keçirilir:
- istehsalat prosesi (texnoloji) dəyişdikdə, avadanlıqlar, qurğular və alətlər yeniləri ilə əvəz olunduqda və ya onların təkmilləşdirilməsi nəticəsində əmək şəraiti dəyişdikdə;
- müəssisədə, sexdə, sahədə, briqadada bədbəxt hadisə, qəza baş verdikdə;
- yüksək dərəcədə təhlükəsizlik tədbirləri tələb edilən işlərdə 30 təqvim günündən artıq fasilə olan hallarda;
- fəhlələrin təhlükəsizlik qaydalarının və təlimatların tələblərinin bədbəxt hadisələrə, qəzalara səbəb ola biləcək dərəcədə pozmaları hallarında;
- əməyin təhlükəsizliyi üzrə yeni qaydaların və təlimatların, standartların qüvvəyə minməsi ilə əlaqədar fəhlələrə əlavə tələblər haqqında məlumat vermək lazım gəldikdə;
- müəssisə rəhbərliyinin əmri və ya sərəncamı ilə, yuxarı təşkilatların və Dövlət nəzarət orqanlarının göstərişi ilə və digər hallarda.
Növbədənkənar təlimat fəhlələrlə fərdi olaraq və ya eyni peşəli fəhlələr qrupu iləkeçirilir.
Fəhlələrlə növbədənkənar təlimatı, ilkin və vaxtaşırı təlimatlar kimi, işlərin bilavasitə rəhbərləri (iş icraçıları, ustalar və s.) keçirirlər.
Birdəfəlik (cari) təlimat. Bütün fəhlələr, onların vəzifəsinə aid olmayan birdəfəlik işləri yerinə yetirmək və ya yüksək dərəcədə təhlükəli şəraitdə işləmək üçün tapşırıq (tapşırıq - icazə) alarkən birdəfəlik təlimat keçməlidirlər.
Birdəfəlik təlimatı işin məsul rəhbəri (usta, iş icraçısı, sahə rəisi və s.) keçirir və “Heyətə iş yerində təlimatın keçirilməsinin qeydə alınması jurnalı”nda və tapşırıq icazə vərəqəsində rəsmiləşdirir.
Texnoloji proseslərin aparılması, qurğu və avadanlıqların təmiri, sazlanması, sınağı və xidməti ilə məşğul olan, həmçinin təhlükəli və zərərli maddələrlə işləyən bütün işçilər iş yerində ilkin təlimatlandırmadan sonra, sərbəst işə buraxılmazdan əvvəl, bilikləri yoxlanılmaqla, müvafiq qaydada təhlükəsiz iş üsullarını öyrənməlidirlər.
Qeyd. Müvafiq hazırlığı haqqında sənədi olan fəhlələrlə əvvəlcə iş yerində ilkin təlimat keçirilməli, biliyi yoxlanıldıqdan sonra sərbəst işə buraxılmalıdır.
Fəhlələrin müəyyən olunmuş forma üzrə peşə təlimi (nəzəri və praktiki) təsdiq olunmuş proqram üzrə aparılır. Təlim proqramlarında əməyin təhlükəsizliyi üzrə standartlar sisteminin (ƏTSS) qüvvədə olan təhlükəsizlik qayda, norma və standartların tələblərinin öyrədilməsi daxil olmaqla, "İstehsalatda əmək təhlükəsizliyi" mövzusunda olmalıdır.
Yeni texnoloji proseslərin, avadanlıqların, əməyin qabaqcıl üsul və formalarının, əməyin mühafizəsi sahəsində digər nailiyyətlərin istehsalata tətbiqi zamanı, təlim proqramları, sistematik olaraq əmək təhlükəsizliyi üzrə təlim və praktiki materiallarla təkmilləşdirilməlidir.
Proqramlar vaxtaşırı, 5 ildən gec olmayaraq yenidən işlənməlidir.
Fəhlələrin biliklərinin yoxlanması müəssisə rəhbəri tərəfindən təyin olunmuş sex, bölmə rəislərindən birinin sədrlik etdiyi komissiya tərəfindən həyata keçirilir.
Komissiyanın sayca tərkibi, bir qayda olaraq, konkret şəraitə uyğun müəyyən olunur. Komissiya, üç nəfərdən az olmamaq şərtilə, natamam tərkibdə işləyə bilər.
Komissiyanın işində ancaq bilikləri yoxlanılmış müəssisə işçiləri iştirak edə bilərlər.
Yoxlama zamanı təhlükəsizlik tələbləri üzrə biliyi qeyri-kafi qiymətləndirilmiş işçi gələcəkdə sərbəst işə buraxılmır. Belə hallarda, işçi əlavə təlim keçir və 2 həftə ərzində onu biliyi təkrar yoxlanılır.
Əgər təkrar yoxlama zamanı fəhlənin biliyi yenidən qeyri-kafi qiymətləndirilərsə, sexin rəhbərliyi onun işə buraxılması haqqında məsələni həll etməlidir.
İşçinin biliyinin vaxtaşırı yoxlanılması bir ildən bir, (cədvəl üzrə) biliyinin ilkin yoxlanılması ilə eyni qaydada, eyni biletlər və protokol üzrə keçirilir.
Fəhlələrin biliklərinin növbədənkənar yoxlanılması istehsalat (texnoloji) prosesi dəyişdikdə, yeni avadanlıqlar və mexanizmlər tətbiq olunduqda, yeni təhlükəsizlik qayda və normaları, işin təhlükəsiz gedişi üzrə yeni təlimatlar tətbiq olunduqda, bədbəxt hadisəyə və qəzaya səbəb olmuş təhlükəsizlik qayda və təlimatlarının tələblərinin pozulması aşkar olunduqda, müəssisə rəhbərliyinin sərəncamı və ya əmri ilə, yuxarı təşkilatların göstərişi ilə, fəhlənin biliyi kifayət qədər olmadığı aşkar olduqda, Dövlət nəzarət orqanları və Həmkarlar İttifaqının texniki nəzarətçilərinin tələbi ilə, başqa işə keçirildikdə və ya 6 ay fasilə olduqda aparılır.