6.3. Ventilyasiya sistemləri İstehsal otaqlarında iş zonası havasının sanitariya normaları üzrə tələb olunan parametrlərini əldə etmək üçün ventilyasiya sistemlərindən istifadə edilir. Qapalı istehsal otaqlarında hava mübadiləsini (ventilyasiyanı) müxtəlif surətdə təşkil etmək olar. Ventilyasiya sistemləri aşağıdakı elementlərə görə təsnif olunurlar:
- otaqlarda havanın yerdəyişməsini əldə etmək üçün istifadə edilən enerji mənbəyinə görə; a) təbii; b)süni (mexaniki);
- hava mübadiləsinin təşkil edilməsinə görə: a) qeyri mütəşəkkil; b) mütəşəkkil; - təyinatına görə: a) hava sorucu; b) hava verici; c) hava verici və sorucu (birgə). - otaqda hava verici və hava sorucu quruluşların yerləşdirilməsinə görə: a) ümumi hava mübadiləsi sistemləri; b) yerli hava verici və ya hava sorucu sistemləri; c) lokal hava mübadiləsi sistemləri; d) qarışıq (birləşdirilmiş) sistemlər. - havanın hazırlanması dərəcəsinə görə: a) havanın hazırlanmadan birbaşa ventilyasiya sisteminə verilməsinə; b) havanın hazırlanaraq verilməsinə. İstehsal otağında təbii ventilyasiya xarici və daxili havanın sıxlıqları fərqindən yaranan hava basqısı hesabına əldə edilir.
Mexaniki ventilyasiya sistemlərində havanın yerdəyişməsi ventilyatorların yaratdıqları hava basqısı hesabına əldə edilir. İstehsal otağının hər bir yerində bərabər hava mübadiləsi yaradılırsa, belə sistemlərə ümumi, otağın müəyyən bir hissəsində hava mübadiləsi edilirsə yerli, zərərli maddələr ayrılan yerlərdən hava sorulursa bu lokal ventilyasiya sistemi adlandırılır.
Qəza zamanı otaqda zərərli maddələrin qatılığının artmasının qarşısı xüsusi qəza ventilyasiyası vasitəsilə alınır.
Təbii ventilyasiya. Təbii ventilyasiya otaq daxilindəki və xaricdəki havanın temperatur (yaxud xüsusi çəki) fərqi və külək təsiri nəticəsində baş verir.
Qeyri-mütəşəkkil təbii ventilyasiya həmişə mövcuddur, o, qapı, pəncərə və baca örtüklərinin kip olmaması nəticəsində yaranır.
Birtipli istehsalat binasının sxemi üzərində təbii ventilyasiyanı nəzərdən keçirək (şəkil 6.2).
Mütəşəkkil ventilyasiya tikinti zamanı nəzərdə tutulan konstruktiv elementlərlə (qapı, baca, pəncərə, deflektor və s.) həyata keçirilir.