7.6. Səs-küyün yaranma mənbəyində azaldılması
Yaranma mənşəyindən asılı olaraq, səs-küyü mənbədə azaltmaq üsulları müxtəlifdir. Təcrübə göstərir ki, istehsalatda işləyən maşınların mexaniki səs-küyünün azaldılması tədbirlərinin səmərəsi çox az olur. Bu, əsasən, işləyən avadanlığın maşın hissələrinin konstruksiyasında dəyişikliklər edilməsinin məhdudluğu ilə əlaqədardır. Buna görə də, mexaniki səs-küyün azaldılması istehsal proseslərinin və istehsalat avadanlığının layihələri hazırlandıqda yerinə yetirilməlidir. Bunun üçün, çox vaxt, texnoloji prosesi dəyişmək və səs-küylü maşınları yeni prinsipdə işləyən və səs-küyü az olan maşınlarla əvəz etmək lazım gəlir.
Mexaniki səs-küyün əsas səbəbi, maşın və avadanlığın səthlərinin titrəməsidir. Bu titrəmələr fırlanan maşın hissələrinin qeyri-müvazinətliliyi, müxtəlif zərbəli proseslər və sürtünmələr nəticəsində yaranır. Titrəmələrin və səs-küyün yaranmasına, maşınların konstruksiyasında istifadə edilən dişli çarx ötürmələri, kürəvi və diyircəkli yastıqlar böyük təsir göstərir. Onların yaratdıqları titrəmə və səs-küy, əsasən, alçaq və orta tezlikli olur.
Dişli çarxların işi zamanı yaranan səs-küy geniş tezlik spektrinə (100-4000Hs arasında) malikdir. Bu, dişlərin əlaqədə olan səthlərinin formasından və sürtünməsindən, çarxların materialından və yığılma dəqiqliyindən asılıdır. Dişli çarx ötürməsində əlaqədə olan dişlərin dinamik deformasiyaları nəticəsində yaranan titrəmənin tezliyi, dişlərin sayından və fırlanma sürətindən də asılıdır. Dişli çarx ötürməsinin titrəməsi və səs-küyü, bu ötürməyə düşən yükdən və çarxların fırlanma sürətindən asılı olaraq dəyişir. Belə ki, yüklənmə və sürətin artması səs-küyün artmasına səbəb olur.
Kürəvi və diyircəkli yastıqların səs-küy səviyyələri onların fırlanma sürətindən asılıdır. Sürət n1- dən n2dövr/dəq-yə qədər artdıqda yastığın səs-küy səviyyəsinin nə qədər artdığını aşağıdakı ifadədən istifadə edərək təyin etmək olar:
, dB (7.13)
Ümumiyyətlə, yastıqların səs-küyü onların hazırlanma keyfiyyətindən, vala və gövdəyə bərkidilmə formasından daha çox asılıdır. Müxtəlif maşınlarda eyni tipli yastıqlar müxtəlif səviyyəli səs-küyə (10-20dB fərqlənən) səbəb olur.
Mexaniki səs-küyün azaldılması üçün, bir-birilə əlaqəsi olan iki polad maşın hissəsindən birinin(məsələn dişli çarxlardan birinin) plastmasdan (kaprondan) hazırlanması yaxşı nəticə verir. Plastik materialın elastiklik modulu poladınkından bir neçə dəfə az olduğu üçün onların bir-birilə əlaqəsinin zərbə müddəti uzanır və nəticədə səs-küyün səviyyəsinin 10-15dB azaldılmasına səbəb olur. Ümumiyyətlə, maşın hissələrinin və gövdələrinin az səs-küy yaradan plastik materiallardan hazırlanması səs-küy yayılmasının azalmasına səbəb olur. Mexaniki səs-küyü azaltdıqda, vibrasiya yaradan dinamik qüvvələri aradan götürmək üçün, maşınların hərəkət edən hissələrinin statik və dinamik müvazinətliyini təmin etmək lazımdır. Bundan əlavə, dəqiq yığma əməliyyatları tətbiq etmək, titrəyən və səs-küy yaradan hissələri (məsələn, dişli çarx ötürmələrini) yağ vannalarında yerləşdirmək yaxşı nəticə verir.
Aerodinamik mənşəli səs-küyü, onun yaranma mənbəyində azaltmaq üçün birinci növbədə maşın hissələrinin hava və qaz axınlarına müqavimətini azaltmaq lazımdır. Bu hissələrin forması elə olmalıdır ki, hava axını zamanı burulğanlar yaranmasın. Nəzərə almaq lazımdır ki, aerodinamik mənşəli səs-küy mənbələrində yaranan səs gücü xüsusilə hava-qaz axını sürətindən asılıdır. Buna görə də, hava-qaz axını sürətinin azaldılması səs-küyü azaltmaq üsullarından ən səmərəlisidir.
Aerodinamik mənşəli səs-küyə hava (qaz) kompressor stansiyalarında və qazturbin qurğularında sorucu kameranın və xüsusi kanalla, dövri olaraq, böyük təzyiqlə atmosferə atılan sıxılmış havanın yaratdığı səs-küy, buxar qazanı aqreqatlarının işə salınması, qoruyucu klapanların açılması, buxar borularının üfürülməsi və bu kimi əməliyyatlar zamanı yaranan səs-küy də misal göstərilə bilər. Bütün bunlar hava, qaz və ya buxar axınının böyük sürətlə borulara daxil olması və ya əksinə borulardan atmosferə buraxılması ilə əlaqədar yaranan səs-küydür.
Hidrodinamik səs-küy mənbələrində də səs-küyü azaltmaq üçün əsas üsul, borularda maye axınlarının burulğanlığının azaldılması ilə əlaqədardır. Porşenli nasosların yaratdıqları maye axınlarında yaranan təzyiqlər çox olduğundan boruların titrəməsi və onların yaratdıqları səs-küy mərkəzdənqaçma nasoslara nisbətən daha çox olur. Titrəyən boruların inşaat konstruksiyalarından və dayaqlardan izolyasiyası səs-küyün yayılmasının qarşısını xeyli alır.
Elektromaqnit mənşəli səs-küy elektrik maşınlarında və avadanlığında yaranır. Belə səs-küyü mənbədə müəyyən qədər azaltmaq elektrik maşını və avadanlığının konstruksiyasında müəyyən dəyişiklik etməklə mümkün olur. Məsələn, transformatorda paketləri daha kip presləmək və dempferləyici materiallardan istifadə etməklə səs-küyü müəyyən qədər azaltmaq mümkündür. Elektrik maşınlarında yaranan əlavə mexaniki və aerodinamik mənşəli səs-küyü mənbədə azaltmaq lazımdır.
Dostları ilə paylaş: |