Transmissiya aqreqatlarında səs-küyün azaldılması üçün dişli çarx birləşmələrinin, sinxronlaşdırıcıların, kardan birləşmələrinin və digər elementlərin daha dəqiq hazırlanması üçün yeni texnologiyalar tətbiq edilir. Transmissiyada səs-küyün azaldılması nöqteyi-nəzərdən birləşmələrin yağlanmasına vacib rol ayrılır. Aparan hissələrdən gələn səs-küyü azaltmaq üçün ressorlarda, amortizatorlarda, sükan idarəsində və aparan hissənin digər qovşaqlarında rezin və plastik detallar istifadə edilir.
Avtomobil şinləri hərəkət sürəti 50 km/saat-dan çox olduqda səs-küy mənbəyi olur. Səs-küyün səviyyəsi əhəmiyyətli dərəcədə protektorun naxışları ilə müəyyən olunur. Hamar naxışlar sürətli şinlər üçün nəzərdə tutulur və az səs-küy salır. Relyefli naxışlar aşağı keyfiyyətli yol örtükləri şəraitində kiçik sürətlərlə hərəkət etmək üçün nəzərdə tutulur. Yüksək sürətlə hərəkət etdikdə şinlər çox güclü səs-küy yaradır.
Avtomobilin kuzovu üz səthi ilə hava axını ilə kontakta girir, nəticədə aerodinamik səs yaranır. Səsin səviyyəsi kuzovun tərtibatından, axıntılıq faktorundan, avtomobilin alın səthinin sahəsindən, hərəkət sürətindən və başqa göstəricilərdən asılıdır. Aerodinamik səs-küyün azaldılması üçün avtomobilin tərtibat sxemlərinin yeni həlləri işlənilir, yük avtoqatarlarında bağlı bufer sahəsi yaratmaq üçün yedək avtomobili ilə yarımqoşqu arasında tent yerləşdirilir.
Dostları ilə paylaş: |