Nəqliyyatın əsas vəzifəsi yük və sərnişin daşımalarını yerinə yetirmək, ictimai sərvətin artmasına köməklik göstərmək, ölkənin müdafiə qabiliyyətini möhkəmlətmək, əhalinin maddi və mədəni-məişət tələblərini təmin etməkdir. Nəqliyyat xalq təsərrüfatının başqa sahələri ilə üzvi surətdə bağlı və bilavasitə qarşılıqlı əlaqədə olmaqla, sənaye, kənd təsərrüfatı və sosial sahələr arasında əlaqə yaradır, ölkədə sənaye və kənd təsərrüfatı məhsullarının normal istehsalını, dövriyyəsini və istehlakını təmin edir. Nəqliyyat ölkədə məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsinə imkan yaradır. Daşıma nəticəsində yüklərin və insanların məkan yerdəyişməsi baş verir, sərnişin və yük daşımalarının yerinə yetirilməsindən asılı olmayaraq onların faktiki yerdəyişməsi maddi xarakter daşıyır. Belə yerdəyişmə nəqliyyatın faydalı və məhsuldar işinin nəticəsidir.