***
Açıram ekranı mən, yurdu gülüstan görürəm,
Baxıram yan-yörəmə, hər kəsi nalan görürəm.
Kim görər yolda məni, söylər: “alıb qan gözünü”,
Bəlkə bundandı ki, ətrafımı al-qan görürəm?
Qaçıram tez evə, göz gəzdirirəm güzgülərə
Gözü qansız, özümü adicə insan görürəm.
Mənə derlər: “bu yolun son ucu zindan görünür”,
Mənsə onsuz da bütün hər yanı zindan görürəm.
Dini İslam bilinən ölkədə saqqal kəsilir-
Nə kəsən əldə, nə saqqalda bir iman görürəm.
Bilmirəm, mənmi koram, yoxsa ki, aləm dəlidir,
Hara baxsam, Yaradan Xaliqə üsyan görürəm.
Mənə “Heydər - demə, – ölkəmdə tərəqqi görünür”,
Harda şahlıq görürəm, sonunu viran görürəm.
***
Zülm ərşə çıxan eldə bil heç kim önə çıxmaz,
Min il keçə, dünya dağıla, ağ günə çıxmaz.
Dağ-daş da verər əks-səda, duysa bağırtı.
Hər gün söyülən eldə nədən səs yenə çıxmaz?
Rüzgara tüpürsən düşər öz üstünə, dostum!
Öz ənənəsindən o da dünya dönə, çıxmaz.
Haqq eylədiyi neməti kim istədi, buldu,
Haqq etdiyin istərsə yerindən çənə çıxmaz.
Mən güçsüzəm əfsus!-demə, bir zirvəyə sərçə
Bir anda uçar, fil çalışa min sənə, çıxmaz.
Saxlar iri çay daşlarını dəndənə daşlar,
Kəsəkdən olan dəndənədən dəndənə çıxmaz.
Hər tində aranmaz aranan çarəsi dərdin
Hər yol da sənin istədiyin son tinə çıxmaz.
Yüz dərdə dözüm ruha hopan ənənə olmuş,
Heydər, bu səfeh ənənədən ənənə çixmaz.
***
Demirik, əcnəbidən neyçün öz işçim az alır?
Deyirik, qoyma, amandır, bp, neftim azalır!
Neft azalmışsa nə qəm, satmağa vardır qazımız,
Təki axtar bp dörd bir yanı gör, kim qaz alır?
Bu nə dövlətdi ki, alim tikə tapmır yeməyə,
Piroqun yağlı yerin boz ayıdan qanmaz alır?!
Bakıda addıma yer yox, küçə, yol, ev satılıb,
İndi əşya kimi məmur Quba, Qax, Xaçmaz alır.
Xalqımız uçruma, Heydər, iri addımla gedir,
YAP-dan ilhamlanan ölkəm iti sürət, qaz alır.
***
Mülkü min fənd ilə almışsa Yezid öz əlinə,
Gun gəlib, badə gedib dövləti qarın yelinə.
Bəlkə öz nəslinə gün ağlamaq eşqində olub,
Nəsib etmiş fəqət ağlar günü öz mənzilinə.
Bəşər övladı nədir, doğmaca öz nəsli bu gün
Yezidin ismini rəhmətlə gətirməz dilinə.
Bəlkə top, bəlkə qılınclarla dağılmazdısa da,
Səltənətlər dağılar gözdən axan yaş selinə.
Tale haqdır, fəda etsən də bütün dövlətini,
Qata bilməz yeni il dövlətinin son ilinə.
Ey Əsəd oğlu Bəşər, tac atanın mülkü deyil,
Atadan oğla, oğuldan keçə bilsin gəlinə.
Hər elin, hər ulusun incə əsəb nöqtəsi var,
Aqil ol, çox da yaxınlaşma qiyamət telinə.
Tarixin əqrəbi getməz dala, peşmanlıq əbəs,
Bənzəməz çərxi-fələk köhnə saatın milinə.
Heydərin fikri genişdir, hərənin öz payı var
Yaxşı diqqət eləsən nöqtəsinə, vergülünə.
***
Sanmışdım, olar şad, baxaraq əksinə könlüm,
Odlandı görüb əksini tam əksinə, könlüm.
Sən könlə yatandan bəridir, lal gəzirəm mən,
Qorxum budu-səs-küy salaram, diksinə könlüm.
Eşqin özünə yer qazanıb, eşqə nə var ki?
Sığmaz o zamandan bəri öz köksünə, könlüm.
Hər kəs mənə küskündü salam almadığımdan,
Heç kimsəni görməz, vurulub tək sənə könlüm.
Səndən mənə köksüm dolusu xatirə qalmış,
Heydər edərək yad - ötürür köks yenə, könlüm.
***
Dövrün əhvalı dəyişdikcə lüğət tam dəyişir,
Dil nədir ki, get-gedə dinimiz İslam dəyişir.
Kim ayaqlaşmasa dövranla, ayaq altda qalar,
Dəyişən dövrə görə dildəki ehkam dəyişir.
Eylə diqqət sözə, beynində bişir, sonra danış,
Harda işlənsə onun vurduğu ehyam dəyişir.
"Gözün üstündə qaşın vardı"- desən xətrə dəyər,
"Gözün üstündəki qaşdır"- desən, anlam dəyişir.
Yeni nəslin dilini anlamasan, səbrini bas,
Çıxma heç hövsələdən, anla ki, qavram dəyişir.
Hər kəs əynindəki paltara müqabil danışır,
Dəli var, hər ikisin hər səhər-axşam dəyişir.
Qorxma yad mənşəli sözdən, qazanır dil, necə ki,
Toplananlar gəlir üst-üstə və toplam dəyişir.
Dil də bir canlıdı, məxluq kimi ömrün yaşayır,
Kim dəyişmirsə, Oğuz, ömrünü nakam dəyişir.
***
Qımışır kirpiyin ay qız, gözə meydan oxuyur.
Gətirib aşiqi qul tək dizə, meydan oxuyur.
Sənə Ayüzlü deyən bəlkə olub nuruna kor,
Üzünün nuru sənin gündüzə meydan oxuyur.
Atdığın addımın altındakı torpaq bayılır,
Elə xoş səs çıxarır ki, sözə meydan oxuyur.
Gülüşün qönçə yanaqdan asılır, sanki gözün
Bir bahar fəsli açan nərgizə meydan oxuyur.
Gücü fatehləri fəth eyləyən iksirdən alıb
Çəkilən yaydı qaşın Çingizə oxuyur.
Kərəmin halını gör, Qeysə nəzər sal ki, Oğuz
Bu bəla, sanma ki, yalnız bizə meydan oxuyur.
***
Haqdırsa yolun, hikmətini dərk edəcəksən.
Ya tam gedəcəksən, ya tamam tərk edəcəksən.
Satqınların iqbalı ki, zərbi – məsəl olmuş,
Öz könlünə sən onları bir görk edəcəksən.
Peyğəmbər olan Adəmə qəm-qüssə gətirmiş,
Nəfsində sən əvvəl belini bərk edəcəksən.
Hərgah, “qorunum”- söyləsən iblis nəfəsindən,
İman dolu əxlaqı geyim, kürk edəcəksən.
İmandan olub dində vətən eşqi, bu eşqi
Namus biləcəksən, başına börk edəcəksən.
Firona uyub millətinə zülm edən əbləh!
Məhşər günü gəldikdə kimə ərk edəcəksən?
Haqqın yolu dünyada cəhənnəm belə olsa,
Allah belə yazmış - deyə Heydər, gedəcəksən.
***
(Suriya prezidenti Bəşər Əsəd və onun timsalında “Ərəb baharı”ndan nəticə çıxarmayıb ölkəsindəki vəziyyətin tamamilə fərqli olduğuna inanan bütün Şərq diktatorlarına)
Gömülür tarixə dövrani əzazil, əmin ol!
Yetişib çünkü çiban, ey dili qafil, əmin ol!
Hansı torpaq gecikən bir doğuşa hamiləsə,
Bu doğuş qanla olar, amma olar, bil, əmin ol!
Nədi fərqin gözü çıxmış bədəvidən, biləməm,
Səni göydən yerə endirmədi zənbil, əmin ol!
İsrafil suru çalar, tərsə dönər çərxi-fələk,
Heç kim olmaz onu döndərməyə qabil, əmin ol!
Kim çəkilməzsə yolundan zərər olmaz qatara,
Təkərin altda verər can yenə cahil, əmin ol!
Ayaq uydur ki, günün şərtinə tapdanmayasan,
Hökmünün şəkli deyil əsrə müqabil, əmin ol!
Ən böyük düşməni şahın olub öz yan-yörəsi
Ki, görüb şahı ötər hər biri dil-dil, əmin ol!
Heydərin hər sözü hikmət doludur anlayana,
Əməl etdikcə görər xeyrini aqil, əmin ol!
***
Çox qalan kürsüdə əlbət, elə təzyiq eləyər.
Budur adət ki, ağır yük belə təzyiq eləyər.
Nə günə qalmısan, ey can, belə məzlummu görüb,
Sənə nəbzində atan qan belə təzyiq eləyər?
Qorxular qəlbə girib ruhuma hakim kəsilib,
Dilsiz olmaq üçün ağlım dilə təzyiq eləyər.
Göz baxar, quyruğu çox batsa yerindən çıxacaq
Nöqtəyə dönmək üçün vergülə təzyiq eləyər.
Qara günlərdən ağarmış saçım, ancaq işə bax,
Qara günlər gətirən dil telə təzyiq eləyər.
Kasıbın aldığı aylıq azalar aydan-aya
İşverən “gendi” deyib zənbilə təzyiq eləyər.
Heydər, arsızlaşıb aləm, tük arar gözdə fələk
“Nə əsirsən?”- deyə tufan yelə təzyiq eləyər.
***
Heç nəyim yox ki, edəm canı fədadan başqa.
Bir nəfəsdən savayı, bir də sədadan başqa.
Demə: neyçün yenə şeirinlə çıxardırsan əda.
Heç nə gəlməz ki, əlimdən bu ədadan başqa.
Çünki adət belədir, boşsa qazan səs çıxarar,
Nə varımdır ki, mənim qəmli nidadan başqa?
Nə xanım xandı mənimçün, nə də şah şahlıq edir,
Xəbər almaz məni heç kimsə gədadan başqa.
Nə gözündən tökərək yaş axıdırsan, ey Oğuz!
Bəndəyə kimsə gərəkməz ki, Xudadan başqa.
***
Gözəlin eşqi haçan hansısa bir cana düşür,
Ruh çıxır sanki bədəndən, qara zindana düşür.
Qanlı görsən gözü heyrətlənərək çaşma buna
Gördüyündən dolayı yarını göz qana düşür.
Ey könül, aşiqə lağ etmə, “tüfeyli” demə ki,
Atdığın daş, biləsən, bizdəki bostana düşür.
Kim ki ar etsə çəkilmir adı, kim zar eləyir
Şanı dil-dil dolaşır, şöhrəti dastana düşür.
Məgər ah-nalə təmizlər imiş insan ürəyin
Qəlbisaflar o səbəbdəndi ki, əfqana düşür?!
Sankı xırmandı könül, ah da küləkdir, nitəkim,
Yelə versən toz uçur, buğdasa xırmana düşür.
Sevgi tiryəkdi, çalış gen gəzəsən ondan, Oğuz
Kim dadır sanki onu nəşəyə, dərmana düşür.
***
Yox sənin tək görərək ulduzu əsmər gecənin,
Qara çarşabla fələk üstünü örtər gecənin.
Dayanır Gün belə qarşında sənin axşamadək,
Ən böyük nurusan istər səhər, istər gecənin.
Qibtədən köksünə gör bir nə qədər od ələnib,
Sankı ulduzlar olub bağrına neştər gecənin.
O səbəbdən sən olan yerdə yarımcan olub Ay,
Şöhrətin fərsiz oğultək yerə sürtər gəcənin.
Qara zülfün sevinib yellənir əsdikçə külək,
Elə bir inci var ovcunda ki, yox hər gecənin.
Bu qədər nazlı gözəl vardısa dünyada əgər,
Necə vəsf etmədəsən hüsnünü, Heydər, gecənin?
***
Kim görər halımı söylər: “bu ki divanə imiş”,
Dadmayan eşqi nə anlar, oda yanmaq nə imiş.
Bütün aləm yaranıb sevginin üstündə məgər,
Şam imiş sən demə Gün, Yer üzü pərvanə imiş.
Mənə heç söyləmə: “qəmdən ürəyin kül olacaq!”
Neylərəm qəlbi ki, öz eşqinə biganə imiş?!
Eşqə biganə könül zahirən abad görünər,
Görünən çöl üzüdür, iç üzü viranə imiş.
Eşidilməzdisə çırpıntısı, Heydər, ürəyin,
Yaşamaq söhbəti baş aldadan əfsanə imiş.
***
Vicdansız olandan əsil insan ola bilməz,
Təhkimçi təfəkkürdəsə vicdan ola bilməz.
Fironluğa düşmən kəsilib dinimz İslam,
Qulluq ona bir təlimi – Quran ola bilməz.
Dindar gərək Allaha itaət edə ancaq,
Zalımlara baş əysə müsəlman ola bilməz.
İstərsə min il qılsa namaz, qəlbi arınmaz.
Pakdırsa ürək, bütlərə meydan ola bilməz.
Zülm ilə savaş alnımızın üstə yazılmış,
Qulluq, köləlik əsla imandan ola bilməz.
El haqqını qəsb etmişə hakim demə, Heydər!
Tac qoysa da, mömünlərə sultan ola bilməz.
***
Seytandı ki, pak qəlblərə hər gün nüfuz eylər,
Məndən sənə, səndən mənə qiybətlə söz eylər.
Aşiq ürəyindən kababın eşqinə düşmüş,
Ondandı fələk qəlbi kabab, dərdi köz eylər.
Faş eyləyən iblislərə dərdin, aqil olmaz,
Bədbəxt həm özün, həm də ki, eşqin ucuz eylər.
Qorxum budu- ah çəksəm, alar hər yanı tufan,
Adətdi ki, rüzgar qopar, ətrafı toz eylər.
Nuh görsə, çaşar gözdəki tufanımı, hərgah,
Gəl gör ki, bu tufanı badam boyda göz eylər.
Heydər, gözəlin nazını çək, etmə şikayət,
Haqq sahibidir çün, nə naz eylərsə, düz eylər.
***
Eşqin nə demək olduğunu can başa düşdü,
Ağlım gedib əldən, ürəyim atəşə düşdü.
Bilməm, nə günah eyləmişəm mən bu cahanda?
Puç oldu həyat, sanki ömür qarğışa düşdü.
Sevmək yaşı adətdi ki, ömrün yazı olmuş,
Mən yellərə verdim yazı, sevmək qışa düşdü.
Üç kəlməlik bir fikri demək illəri aldı,
Məcbur dedim, ətrafa yaman qarqaşa düşdü.
Hər kəs mənə – “yaş keçdi”- deyib eylədi rişxənd,
Bir bəxtə baxın, sevgi də bivaxt yaşa düşdü.
Eşq badəsi qaldırdı əlim, içdiyim anda
Badəm sürüşüb titrəyən əldən, daşa düşdü.
Heydər, ayıq insanlar əzabdan qaça bilməz.
Haqq bölgüsüdür, dadlı ömür əyyaşa düşdü.
***
Könlüm qoca dünyada nə dövlət, nə var istər,
Nazıyla ürək dağlayacaq bir nigar istər.
Baxdıqca onun hüsnünə olsun ürəyim qan,
Bülbül, nitəkim, qan axıdan güllü xar istər.
Duyduqca mənim fikrimi qəşş eyləmə, cahil
Nadanlar əzab çəkməyərək müftə bar istər.
Zəhmət verər ancaq yediyin loxmaya ləzzət,
Eşqin təridir, çəkməli naz, kim ki, yar istər.
Aşiq deyil əmlakçıdı, yarın sanar əmlak,
Hər kim ki, qovuşmaq diləyin tez bazar istər.
Ondandı ki, el, aşiqi dərk eyləyə bilməz,
Hər kəs səfa istər, fəqət aşiq azar istər.
Sənlik deyil eşq, eşqə könül bağlama, Heydər,
Bir yükdü ki, altında dayanmaq vüqar istər.
***
Zülm ilə bütün varlığımlız dərbədər oldu,
Çox fürsəti əldən yelə verdik, hədər oldu.
Yadlar çıxarıb keyf, edər işrət varımızla,
Əfsus ki, bizim xalqa çatan qəm, kədər oldu.
Kim istədi adil düzən, özgürlüyə çatdı,
Azadlığı qəlbindəki istək qədər oldu.
Hər kim ki, ədalət dilədi dünyada şahdan,
Bədbəxtə ədalət aramaq bir qədər oldu.
Öz canını kim tutdusa üstün şərəfindən,
Bizlər kimi, dostum, o da fəryad edər oldu.
Heydər, bəşər övladına sərvətsə cavanlıq,
Məfkurəmizin uğruna qurban gedər oldu.
***
Sən əzizsən mənə bil, cümlə gözəldən, gözəlim.
Sənə aşiqdi könül çünkü əzəldən, gözəlim.
Sanki Allah yaradıb ayla bulud mənzərəsi,
Sifətin üstə vurub süs qara teldən, gözəlim.
Məni kim görsə bu əhvalla sanar badəpərəst,
Elə məst olmuşam, ağlım gedib əldən, gözəlim.
Səni qirmışsam əgər əfv elə çaşqınlığıma
Aşiq olmaz ki, mükəlləf hər əməldən, gözəlim.
Nəfəs aldıqca səsim ismini ətrafa yayar,
Eyləyib ar, özümü gizlərəm eldən, gözəlim.
Heydər istər dolanıb başına səyyarə kimi,
Gecə-gündüz oxusun şerü-qəzəldən, gözəlim.
***
İnsanlıq ölən yerdə ədalət gedər əldən.
İnsan itirər saflığın, izzət gedər əldən.
Baş örtüsü başqanlara baş dərdi olarsa,
Baş gündəm önəmsizləşər, ismət gedər əldən.
Bir dövləti içdən gəmirən sürfədi rüşvət.
Millət oyanar onda ki, dövlət gedər əldən.
Eyş-işrətin uğrunda həlak eyləmə nəfsin,
Kürsün gedər, öyrəşdiyin işrət gedər əldən,
Bir başqasının zövqü üçün xalqını satma,
Əfv etməsə millət səni, cənnət gedər əldən.
Zülm üstə imarət, dəyənəkdən dirək olmaz.
Sürətli külək əssə, imarət gedər əldən.
İnsan bütün ehkamların üstündədi, Heydər!
Taxt üstünə qan damsa əsalət gedər əldən.
***
Şah oğlu elin dərdini əsla bilə bilməz,
Hardan biləcək, çünkü nədir qəm, çilə, bilməz.
Öz mülkü bilib dövləti hərraca qoyanlar
Aylıqla nə girməz, nə girər zənbilə, bilməz.
Yardım diləyib gözləmə, göz yaşını silsin,
Əl neftə batıbdırsa, dədəm, göz silə bilməz.
Bilməz ki, məmur sübh çağı neyçün bığı yağlar,
Ac görsənərək dərsə müəllim gələ bilməz.
Durmuş qapı ağzında tərəddüddədir işsiz,
Məzlum necə girsin əliboş mənzilə, bilməz.
Sən qismətə bir bax, yaşamaqdan bahadır yas,
Xalqın yaşamaq haqqını boş ver, ölə bilməz.
Millət ki yatar, ölkəsi viran olar ancaq,
Vallahi, nə gözlər onu, şeytan belə bilməz.
Hər kəlmə başım göz yaşı olmuşsa, səbəb var,
Bir ölkədəyəm, burda münəvvər gülə bilməz.
Dözməkdədir el dərdlərə neyçün, demə, Heydər!
Qəlbində yara istidir, ondan hələ bilməz.
***
(Allah ustad Şəhriyara rəhmət eyləsin)
Könlüm, boşuna gəzmə, bu küllükdə gül olmaz,
Var olsa ədalət, bu qədər zir-zibil olmaz.
Qanun sözü başlar, əzizim, “qan” ilə ancaq,
Qanuni olan yerdə hüquqlar zəlil olmaz.
Qəssablar olublarsa əgər hakimi-mütləq,
Qəssabxana mülkündə vəkillər vəkil olmaz.
Hakim əgər almışsa vəkalətləri əldən,
Bir məhkəmə bundan daha artıq rəzil olmaz.
Bir ismi vəkildir, bunu bil, Xaliqi- Haqqın,
Haqq isminə xor baxma, Məhəmməd kəfil olmaz.
Hər kim ki, qaçar millətinin səs hüququndan,
Şah bəlkə olar, şahlığı əsla əsil olmaz.
Heydər, mənə öz nitqinə diqqət elə derlər,
Etsəm əməl, azğımdakı ətdən də dil olmaz.
***
Zalımın zülm ilə şeytana papış hörməyi var.
Tanrınınsa yaranışdan ötə öngörməyi var.
Kim ki, xalqın sınayar səbrini, xalqın da onun
Boğazından yapışıb, yerlə süründürməyi var.
Fələyin çərxinə heç bir vədə bel bağlama ki,
Hər zaman gərdişi tam tərsinə döndərməyi var.
Fikir özgürlüyü karvanına neylər dəyənək?
İtlərin boş yerə baş ağrıdaraq hürməyi var.
Hey ölümdən danışıb beynimi çox yorma, könül!
Hər bəşər övladının bir cür ömür sürməyi var.
Məhbəsin çox acıdır loxması, qardaş, bilirəm,
Qul tək ömrünsə ölümdən də betər dürməyi var.
Bu yolun verdiyi – nemətdir, əzab olsa belə,
Qənimət bil, gözə təp, yaxşı - yaman hər nəyi var.
Yanıb atəşlərə məşəl kimi saç, aləmə nur,
Qoy, desin cümlə-cahan - “Heydər Oğuz örnəyi var”.
***
Tutuşub odlara hər gün deyirəm: can, Vətənim!
Yada cənnət olan, ancaq bizə zindan Vətənim.
Varlığım tək quru can mən ilə Allah arası
Neylərəm, mən onu sənsiz, sənə qurban, Vətənim?!
Mən sənin qanlı tənin üstə ötən bülbülünəm,
Susmaram, olsa vücudum qana qəltan, Vətənim!
Can verir zalıma məzlum əyərək zülmə boyun,
Qurtuluş çarəsidir eyləmək üsyan, Vətənim!
Yoxdu əynimdə kəfən, amma gəzən bir ölüyəm,
Qalmayıb zərrə qədər canda həyəcan, Vətənim!
Tapdayır yurdumu düşmən bizə lağ eyləyərək,
Başçımız uydurur ancaq yeni dastan, Vətənim!
Heydərəm, dözməyərək dərdimə dağlar əriyər,
Bilmirəm, tab gətirir, bəs, necə insan, Vətənim?!
***
Gözlərim gördü cəmalın, yenə qan oldu könül,
Ürəyim parçalandı, dərdə məkan oldu könül.
Tökdü göz duzlu suyun cıbrığı çıxmış ciyərə,
Ciyərim öylə kabab oldu, yalan oldu könül.
Mən dedim gizli tutam eşqimi, tökdün yaşımı,
Gözlərim qanla adın yazdı, əyan oldu könül.
Tale uğrunda fələklərlə qumar oynayıram,
Bu ədalətsiz oyunlarda tavan oldu könül.
Tüstülər çıxdı başımdan sanıb atəşgədəyəm,
Mənə məlun dedilər, qəhrə nişan oldu könül.
Qəhrini çəkməyə insanda məharət gərəkir,
Hanı Heydərdə məharət ki, xəzan oldu könül.
***
Elə bihuş eləmiş bir dodağı püstə məni,
Kim görər, ah çəkirəm, zənn eləyər xəstə məni.
Əcəl insaflıdır ondan tez alar canı, fəqət
Gecə-gündüz deməz o, öldürər ahəstə məni.
Sormayın siz mənə, neyçin belə yalnız gəzirəm,
Atdı dost, atdı qohum bir gözəlin üstə məni.
O qədər açdım ağız sonda qabar bağladı dil,
Çox çalışdım "gəl atamdan- demədi- istə məni".
Oğuzam, hüsnünü gördükdə onun lal olalı,
Bənzədir kim ki görür heykələ, ya büstə məni.
***
Ay nur saçacaq, hər nə qədər Gün yanacaqdır.
Zülfün töküb ətrafına hər gün yanacaqdır.
Gündən aralı düşdüyü hicran gecəsində
Zahirdə sönük, içdəsə gərgin yanacaqdır.
“Könlüm niyə şiddətlə yanar?” - söyləmə, dostum!
Hər kim ki olar həsrətə sürgün, yanacaqdır!
Bir qismətə Haqdan külə dönmək yazılıbsa,
Hazırda əgər yanmasa, bir gün yanacaqdır.
Qəlbin yanacaq maddəsi qəm duyğusudursa,
Adətdir, ürək olsa tədirgin yanacaqdır.
Yar köksü sevən gəlbə vətəndir, gözəl afət
Yurdundan olar kim ki, didərgin yanacaqdır.
“Çirkin” – demə sən Heydərə məhşər gecəsində,
Çirkin yanacaqsa, sözü çirkin yanacaqdır.
***
Mənə dersən ki, üzümdən o yana çək gözünü,
Göz bəyəm dilmi qanır, sözlə düzəltsin özünü?
Kim ki, vurğundu sənin sevginə zatən kor olur,
Qaragünlü itirir həm gecə, həm gündüzünü.
Hara baxsam da gözüm hüsnünü görməkdə, gözəl
Baxmasam, gizlədəcəksənmi sanırsan üzünü?
Qurudub nitqimi eşqin, nə hərarətli imiş?
Nə özün əldə tutar dil, nə də söylər düzünü.
Heydəri düzdə qoyub düzlüyü bundan dolayı,
Dili ürküb, deyə bilmir sənə qəlbin sözünü.
***
Sənə qurban edərəm canımı min səylə, anam?
Neyləyim, könlün açılsın, hələ bir söylə, anam?
Vətənin eşqini mən könlümə məskən edəli,
Sənə ilgim azalıb oğlunu əfv eylə, anam.
Cənnətim tapdağın altında mənim, tapdalanar
Mənə incik nəzər eylərsən əgər böylə, anam.
Göy üzündən biləsən, başlara küllər ələnir,
Bilməyirsən niyə mən əlləşirəm göylə, anam?!
“Sus!”- deyirsən mənə, susmaq elə ölmək kimidir,
Bəşər övladı yaşar çevrədə səs-küylə, anam.
Başın əyməklə deyirsən ki, azalmaz şərəfin,
Yaşadım indiyədək mən də təvazöylə, anam.
Oğuzun gərci əyik, ancaq əyilməzdi başı,
Yaşamaq ruhuma ziddir kiçik ürküylə, anam.
***
Mənə ondan qalan ancaq ağı, fəryad səsidir.
Mən onun xəstəsiyəm, yar da əzab xəstəsidir.
Onu bir heçliyə qıymır, ata bilmir ürəyim,
Diləyim əldə solan gül və çiçək dəstəsidir.
Bil ki, gündüz-gecə saat kimi nəbzimdə vuran
Qan deyil, eşqə düşən qanlı ürək bəstəsidir.
Aşiqin sevgidə xoşbəxti, firavan olanı
Görüş üstündəki yox, bəlkə də can üstəsidir.
Səbr edib şükrünü əskik eləmə, Heydər Oğuz,
Çilə Haqdansa əgər, bir kölənin rütbəsidir.
***
Vurulandan sənə qəlbim o səbəbdən sözə baxmır,
Sevgidən kim ki, düşüb düzlərə, yanlış-düzə baxmır.
Sevginin rəmzi olan bülbül ötər təkcə səhərlər,
Aşiqin könlüsə axşam tanımır, gündüzə baxmır.
Mələyim gözdən uzaq gəzsə, könül, bircə səbəb var -
Səbəb, əlbət iki göz adətidir, göz gözə baxmır.
Mənə derlər ki, bu yaşda belə yardan danışırsan,
Yaşamaq xilqəti qırx-əlliyə baxmır, yüzə baxmır.
“Niyə baxmır mənə qənşər”- deyərək qəm yemə artıq,
Kim ki, üzdən baxır aləmlərə, Heydər, üzə baxmır.
***
Hamı əlbəttə ki, dünyada gözəl yar diləyir,
Kiminin kimsəsi yoxdur, kiminin var, diləyir.
Kiminin bağrı yanıb sevgisinin atəşinə,
Bu səbəbdən də ürək yanğısına qar diləyir
Kiminin son anıdır, söhbət üçün dilli ağız,
Kimisi sadəcə sirdaş, kimi simsar diləyir.
Biri öz daxmasını saxlayacaq güclü dirək,
Biri həm sevgili, həm iş yeri, həm var diləyir.
Hərə bir cür gözəl istərsə də, Heydər, bunu bil!
Hamı ancaq gözü görməz, qulağı kar diləyir.
***
Şair dediyin kəs odur, öz həddini bilsin,
Öz həddini, söz həddini, sərhəddini bilsin.
Yalnızca gözəl hüsnə qəzəl söyləməsin o,
Öz xalqının, öz ölkəsinin dərdini bilsin.
Öz keçmişinə dil uzadıb söz deyə bilməz,
Şair, gərək əcdad tanısın, cəddini bilsin.
Hər bir obadan hər nəsə almazsa da olmaz,
Hər nəsnədən əvvəlsə gərək kəndini bilsin.
Öz doğma dilin xor görən el şairi olmaz
Farsın, ərəbin lap da ki, hər bəndini bilsin.
Yarın telinin üstə qonan toz arayınca,
Dərdlər niyə bükmüş elinin qəddini, bilsin.
“Hər nəsnədə bir qulp arayırsan - demə, - Heydər”
Qulp qoymalı şair, gərək öz fəndini bilsin.
***
Qəmdən -demirəm, bəlkə də Məcnun yata bilməz.
Mən gəldiyim uc nöqtəyə, ancaq çata bilməz.
Sevda dediyin öylə böyük duyğudu, dostum!
Kim düşsə onun cənginə, kəndin tuta bilməz.
Çox bəndəni gördüm, azacıq eşqi dadınca
“Canan”- deyər ancaq, ana bilməz, ata bilməz.
Cahildi, sevən gəncə deyən: “sevgini tulla!”
Hətta özü istərsə, könüldən ata bilməz.
Cənnət verəsən, yarı çıxarsın deyə yaddan,
Aşiqsə əgər, cənnətə eşqin sata bilməz.
Fərhad belə olmuş ona qul, dağları dəlmiş,
Rüstəm dirilib gəlsə məzardan, bata bilməz.
Çox durma yaxın sən ona. Heydər, anan ağlar!
İnsaf tanımaz duyğu odur, şər- xəta bilməz.
***
Sanmışdı könül, sən ona məlhəm olacaqsan,
Bilməzdi fəqət; qüssə, kədər, qəm olacaqsan.
Gördüm gözəlim, hüsnünü könlüm oda düşdü,
Hər kəs dedi: “Məcnun ilə həmdəm olacaqsan”.
Çox fərqli tanırdım səni, ancaq biləməzdim,
Heyhat, bu qədər özgə bir aləm olacaqsan.
Verdim sənə mən qəlbi əmanət - deyə, qalsın,
Zənn etməz idim, candakı matəm olacaqsan.
Eşq aləmi Leyla ilə zinhara gəlibdir,
Bir xeyrin odur, sən yeni gündəm olacaqsan.
Kim gördü məni, söylədi: “Heydər bu gedişlə
Dindən çıxaraq bir dəli, sərsəm olacaqsan”.
***
Hədəfə dəysə əgər güllə, səsindən bilinir,
Şahın adilliyi ah-nalə səsindən bilinir.
Atalar yaxşı deyib: əyri kəsər doğru sözü
Kim yalandan bağırar, dinlə, səsindən bilinir.
Nitəkim, boş qazan ətrafa yayar naləsini
Dili beynindən iri kəllə səsindən bilinir.
Derlər arsız adına kim ki, ölür şillə üçün,
Yeri üzdə qızaran şillə səsindən bilinir.
Nə gərək vardır, Oğuz, söhbəti çox xırdalayaq,
Hər şeyin bir səsi var, cümlə səsindən bilinir.
Dostları ilə paylaş: |