"Gəlmək" felinin iştirakı ilə düzəlmiş frazeoloji vahidlər isə aşağıdakılardır: "ağır gəlmək", "başına gəlmək"," dilə gəlmək", "düz gəlmək", "əlindən gəlmək", "imana gəlmək", "sözə gəlmək", "xoş gəlməmək".Məsələn : "Ta gələ ağır oların taəti, İrə Allahın olara rəhməti"; "Ey adilən bağlanan babi-səqər, Başımıza gör bizim gəldi nələr"; "Dilə gəldi, söylədi ol dəm məgər, Der, aman vergil, aya, xeyrül-bəşər"; "Hər kişinin kim, həyası olmaya, Əhli-imanəm desə, düz gəlməyə"; "Çünki hazır olam anda ol zəman, Mən əlimdən gəldügin edəm həman"; "İmanə gəldilər onlar ol zəman, Şadü xürrəm oldılar anda rəvan"; "Yanımızda çünki durdı bir zəman, Sözə gəldi, bə'd-əz-in açdı zəban"; "Mən sordum, leyk saleh qulları, Könlümə xoş gəlmiş idi yolları". Bu şeir nümunələrindən üçüncü və yeddinci beytdə daha iki frazeoloji vahid - "aman vermək" və "zəban açmaq" da işlənmişdir. Sonuncu ifadə "dilə gəlmək" və "sözə gəlmək" frazeoloji vahidləri ilə sinonimdir. "Gəlmək" felinin iştirakı ilə düzəlmiş yuxarıdakı sabit söz birləşmələrinin hamısı eynilə müasir ədəbi dilimizdə işlənir.
Yuxarıdakı nümunələrdən beşincisində işlənmiş "əlimdən gəldügin" frazeologizminin ikinci tərəfi, göründüyü kimi, feli sifət formasındadır. Bu formanı prof. H. Bayramov "frazeoloji feli sifət" adlandırır (11, 105).
Başqa bir beytdə isə "əlindən gəlmək" frazeoloji vahidi "əldən gəldigüncə" şəklində işlənmişdir: "Mən dəx əldən gəldügincə bu zəman, Razı qılım kim olasan şadman". Yeri gəlmişkən qeyd edək ki, abidədə daha bir frazeoloji feli sifət işlənmişdir: "Qəbrinə vüs'ət verə anın Xuda, Göz yetən yerədəkin olur ziya".Müasir ədəbi dilimizdə bu ifadə "göz işlədikcə" şəklində işlənir. Bu forma isə frazeoloji feli bağlama tərkibi adlanır (11, 103). Beytdə Həzini "vüsət vermək" frazeoloji vahidini də işlətmişdir. Fikrimizcə, bu ifadə fars dilindəki وسعت دادن (genişləndirmək) sabit söz birləşməsindən hərfi yolla tərcümə olunmuşdur.
Tərcümədə işlənmiş frazeoloji vahidlərdən bir neçəsi də "urmaq" felinin iştirakı ilə düzəlmişdir : "karuban urmaq", "qulaq urmaq","laf urmaq","nərə urmaq", "üz urmaq","yol urmaq" . Məsələn :"Karuban urub işi xun eyləmək, Kim müsəlmanları məğbun eyləmək" ; "Çün qulağ urdum,mən anı dinlədim, Həm dedügini mən anın anlədim " ; "Kim sənin əmrinə mən idim xilaf, Urmaz idim məsiyyətdə dürlü laf", "Oxıdım bu ayəti çün ol zəman, Bir ucadan nərə urdu nagəhan " ; "Ağzını anın suvadılar rəvan, Altina od urdular əndər zəman " ; "Der ki, üç yüz altmışın tərkin urın, Bu bilinməz nəsnəyə qarşu durın", "Yığmış idi üstinə ləşkər yoğüş, Özinə yol urmağı qılmışdı iş".
Bu frazeoloji vahidlərdən "nərə urmaq " və "od urmaq" müasir ədəbi dilimizdə "nərə vurmaq " və "od urmaq" şəklində də işlənir. Tərcümədə "od urmaq" frazeoloji birləşməsi "oda urmaq" şəklində də işlənmişdir : "Mən öləndən sonra oda urasız, Kül olunca cismimi yandurasız ".
Abidədəki sabit söz birləşmələrindən üçü "dağlamaq" felinin iştirakı ilə düzəlmişdir: "bağrını dağlamaq", "yürəgin dağlamaq", "cigər dağlamaq" : Məsələn : "Böylə dedi, qatı-qatı ağladı, Ahlar qıldı ki, bağrın dağladı". "Növhə qıldı, ah edübən ağladı, Cümlə əshabın yürəgin dağladı"; "Söyləgil ki, mən necə ağlamayım, Həsrət odilə cigər dağlamayım". Göründüyü kimi, hər üç frazeoloji vahid sinonimdir. İkinci frazeoloji vahiddəki "yürəgin" sözündə baş vermiş fonetik dəyişikliyi nəzərə almasaq, bu sabit söz birləşmələrinin üçü də heç bir dəyişiksiz müasir ədəbi dilimizdə işlənir. Bugünkü dilimizdə həmçinin "sinəsini dağlamaq" sabit söz birləşməsi də vardır.
Tərcümədə işlənmiş "qəlbi yaxmaq" frazeoloji vahidi də yuxarıdakı ifadələrin sinonimidir: "Qəlbimi yaxdı oların firqəti, Cümləsinin qaldı canda həsrəti". "Yaxmaq" feli, mə'lum olduğu kimi, müasir ədəbi dilimizdə yalnız "yandırıb-yaxmaq" şəklində işləndiyindən bu frazeoloji vahid də aydındır ki, bugünkü ədəbi dilimiz üçün arxaik sayılır. Bu beytdə Həzini "həsrət qalmaq" frazeoloji vahidini də işlətmişdir.
Tərcümədə "cıxmaq" felinin iştirakı ilə düzəlmiş sabit söz birləşmələrindən üçünə rast gəlirik : "ava çıxmaq", "qəzaya çıxmaq", "çavı çıxmaq". Məsələn : "Ləşkərini cəm edüb bir gün təmam, Ava çıxmışdı məgər kim ol hümam" ; Qəsdinə anın müsəlmanlar nagah, Kim qəzayə çıxdılar olub agah. "Həm sənin çavın dəxi çıxdı qəvi, Dedilər kim, çıxdı şahi – mənəvi".
Hər iki tərəfi türkmənşəli sözlərdən təşkil olunmuş birinci frazeoloji birləşmə müasir ədəbi dilimizdə "ova çıxmaq" şəklində işlənir. İkinci birləşmənin isə birinci tərəfi ərəb mənşəli "qəza" (müqəddəs savaş) sözüdür və bu frazeologizm müasir ədəbi dilimizdə işlənir. Üçüncü birləşmənin birinci tərəfi "çav" arxaik sözdür (bax səh. )və bu frazeologizm müasir ədəbi dilimizdə baş sözün sinonimi olan "səs" isminin iştirakı ilə düzəlmiş "səsi çıxmaq" şəklində işlənmir.
Tərcümədə "çıxarmaq" felinin iştirakı ilə düzəlmiş "qayğudan çıxarmaq" frazeoloji birləşməsi də işlənmişdir : "Şad olub cümlə dedilər yeri – var, Anı öldür bizi qayğudən çıxar".
Bu frazeoloji birləşmə müasir ədəbi dilimizdə "qəmdən qurtarmaq" şəklində işlənir.
Qeyd edək ki, tərcümədə işlənmiş frazeoloji vahidlərin tərkiblərindəki fellərin, demək olar ki, hamısı türkmənşəli sadə fellərdir. Yalnız "muradı hasil olmaq" frazeoloji vahidi bu baxımdan istisna təşkil edir: "Çün Vəlid eşitdi munı, oldı şad, Pəs dedi kim, hasil olmış uş murad". Bu frazeoloji vahidin istər baş sözü, istərsə də onun tərkibindəki mürəkkəb felin birinci tərəfi ərəb mənşəlidir. Müasir ədəbi dilimizdə işlənən bu fel "Koroğlu" dastanında da qeydə alınmışdır (7, III, 345). Orta əsrlərə aid başqa yazılı abidələrimizdə qeydə alınmış frazeoloji vahidlər də, əsasən, türkmənşəli sadə fellərin iştirakı ilə düzəldilmişdir (bax:11, 27-34; 39, 34; 69, 88-89). Maraqlıdır ki, "İxtiyarati-qəvaidi-külliyyə" əsərində də bütövlüklə alınma sözlərdən ("olmaq" köməkçi feli istisna olmaqla) düzəlmiş yalnız bircə frazeoloji vahid qeydə alınmışdır: "can təndən cüda olmaq" (69, 90).
Tərcümədə qeydə aldığımız frazeoloji vahidlərdəki baş sözlərə gəldikdə isə, elə yuxarıdakı nümunələrdən də göründüyü kimi, onların müəyyən bir hissəsini ərəb mənşəli və fars mənşəli sözlər təşkil edir. Bu qəbildən olan sözlər, əsasən, dini və mücərrəd anlayışları bildirir. Həmin sözlərin çoxu ayrılıqda müasir ədəbi dilimizdə işlənsə də, onların iştirakı ilə düzəlmiş frazeoloji vahidlərin müəyyən bir hissəsi az və ya çox dərəcədə dəyişikliyə uğramış, bəziləri isə dilimizdə vətəndaşlıq hüququ qazana bilməmişlər. Həmin frazeoloji vahidlərdən bir neçəsinə nəzər salaq.
Dostları ilə paylaş: |