"Üləşdirmək" - paylamaq, bölüşdürmək:
Aldı Sabit çün üləşdirdi anı,
Oğlanın xeyrinə, ey canım canı.
"Ülüş" ismindən düzəlmiş bu fel qədim türk mətnlərində, o sıradan "Kutadqu biliq"də "üləmək", "Divani-lüğət it-türk"də "üləşmək", "Müqəddimətül-adab"da "ülüşmək" və "ülüştürmək", Qütbün "Xosrov və Şirin" tərcüməsində "ülüşdürmək", "Ət-töhfə"də isə "ülüştirmək" və "ülüləmək" şəklində işlənmişdir (71,399;75,353-354). Bu felə "ülüşmək" şəklində "Kitabi-Dədə Qorqud"da, Suli Fəqihin "Yusif və Züleyxa" məsnəvisində və "İxtiyarat"da da rast gəlirik (29,29;108,VI,4062;116,61b). XIV-XVI əsrlərə aid türkdilli yazılı abidələrdə "üləşmək" və "ülüştürmək" felləri geniş yayılmışdır (108, VI, 4062-4065). Həzini tərcüməsində bu fellə eyni kökdən olan "ulaşdırmaq" (yetirmək, çatdırmaq, birləşdirmək) da işlənmişdir:
Aydalar kim ol güruhi siz rəvan,
Damuya ulaşdırın uşbu zaman.
"Ulaşdırmaq" leksemi də orta əsrlər yazılı abidələrində geniş yayılmışdır (39,106;75,353-354;108,VI, 3944).
Dostları ilə paylaş: |