ƏL-HƏDİSÜL-HADİ ƏŞƏR
قال اخبر نی علی قال جاء علی الی بیته من عند النبی صلی الله تعالی علیه وسلم حتی دخل علی فاطمة بنت رسول الله فراها قاعدة وسلمان الفارسی بین یدیها ینقش لها صوفا فهی تغزل فقال لهایا کریمة النساء اعندک شی تطعمنی بعلک قالت والله ماعندی شی ولکن هذه وستة دراهم اتانی بهاسلمان غزلت بها صوفا وارید ان اشتری بها طعاما للحسن وا لحسین رضی الله عنهما 11
Guş qılgil bu hədisi, ey bəşər,
Ərbəindən budurur hadi əşər.
Cəfəri-Sadiq rəvayət eylədi,
Dedi kim, atam hekayət eylədi.
Ol dəxi həm verdi cəddindən xəbər,
Yəni ol, şiri-Xudadən, ey bəşər.
Böylə dedi ol əmirülmöminin,
Ol Əliyyül-Murtəzavü pakdin.
Dedi bir gün Mustəfa qatdan məgər,
Mən əvə gəldim, eşit, ey mötəbər.
Fatimə qatinə girdim içərü,
Oturur Salman ilə ol xubru.
Fatiməyə söylədim ol dəm əyan,
Varmıdır yanıŋda yeygü, qıl bəyan.
Fatimə dedi ki, billah, ey hümam,
Yanimizdə yoxdurur hərgiz təam.
Leyk vardır altı dirhəm, ey əmin,
Bil, anı Salman gətürmişdir yəqin.
Yuŋ gətürmişdir əgirməkçün maŋa,
Ücrətidür bu, anıŋ, ya Murtəza.
Ya Əli, şimdi Həsən birlə Hüseyn
Acdurur qayət ol iki nuri-eyn.
Dilərəm ki, anlarə yeygü alam
Kim, olarıŋ köŋlini xürrəm qılam.
Pəs Əli dedi ki, ya xeyrün-nisa,
Axçanı şimdi bərü vergil maŋa.
Varayam bazarə, bilgil bu zəman,
Anda yeygü alayam mən rəvan.
Fatimə verdi Əliyə axçanı,
Yeygü almağə alub getdi anı.
Gedər ikən yolda gördi bir kişi,
Gör ki, nə dedi, necə oldı işi.
Çağırur, söylər ki, kim ola bu gün,
Qərz verə Taŋrıya, ey rəhnəmün.
Kim təsəddüq edə bəeşqi-Xuda,
Yerinə əlli verə Xaliq aŋa.
Çün Əli eşitdi muni ol zəman,
Verdi ol dirhəmləri aŋa rəvan.
Ol kişiyə axçanı dabşurdi xoş,
Fatimə qatinə gəldi əli boş.
Fatimə gördi ki, boş gəldi Əli,
Qəmlü olub söylədi kim, ya vəli,
Sən əli boş nişə gəldiŋ bu zəman?
Ol Həsən birlə Hüseyn ağlar yaman.
Dedi, ya binti-nəbi, heç yemə qəm,
Həqq-təalaya anı borc vermişəm.
Fatimə eşitdi muni, oldı şad,
Yaxşı varmışsaŋ,-dedi, ey xoşnəhad.
Pəs Əli çıxdı əvindən ol zəman,
Mustəfa qatinə varmağa rəvan.
Bir kişi gördi ol dəmdə məgər,
Kim, əlinə bir dəvə almış yedər.
Çün yaxun gəldi Əliniŋ qatına,
Xoş səlam etdi Əliniŋ zatına.
Ol ərəb dedi aŋa, ya Bulhəsən,
Gəl mənimlən bu zəman lütf işlə sən.
Əksügim vardır, dəvəni satərəm,
Al, bəhasin ver maŋa, ey möhtərəm.
Ol əmirülmöminin dedi rəvan:
Yoxdurur nəqdim əlimdə, ey cəvan.
Bir qəribəm, bilgil ey şiri-Xuda,
Saxləyə bilmən muni, ey rəhnəma.
Əldə nəqdin yox isə bilgil yəqin.
Verürəm təxir ilən dəxi həmin.
Al muni məndən vəli bu şərt ilə,
Verəsəŋ həqqin xaçan düşsə ələ.
Dedi ki, söylə bəhasini rəvan,
Neçəyə verürsəŋ anı, qıl bəyan.
Dedi yüz dirhəmdürür, ya Bulhəsən,
Gər verürsəŋ, dut məharın şimdi sən.
Dedi aldım, ol əmirülmöminin,
Çün anı aldı, qayıtdı bəd əz-in.
Bir ərəb uğrar yenə yolda aŋa,
Ya Əli,-der,- bu dəvəŋi sat maŋa.
Sataram,-dedi,-Əli alsaŋ əgər,
Der: Bəhasin söyləgil, ey mötəbər,
Dedi: Üç yüz dirhəm versəŋ maŋa,
Bu dəvə bilgil ki, həqq olur saŋa.
Dedi aldım, saydı ol dəm axçanı,
Pəs Əliyə cümlə dapşurdı anı.
Pəs dəvəsini Əli təslim edər,
Noxtəsin dutdı, anı yeddi gedər.
Vardı bazarə Əli ala təam.
Ta qıla oğlanlarını şadkam,
Aldı anı çün əvə gəldi gerü,
Anı gördi güldi Zəhrayi-mahru.
Fatimə çün baxdı gördi axçanı,
Dedi kim, xandan gətürdin sən anı?
Bir dəvə aldım,-dedi,-mən bu zəman,
Verəcək yüz dirhəm, bilgil əyan.
Uş anı mən və’də ilə almışam,
Gör ki, bey’imdə nə assı qılmışam.
Qövl qıldım ki, ələ düşgəc verəm,
Diŋlə şimdi kim, yenə nə söylərəm.
Ol məhəl gəldi yenə bir müştəri,
Diŋlə kim, bu söz dögüldir sərsəri
Verdim üç yüz dirhəmi-nəqdə anı,
Gör işimni necə oŋardı qəni.
Böylə dedi çün muni şiri-Xuda,
Çıxdı yenə getdi bazardən yaŋa.
Ol dəvəniŋ sahibin eylər tələb,
Şərti ilə qılmış idi ol ərəb.
Verəsəŋ anı ələ düşgəc,-dedi,
Vardı ol ərəbi üştə istədi,
İstədi çox, anı bula bilmədi.
Heç kişi anıŋ nişanın vermədi.
Qayğulu köŋli Əli döndi gerü,
Məscidə gəldi rəvan ol səvgülü.
Mustəfayə gəldi, çün verdi səlam,
Mustəfa aldı səlamını təmam.
Pəs yüzinə baxdı, güldi Mustəfa,
Qayğuni rəf’ et,-dedi, ya Murtəza.
Qissəni şimdi səniŋ, ey Bulhəsən,
Sənmi verürsəŋ xəbər, yoxsa ki mən?
Der Əli: Ya Mustəfa, sən qıl bəyan,
Ləfzi-dürrbarıŋ ilə eylə əyan.
Ya Əli,-der,-diŋlə imdi söyləyim,
Nə idi hikmət, saŋa ərz eyləyim.
Ol ərəb kim idi, sən söylə maŋa
Kim, dəvəni və’dəyə satdı saŋa.
Dəxi bildiŋmi kim idi ol ərəb?
Kim anı səndən satun aldı əcəb?
Der Əli ki, bilməzəm mən, ya rəsul,
Sən məgər bildürsəŋ ki, kimdir ol.
Ol ki satdı anı, Cəbrail idi,
Həm alan dəx anı, İsrafil idi.
Altı dirhəm verdiŋ Allah yolinə,
Gör ki, ol Xaliq saŋa netdi yenə?!
Birisinə əlli verdi ol Xuda,
Altısinə qıldı həm üç yüz əta.
Dünyadə böylə əta qıldı kərim,
Kim bilür kim, daŋla neylər ol rəhim.
Böylə qılurdı süluk anlar müdam,
Anlarıŋ bu idi, virdi sübhü şam.
Əllərində quti-yövm olsa həman,
Sailə verürlər idi ol zəman
Biz xaçan buləsiyüz ol mənzili,
Döndərürüz yüz göricək saili.
Vəh məgər kim fəzli ilə ol Xuda,
Eyləyə rəhmət bizə yövmül-cəza.
Dostları ilə paylaş: |