Beləliklə, frustrasiya haləti neqativ emosional vəziyyət kimi insanların davranış və rəftarına mənfi təsir edir.
4. Ali hisslər.
Ali hisslər.
Ali hisslər bütünlüklə sosial amillərin təsiri ilə şərtlənir və inkişaf edir. İnsanı əhatə edən sosial gerçəkliyə münasibəti, eləcə də şəxsiyyəti onun keçirdiyi mürəkkəb (ali) hissləri təzahür edir. Deməli, insanın təbiət hadisələrinə, cəmiyyətə və cəmiyyətdəki əxlaq normalarına, qanunlara, başqa insanlara, millətlərə, eləcə də təbiət və insan gözəlliklərinə, bir sözlə gerçəkliyə olan münasibəti onun ali hisslərinin obyektini təşkil edir. İnsanların davranışı, qruplar arasındakı qarşılıqlı münasibətlər, insan mədəniyyətinin məhsulları, incəsənət əsərləri, cəmiyyətin idarə olunması və birgəyaşayış qayda-qanunları, dərkolunması vacib olan problemlər və s. həmişə insanlarda müəyyən hisslər doğurur. Belə hisslər ali hisslər kimi səciyyələndirilir. Ali hisslərin məzmunu şəxsiyyətin inkişaf səviyyəsindən, dünyagörüşündən, bilik və bacarığından, əqidə və inamından asılı olduğu üçün subyektiv xarakter daşıyır.