Əhval, tədricən yaranan orta qüvvəyə malik olan, xeyli müddət davam edən emosional haldır. Səhər eşitdiyimiz xoş bir xəbər bütün gün gümrah, şən əhval-ruhiyyə keçirməyimizə səbəb ola bilər. Bu baxımdan əhval xeyli müddət insanın davranışına və psixi proseslərinə təsir edən ümumi emosional haldır. İnsanda yaranan əhvallar müsbət və ya mənfi xarakter daşıya bilər. Məsələn, müsbət xarakter daşıyan, gümrah, şən, işgüzar əhval xeyli müddət, bəzən bir və ya bir neçə gün davam etməklə insanın fəaliyyətinə öz müsbət təsirini göstərə bilir. Bunun təsiri altında insan öz işini ruh yüksəkliyi, inamla yerinə yetirir. Mənfi əhval-ruhiyyə isə insanın fəaliyyətinə ləngidici təsir göstərir. Bir çox hallarda, əhvalın yaranması və dəyişməsi böyük emosional təəssürat yaradan, bəzi hissləri canlandıran, digərlərini zəiflədən müxtəlif həyat hadisələrindən ibarət ola bilər.