Frustrasiya – ( frustrasio latınca – aldanma, nahaq gözləmə, əhval pozuntuluğu ) – insanın düşdüyü psixi vəziyyət formasıdır. İnsanın öz məqsədinə çatmasına maneəçilik törədən real və ya xəyali maneələrlə rastlaşması nəticəsində keçirdiyi emosional hal - frustrasiya adlanır. Frustrasiyanı əngəlləmə duyğusu, hissi kimi xarakterizə etmək olar. Beləliklə, insanin qarşısına qoyduğu məqsədə nail olmasına, onu əldə etməsinə real və xəyali surətdə əngəllər törədən cisim və hadisələrlə qarşılaşdığı zaman keçirdiyi hisslər frustrasiya və ya əngəlləmə hissi adlanır. Başqa sözlə, frustrasiya insanın hər hansı bir uğursuzluğa, itgiyə, əlacsızlıq hissi, bihadə sərf olunan cəhdlə müşayiət olunan mənfi – emosional təəssüratdır. Frustrasiya əsasən insanın narazılıq və ya təmin olunmamaq səviyyəsi onun dözüm səviyyəsindən üstün olduqda əmələ gəlir. Frustrasiya özünü itirmək, qəzəb aqressiya, küskünlük, həyəcan, inamsızlıq və s. Şəkildə təzahür edir. Həyəcan – frustrasiya halətinin katalizatorudur. Həyəcan – mövcud vəziyyətin və davranışın gələcəkdə ortalığa çıxaracağı nəticə ilə bağlı olaraq yaranır. Bu hiss insanı gələcəkdə arzu etmədiyi bir durumda olmaqdam qorumasına yönəldir.