Ali hisslər – şəxsiyyətin formalaşması prosesində, mürəkkəb sosial tələbatların ödənilməsi ilə bağlı əmələ gəlir, məsələn, vətənpərvərlik, inam, dostluq və s. Sadə ( ibtidai ) hisslər – isə bütün canlı orqanizmlərin, o cümlədən, insanların üzvi tələbatlarının təmin olunması ilə əlaqədar olaraq baş qaldırır.
Ali hisslərin növləri.
Əxlaqi hisslər
İntellektual hisslər
Estetik hisslər
Praksis hisslər
Əxlaqi hisslər.
Əxlaqi hissləri həm də mənəvi, dünyagörüşü hissləri də adlandırırlar. Əxlaqi hisslərin obyekti ayrı-ayrı adamlar, kiçik qruplar, kollektivlər, dövlət, idarə və təşkilatlar, ictimai hadisələr, insan münasibətləri, mövcud qanunlar, qaydalar və insanın özü və keçirdiyi hisslər də ola bilər. Deməli, əxlaqi hisslər müəyyən cəmiyyət daxilində qəbul olunmuş əxlaq normaları əsasında sosial gerçəkliyin hadisələrinin qavranılması zamanı insanın keçirdiyi hisslərdir. İnsanın əxlaqi hissləri, müvafiq əxlaq normalarına bəslədiyi subyektiv münasibətlə bağlı olur. Əxlaqi hisslər sosial mahiyyət kəsb etdiyi üçün əsasən, ailə, məktəb və digər sosial institutlarda həyata keçirilən tərbiyə işləri ilə sıx bağlıdır. İnam, dostluq, yoldaşlıq, xeyirxahlıq, məhəbbət, insanpərvərlik, vətənpərvərlik, borc, həya və məsuliyyət hissi, vətəndaşlıq, humanizm və s.əxlaqi hisslərə misal ola bilər.