HiV infeksiyası ilə mübarizə yolları dəyişir



Yüklə 21,91 Kb.
tarix22.10.2017
ölçüsü21,91 Kb.
#10993

Kaspi qezeti 26 yanvar 2010-01-26
LINK: http://www.kaspi.az/news/a-2450.html

HİV infeksiyası ilə mübarizə yolları dəyişir

Yeni qanun daha çox profilaktika və dövlət təminatlarını nəzərdə tutur

"İmmunçatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında" qanun layihəsi parlamentin yaz sessiyasında ikinci və üçüncü oxunuşlarda müzakirəyə çıxarılacaq. Yeni qanun layihəsinin HİV-ə yoluxmuş xəstələrin müalicəsində və profilaktikasında xüsusi rol oynayacağı gözlənilir.

Qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, HİV-ə dünyanın münasibətini iki mərhələyə bölmək olar: "Birinci mərhələ HİV virusunun aşkar olunduğu 1981-ci ildən ötən əsrin sonuna qədər olan dövrü, ikinci mərhələ isə ötən əsrin sonlarından bugünkü günümüzə qədər olan dövrü əhatə edir. HİV virusu ilk dəfə ortaya çıxanda böyük vahimə ilə qarşılandı. Belə bir fikir də var idi ki, HİV bəşəriyyətin sonunu gətirən bir xəstəlik ola bilər. O zaman HİV-ə qarşı belə bir xof var idi". Komitə sədrinin müavini bildirib ki, buna səbəb ilk dövrlərdə insanlarda HİV virusu ilə bağlı dəqiq məlumatların olmaması olub. Eyni zamanda, infeksiyanın qarşısının alınmasının mümkün olmaması barədə məlumatlar da insanlarda xof yaradıb. Odur ki, ilkin mərhələdə HİV-li xəstələrə çox kəskin, izolyasiyaedici münasibət olub. Azərbaycanın HİV-lə mübarizəyə dair mövcud qanunu da məhz həmin yanaşma ilə 1996-cı ildə qəbul olunub: "Bu qanun 19 maddədən ibarət idi və əsas istiqamət ondan ibarət idi ki, cəmiyyət HİV xəstələrindən izolyasiya olunsun. Həmin ab-hava ilə bir növ HİV-li xəstələr cəmiyyətdən diskriminasiya olunmuş durumda idilər".


M.Quliyev bildirib ki, ancaq 21-ci əsrin əvvəllərində bu xəstəliyə və xəstəliyin daşıyıcılarına münasibət dəyişib. Dünyada "antiretrovirus" preparatları deyilən dərmanlar kəşf olunub. İndi həmin dərmanların artıq dördüncü nəsli tətbiq olunur və bu dərmanlar HİV virusunun istənilən mərhələdə inkişafını ləngitmək xarakterinə malikdir: "HİV virusunun əsas zərərli cəhəti odur ki, insanın immun sistemini sıradan çıxarır və nəticədə insan istənilən infeksiyadan dünyasını dəyişir. Çünki insanın immun sistemi sıradan çıxıbsa, o, ən adi qrip virusundan, anginadan, pnevmaniyadan dünyasını dəyişə bilir. Ancaq son vaxtlar immun sisteminin müəyyən itirilmiş funksiyalarını bərpa edən dərmanlar da ortaya çıxıb".
M.Quliyevin sözəlrinə görə, bütün bunları nəzərə alan Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Baş Assambleyası HİV-lə mübarizə ilə əlaqədar "12 addım" adlı yeni prinsiplər qəbul edib və bütün dünya ölkələrinə tövsiyə edib. Bu addımların içərisində də ən birinci şərt odur ki, HİV-li xəstələrə qarşı diskriminasiya aradan qaldırılmalı, onlar cəmiyyətin bərabərhüquqlu üzvləri sayılmalıdır.
M.Quliyevin sözlərinə görə, artıq tibb elmi sübut edib ki, HİV-lə yoluxma riski o qədər də böyük deyil. Yoluxma ancaq insandan-insana - cinsi, qanköçürmə yolu ilə anadan uşağa keçə, bir də ki xəstə şəxsin qanı ilə təmasda olarkən yarana bilər: "Bu şərtlərə yaxşı əməl etsə, heç kim HİV-ə yoluxmaz. İkinci tərəfdən, bu infeksiyaya yoluxan insanların 15 ildən artıq əmək qabiliyyətini bərpa edən dərmanlar mövcuddur. Bu dərmanlar artıq Azərbaycanda da tətbiq olunur. Məhz bunlar bizi vadar etdi ki, mövcud qanunu təzədən işləyək".
M.Quliyevin sözlərinə görə, yeni qanunvericilik aktında HİV-li xəstələrin cəmiyyətə inteqrasiyası, onlara qarşı diskriminasiyanın yolverilməzliyi, əmək, sosial müdafiə, sağlamlıq və digər hüquqlarının tamamilə tanınması başlıca istiqamət kimi götürülür: "Ümumiyyətlə, bu sənəddə baş istiqamət kimi profilaktika və dövlət təminatları nəzərdə tutulur. Eyni zamanda, əsas məsələlərdən biri kimi dövlət tibb müəssisələrində bu xəstələrin hamısının pulsuz müayinə və müalicə olunması, o cümlədən "antiretrovirus" preparatlarla pulsuz təmin edilməsi və Dövlət Proqramı şəklində bu təminatların həyata keçirilməsi önə çəkilir.

Yeni qanunda digər məqam HİV virusunun Azərbaycanda yayılmasının əsas yolları sayılan "venedaxili" narkomanlarla işin daha ciddi və düzgün aparılmasıdır. Layihə cəzaçəkmə yerlərində olan şəxslər arasında HİV-in yayılmasının qarşısının alınması yönündə profilaktik tərbirlərin reallaşdırılmasını, o cümlədən "zərərin azaldılması" proqramlarının tətbiq olunmasını, miqrantlarla bağlı müvafiq işlərin aparılmasını və sair məsələləri də əhatə edir. "Düşünürəm ki, bütün bunlar həm narkomaniyanın, həm də HİV infeksiyasının yayılmasının qarşısının alınmasında çox uğurlu bir addım olacaq" - deyə M.Quliyev vurğulayıb.



Birətəf millət vəkili Qənirə Paşayeva isə son illər Azərbaycanda HİV virusu daşıyıcılarının sayının artmasından narahatdır. Onun fikrincə, bu artım çox təhlükəli bir tendensiyadan xəbər verir. Ona görə də Azərbaycanda QİÇS-lə mübarizə tədbirləri daha da sürətləndirilməlidir. "İlk növbədə bu virusun yayılma göstəricisi kimi özünü büruzə verən hallar aradan qaldırılmalı, sanitar-gigiyena tədbirləri gücləndirilməlidir" - deyə millət vəkili vurğulayıb. Onun bildirdiyinə görə, son dövrlər Azərbaycanda "Hepatit C" xəstəliyinə düçar olanların sayı təhlükəli həddə çatmaqdadır: "Bu xəstəlik də ilk növbədə yoluxma vasitəsilə baş verir. Məsələn, xəstəxanaların cərrahiyyə, ginekoloyi şöbələrində bu xəstəliyə yoluxmaq üçün bir münbit "zəmin" var. Xüsusilə gənc qadınlar ginekoloyi şöbələrlə tez-tez ünsiyyətdə olurlar. Odur ki, onlar bu zaman çox tələbkar olmalıdırlar. Gənc xanımlar onları müayinə, müalicə edən həkimlərdən sanitar-gigiyenik cəhətdən təmizliyə riayət olunmasını tələb etməlidirlər".
Millət vəkilinin sözlərinə görə, bu xəstəliyin yayılmasında mühüm "mənbə" rolu oynayan faktorlardan biri də qadın, kişi salonlarıdır: "Qadınlarımız manikür-pedikür və yaxud müxtəlif tatu-döymələr etdirmək üçün gözəllik salonlarına tez-tez müraciət etməli olurlar. Təsəvvür edin ki, həmin işlərlə məşğul olan gözəllik salonlarının böyük əksəriyyətinin vəziyyəti sanitar-gigiyenik cəhətdən çox pis haldadır. Həmçinin xüsusilə bölgələrdə kişi salonlarının vəziyyəti ürəkaçan deyil. Onlar heç bir halda müasir dövrün tələblərinə cavab vermir".
Millət vəkilinə görə, çox vaxt "Hepatit C"nin yayılmasına qan köçürmələri də səbəb olur. Ona görə də qanköçürmə prosesinə çox ciddi nəzarət edilməlidir: "Konkret olaraq, bir insanın digər insana "Hepatit C" daşıyıcısı olması yoxlanılmadan qan verməsinə son qoyulmalıdır. Çünki hər birimiz "Hepatit C"nin daşıyıcısı ola bilərik".
Millət vəkili bildirib ki, qəbul ediləcək yeni qanunvericilik aktında həkimlərin məsuliyyəti məsələsi çox ciddi şəkildə öz əksini tapmalıdır: "Bu xəstəlik artıq çox geniş şəkildə yayılmış bir bəladır. Hətta bəzi insanlar bu xəstəlikdən əziyyət çəkdiklərini belə bilmirlər. Misal üçün, bəzən elə olub ki, bir sıra insanları qaraciyərin serrozu diaqnozu ilə çox ağır vəziyyətdə xəstəxanalara yerləşdiriblər. Həkim onlara bildirib ki, qaraciyərin serrozundan əziyyət çəkirlər. Ancaq sonradan aparılan müayinələr nəticəsində məlum olub ki, həmin xəstə "Hepatit C"yə tutulub və serrozu da bu əmələ gətirib".
İ.QULİYEV







Yüklə 21,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin