Baş Assambleyanın İnsan Hüquqları Şurasının (Şura) yaradılmasına dair 60/251 saylı qətnaməsində qərara alınmışdır ki, Şuranın iş metodları tövsiyələrin növbəti müzakirələrinin aparılmasına və tövsiyələrin icrasına imkan verməlidir.
Şura müzakirə etdiyi insan hüquqları məsələlərini aşağıdakı şəkildə izləyir:
Qəbul etdiyi qətnamə və qərarlarda izləmə ilə bağlı məsələlərə birbaşa istinadlar edir. Qətnamələrə çox vaxt “Şura bu məsələ ilə məşğul olmağa davam edəcəkdir” müəyyən edən müddəalar daxil edilir. Bu o deməkdir ki, məsələ gələcək sessiyada Şuranın müzakirələrinin mövzusu olaraq qalacaqdır.
Gündəlikdə duran və müəyyən vaxt ərzində təkrarlanan məsələlər əsasında müntəzəm və xüsusi sessiyalar keçirir. Əsasən müntəzəm sessiyalar təşkil olunsa da, eyni və ya bənzər mövzulara dair xüsusi sessiyalar da keçirilə bilər (məsələn, Suriya Ərəb Respublikasında insan hüquqlarının vəziyyətinə dair 2011 və 2012-ci illərdə keçirilmiş xüsusi sessiyalar).
Öz mexanizmlərinə, o cümlədən xüsusi prosedurlara, köməkçi orqanlara və ya İnsan Hüquqları üzrə Ali Komissarlığa müəyyən addımları atmağı və gələcək sessiyada bu haqda hesabat verməyi tapşırır. Şura həmçinin insan hüquqlarının pozulması hallarını araşdırmaq və əldə olunmuş nəticələrə dair hesabatı Şuraya təqdim etmək mandatına malik olan tədqiqat komissiyası və ya faktaraşdırıcı missiya kimi xüsusi mexanizmləri yaratmağa da qərar verə bilər. Şura tərəfindən adəti üzrə verilən digər tapşırıqlara tədqiqat işlərinin aparılması və ya ekspert iclaslarının və ya panellərinin təşkili daxildir.