Akademik yazının ürəyi, mən deyərdim ki, əks-arqumentlərdir. Bir mövzuda araşdırma edərkən, öncədən formalaşmış bir mövqeyiniz varsa, əks mövqelərə göz yummayın. Ümumiyyətlə, həyatınızda da hər zaman əks fikirlərə, tənqidlərə açıq olmağınızı tövsiyə edərdim. Bu sizi məsələlərə çoxtərəfli yanaşmağa və sahələrarası düşünmə bacarıqlarınızı formalaşdırmağa kömək edəcək. Qərəzli yanaşma hər zaman əskik yanaşmadır. Dəstəklədiyiniz mövqeyi yazınızda bildirib əsaslandırdıqdan sonra, əks mövqedə olan fikirləri yeni abzasda qeyd etməyiniz və mübahisələndirməyiniz sizin mövqeyi daha da möhkəmləndirəcək. Akademik yazını güclü edən də elə budur. Uyuşmayan fikirlər toplamaq, toqquşan məqamları araşdırmaq və əks-arqumentlər formalaşdıraraq, mövqeyinizi isbat etməyə çalışmaq.