Ünsiyyətin məzmunu dedikdə fərdi təmas zamanı bir insandan digərinə ötürülən informasiya nəzərdə tutulur. Məhz öz məzmunundan asılı olaraq insanların ünsiyyəti müxtəlif xarakter daşıya və fərqlənə bilər. Ünsiyyətin məzmununu, hər şeydən əvvəl, insanın daxili motivasiya və emosional vəziyyəti haqqında məlumat təşkil edə bilər. Bu zaman insanlar bir-birinə mövcud tələbatları, emosional vəziyyətləri (razılıq, narazılıq, sevinc, kədər, qəm, qəzəb və s.) haqqında məlumatları çatdırır ki, bu cür informasiyalar bir adamdan başqalarına ötürülməklə şəxsiyyətlərarası tənzim rolunu oynaya bilər. Ünsiyyətin məzmunu ətraf mühit, orada baş verən hadisələr haqqında məlumatlardan da ibarət ola bilər. Bu zaman ünsiyyətdə olan insanlar bir-birilərinə mövcud təhlükə, həyati əhəmiyyətə malik olan amillər haqqında məlumat verə bilərlər.