Humanitar fənər



Yüklə 269,93 Kb.
səhifə36/161
tarix31.12.2021
ölçüsü269,93 Kb.
#112885
1   ...   32   33   34   35   36   37   38   39   ...   161
ADİAK dərs vəsaiti

1. Kimə natiq demək olar?
2. Hər adam natiq ola bilərmi?

Eyni zamanda “Nəyi demək?”, “Harada demək?” və “Necə demək?” sualları da onu düşündürürdü.
Siseron nitqin qarşısında isə üç tələb qoyurdu:
1. Nitq öyrətməli, bilik verməlidir;
2. Nitq dinləyiciyə güclü müsbət təsir göstərməlidir;
3. Nitq söyləniləndə qulaq asanlara ləzzət verməlidir, həzz mənbəyi olmalıdır.
Siserona görə: “Şairlər anadan şair doğulurlar, natiqlər isə ictimai-siyasi həyatda sonradan yetişirlər”. “Əsl natiq o şəxsdir ki, adi işlər haqqında sadə, böyük işlər haqqında əzəmətlə, orta səviyyəli işlər barədə isə yuxarıdakılar arasında orta mövqe tutan bir üslubda danışmağı bacarır”. Natiq öz zəhməti ilə elm və mədəniyyət , təlim və tərbiyə məsələləri ilə bağlı kitablardan bilik və məlumat toplamalı, nitqi gözəlləşdirən, onun təsir gücünü artıran, insanlara əsl insani keyfiyyətlər bəxş edən, onları kamilləşdirən fikirləri aşılamalıdır. O, “Natiq haqqında” əsərinin birinci hissəsində qeyd edir ki, natiq olmaq üçün birinci və ən zəruri şərt ona təbiətin bəxş etdiyi istedaddır. Axı natiq olmaq üçün dərin zəka və həssaslıq tələb olunur. Siseronun fikrincə, əgər istedad insanın gözəlliyidirsə, bu gözəlliyin rəngi natiqlikdir. Deməli, xüsusi istedad sahibləri natiq kimi yetişə bi- lər və bu sənəti zirvəyə qaldıra bilərlər. Hər adam natiq ola bilməz! Topladığı faktik materialları, müşahidə etdiyi hadisələri, zərurətdən doğan rəqəmləri, nəzəri ədəbiyyatdan götürdüyü mülahizələri və s. yadda möhkəm saxlamağı, yeri gəldikcə onlardan məharətlə istifadə etməyi bacarmaq böyük hünərdir. Ancaq müdrik adam həqiqi natiq ola bilər. Həqiqətən də natiqlik gözəllik haqqındakı elmlərə əsaslanır. Müdriklik və hazırcavablığı yüksək qiymətləndirən Siseron deyirdi ki, dinləyicilərin yorğunluğunu aradan qaldıran, məqamına düşən mənalı zarafatlar da müdriklik əlamətidir. Həqiqi natiq öz müdrikliyi və dinləyicilərə güclü təsir göstərmə məharəti ilə təkcə nüfuz qazanmır, həm də vətəndaşlara, dövlətə fayda verir, uğurlar gətirir, səadət bağışlayır.

Eramızın I yüzilliyində həm Yunanıstanın, həm də Romanın əvvəlki əsrlərdə yaşamış natiqlərinin nitq mədəniyyəti ilə bağlı fikirlərini ümumiləşdirib yekunlaşdıran Mark Fabi Kvintilian (35-96-cı illər) olmuşdur. Mark Fabi Kvintilian natiqlik sənətinin incəliklərini özünün 12 kitabdan ibarət “Natiqin təhsili (formalaşması) haqqında” əsərində əks etdirmişdir. Mark Fabi Kvintilian natiqlik sənətini 5 hissəyə ayırıb nitq üçün söz və ifadələrin seçilməsini, yadda saxlanılmasını və ifadə olunmasını (yüksək, orta və aşağı üslubda) başlıca şərt kimi irəli sürürdü. O, nitq mədəniyyətinə gətirdiyi yenilikləri böyük sənətkarlıqla özündən neçə əsr əvvəl yaşamış Demosfenin və Siseronun adına çıxaraq yazırdı: “Demosfendən heç bir şeyi ixtisar etmək, Siserona isə heç bir şeyi əlavə etmək olmur”.

Sonrakı əsrlərdə Fransa, Almaniya, İtaliya, İngiltərə, İspaniya antik mədəniyyətin bütün incəliklərini Roma məktəbi vasitəsilə əldə edib yeni dövrlə əlaqələndirməyə başladılar. 12- ci əsrdə İngiltərənin Oksford, 13-cü əsrdə Fransanın Sorbon və İtaliyanın Boloniya Universitetlərində natiqlik sənətinə aid mühazirələr oxunurdu.

VII əsrdə İslam dininin meydana gəlməsi ərəb mədəniyyətinin inkişafında xüsusi mərhələ sayılır. Məhz bu əsrdə ərəb ədəbiyyatı, ərəb musiqisi, ərəb elmi misli görünməmiş dərəcədə inkişaf etməyə başladı. Məkkədə doğulmuş Məhəmməd Peyğəmbər (570-632) Allahdan gələn vəhyləri (qeybdən gələn nidaları, cümlələri) əsl natiq kimi oxuduğu xütbələrdə insanlara çatdırır, onları qan qohumluğu ilə deyil, dini inanc əsasında birləşməyə, bir olan Allaha ibadət etməyə, möminliyə çağırırdı. İki tayfaya bölünmüş məkkəlilər – tək bir Allaha inanan və ona ibadət edən Haşimilər Məhəmməd Peyğəmbərin başçılığı ilə Əbu Süfyanın rəhbərlik etdiyi Bəniüməyyəlilərə - bütpərəstlərə qarşı illərlə mübarizə və müharibələr aparmışdılar, müharibələrdə çoxlu insan qırğınına yol verilmişdi, çox sərkərdə və döyüşçü itirilmişdi. İnsanlar Məhəmməd Peyğəmbərin yetkin- lik yaşında nümunəvi əxlaqına, yüksək tərbiyəsinə, çox ağıllı sözlər, fikirlər söyləməsinə, bəlağətli nitqlə danışmasına heyran qalırdı. Həzrət Məhəmmədə 40 yaşında (609-cu ildə) Hərra dağında peyğəmbərlik verilmişdi. Allahdan ona peyğəmbərlik və islam dinini yaymaq əmri gəlmişdi. “Bir tək Allah var və mən də onun ən sonuncu rəsuluyam” – deyən Həzrət Məhəmməd Peyğəmbər bütün bəşəriyyəti tək Allahlığa, İslam dininə, Allahın vacib əməllərindən olan Məkkəyə Həcc ziyarətinə, Ramazan ayında oruc tutmağa, gündə üç (beş) dəfə namaz qılmağa, fitrə-zəkat verməyə, kasıblara əl tutmağa, yetimlərə arxa olmağa, haram yeməməyə, yalan danışmamağa, düzgün bir müsəlman kimi, insanlarla mehriban olmağa, müharibələrə deyil sülhə, Allaha ibadət etməyə çağırırdı.

Məhəmməd Peyğəmbər 616-cı ildə İslam (İtaətetmə) dinini yaradaraq güclü bir natiq kimi müsəlmanları (İslam dininə inananları) Allahın kəlamlarına, Qurani-Kərimin hökmlərinə, şəriət qanunlarına tapınmağa dəvət edirdi.

VII əsrin axırlarında Əl-Fərabinin ərəb poeziyası əsasında tərtib etdiyi ritmik-melodik modellərlə “Qurani-Kərim” ayələrinin xüsusi avazla oxunması ərəb natiqlik sənətinin inkişafına böyük təkan verdi. Xüsusən, İslamın böyük ideoloqu, Peyğəmbərin əmisi oğlu və kürəkəni (xanım Fatimeyi-Zəhranın əri) Həzrət İmam Əli şəriət haqqında xütbələri ilə özünü mahir bir natiq kimi tanıtmış, 656-661-ci illərdə müsəlman dövlətinin başçısı olduğu dövrdə İslam dininə böyük şöhrət gətirmişdi. Onun nəsihət və kəlamları indi də bütün dünyada məşhur olan “Nəhcül-Bəlağə” adlı kitabda toplanmışdır.

Azərbaycanda natiqlik sənətinin formalaşması haqqında məlumatlara XI-XIII əsrlərdə yazılmış məxəzlərdə rast gəlirik. Görkəmli söz ustaları – sənətkarlar, vəzirlər Azərbaycan-türk dilində olmasa da, fars, ərəb dillərində söz, kəlam, dil haqqında, təlim-tərbiyə haqqında ibrətamiz fikirlər söyləmiş, insanların ünsiyyətinə, danışığına, nitqinə, natiqliyə xüsusi yer ayırmış, fəzilət sahiblərinin məntiqi çıxışlarını nümunə kimi təqdim etmişlər. Belə sənətkarların cərgəsində İbn Sina (X əsr), Nizamül-Mülk (1017-1092) və Xacə Nəsirəddin Tusinin (1201-1274) xüsusi yeri vardır.

Nizamül-Mülk səlcuq sarayında əvvəlcə Alp-Arslanın, sonra Məlik şahin vəziri olmuş, “Siyasətnamə” əsərində söz- kəlam-dil haqqında öz fikir və nəsihətlərini toplamışdır. Loğman adı ilə Şərqdə məşhur olan İbn Sina yazırdı: “Hər iki dünyada xoşbəxt olmaq istəyirsənsə, özünü anla. Oxuyub öyrənməyə çalış ki, bilən ilə bilməyən bir deyildir. Tənbəl olma ki, bu, bədbəxtlik əlamətidir. Dosta gülər üz göstər və yaxşılıq et. Danışıq arasında kimsəni utandırma. Yaxşı sözləri, mənfəətli danışıqları eşitməyə rəğbət et. Gözəl kitablar və məcmuələr oxumağa adət et. Əvvəl fikirləş, sonra danış. Yoxsullara kömək et. Sözündə, işində, gedişində doğru ol. Xalqın könlünü xoş tutmağa çalış. Sənin yaxşılığını istəyənləri tanıyıb, onların gözəl nəsihətlərinə əməl et. Bacarmadığın bir şey üçün bacararam deyib vəd vermə. Bir işə başlayanda əvvəl onun axırını fikirləş. Axırı pis qurtaracaq bir işi başlama. Oxumağa və öyrənməyə həvəs et. Çünki uşaqlıqda öyrəndiyin işlər həmişə yadında qalacaqdır. Bu gün görə biləcəyin işi sabaha saxlama. Bir işə çətin deyib, ondan qorxma, çünki işin çətin tərəfi yalnız başlamaqdır. Başlanan iş çox asanlıqla tamam olur.

Xacə Nəsirəddin Tusi XIII əsrin böyük filosofu, riyaziyyatçısı, astronomu kimi Şərqdə özünə böyük şöhrət qazandırmışdır. O, binom düsturunun həllini Nyutondan, maddə çəkisinin saxlanması qanununu M.Lomonosovdan çox-çox əvvəl kəşf etmiş, bir sıra astronomik tapıntıların müəllifi olmuşdur. Tusi əxlaq qaydalarına və natiqlik sənətinə aid “Əxlaqi-Nasiri” (Nasirin əxlaqa aid fikirləri) əsərində (1234-cü il) natiqin nitqinə, nitq mədəniyyətinə belə tələblər qoyurdu: “İnsan çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi hekayət və ya rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır. Baş- qasından soruşulana cavab verməməli, ümumidən edilən sualda başqalarını qabaqlayıb tələsik irəli düşməyə çalışmamalıdır. Biri cavab verməklə məşğul isə, daha qabil cavab verməyə qadir olsa da səbr etməli, o, sözünü qurtardıqdan sonra öz cavabını verməlidir. Lakin əvvəlkinə tənə etməməlidir... Onun yanında iki adam söhbət edirsə, ondan gizlədilirsə, gizlin qulaq asmamalıdır, özləri müraciət etməsələr söhbətə qoşulma- malıdır. Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə yavaşdan, mülayim səslə sözünü deməlidir. Danışdığı məsələ qəlizdirsə, aydın misallarla izah etməyə çalışmalıdır, qısa və yığcam danışmalıdır”.

Azərbaycanda natiqlik sənətinin inkişafı qədim dövrlərə gedib çıxır. Görkəmli Azərbaycan yazıçıları nitq və dil məsələlərinə xüsusi diqqət yetirmişlər. Klassik şairlərimizdən Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli söz, kəlam, dil haqqında qiymətli fikirlər söyləmiş, məclisdə gözəl və dəyərli nitqi döyüş meydanında silah kimi qiy- mətləndirmiş, natiqlik sənətinin bir sıra məsələlərinə münasibət bildirmişlər.

Nizami “Xosrov və Şirin” poemasında boş və mənasız sözlərdən uzaq olmağı, söhbəti uzatmamağı, məclisdə az danışmağı, sözün yerini bilməyi, onu urvatdan salmamağı tövsiyə edir. Şair təmkinlə danışmağı, fikri az sözlə ifadə etməyi, duzlu-məzəli atmacalarla, zarafatlarla məclisə təsir göstərməyi, dinləyicilərin qəlbinə yol tapmağı ilkin şərt kimi irəli sürür.

İ.Nəsimi məharətli natiq kimi hürufilik təriqəti ideyalarını təbliğ etmək məqsədilə müxtəlif ölkələrdə, Yaxın Şərqdə kütlələr qarşısında etdiyi çıxışlarında natiqlik məharəti, nitqin kamilliyi və təsir qüvvəsi, nitqdə forma və məzmun vəhdətinin gözlənilməsi haqqında fikir və mülahizələr söyləmiş, söz sənətinə yüksək qiymət vermişdir. Ş.İ.Xətai həyatda sözün böyük təsir gücünə malik olduğuna inanır, sözü ağıl və kamalın, bacarıq və istedadın güzgüsü adlandırırdı.

İraqda, Bağdad yaxınlığındakı Kərbala şəhərində doğulub boya-başa çatan və burada da yaşayıb yaradan M.Füzuli (1494- 1556) ərəb və fars dillərində mədrəsədə həm dini, həm də dünyəvi elmlərə dərindən bələd olmuş, əsərlərini də ərəb, fars və ana dilində (Azərbaycan türk dilində) yazmışdır. Həmin dövrdə fars dilində yazılan əsərlərin-qəzəllərin çoxluğunu, bu dili şeir, sənət dili, Hafizin, Xəyyamın, Sədinin dili kimi başa düşüb həmin sənətkarların təsiri altında olanlar bu dili nəzm üçün, xüsusən də qəzəl janrı üçün yeganə, əlçatmaz zirvə kimi mədh edirdilər. Fars dilinə pərəstiş edib ana dilimizi qəzəl və iri həcmli əsərlər üçün səviyyəsiz hesab edənlərə qarşı çıxan şair yazdığı saysız-hesabsız qəzəlləri və “Leyli və Məcnun” poeması ilə sübut etdi ki, Azərbaycan dili insanın daxili aləmini açmaqda, onun dərin hisslərini ifadə etməkdə elə yüksək zirvədədir ki, yalnız həqiqi sənətkar qələmi ilə öz ecazkar qüdrətini göstərə bilər. Həqiqətən, dahi şair dilimizin inkişafında bahar təbiətə xüsusi təravət, gözəllik gətirdiyi kimi, Füzuli də şeirimizə, xüsusən qəzəl janrına misli görünməmiş bir ucalıq gətirdi ki, hələ də bu ucalığı fəth edən ikinci bir sənətkar yoxdur.

XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində yaşamış şair, rəssam, musiqişünas, xəttat, nəqqaş, maarifçi- pedaqoq kimi tanınan Mir Möhsün Nəvvab danışıq mədəniyyəti haqqında bir sıra maraqlı fikirlər söyləmişdir. Onun “Nəsihətnamə” əsərində (beş yüz nəsihət) belə tövsiyələr vardır: “Bacardıqca qısa və mənalı danış, əks halda, danışmasan yaxşıdır; Sözü deyən vaxt fikrini düzgün ifadə et; Bişirilməmiş söz danışma. Danışarkən özündən çıxma; Sözü çox uzadıb tək- rar etmə ki, avamlığa dəlalət edər; Səndən bir söz soruşmasalar demə; O adam ki, sənin məsləhətini eşitmir, nəsihət etmə; Məclisdə öz qədərindən artıq danışma, Yoldaşlara da fürsət ver; Məclis əhli xahiş etsə, yenə danışa bilərsən”.

Respublikamızda ictimai-siyasi natiqliyin ən bariz nümunələrini xalqımıza zəmanəmizin ən tanınmış, ən görkəmli siyasi xadimi ümummilli lider, ulu öndər Heydər Əliyev (1923-2003) bəxş etmişdir. Dövlət xadimi gözəl danışığı ilə hadisələrin mahiyyətini, qarşılıqlı əlaqəsini dəyərləndirdiyinə və insan hüquqlarını düzgün qiymətləndirdiyinə görə daim xatırlanır. Dahi siyasətçi həm siyasi, həm hüquqi, həm də akademik natiqliyin sirlərinə məharətlə yiyələnmiş bir insan idi. O, məruzə, nitq və çıxışlarında dilimiz, incəsənətimiz, mədəniyyətimiz və mədəniyyət xadimlərimiz haqqında söylədiyi orijinal sözləri, deyimləri və fikirləri ilə bütün gənclərimizə nümunə idi. Bu gün gənc nəsil, xüsusən tələbələrimiz müasir dünya siyasətini və beynəlxalq hüququ Heydər Əliyev diplomatiyasından öyrənməli, Azərbaycanı sevməyi və sevdirməyi bacarmalıdırlar. Onun natiqlik estafetini bu gün prezident İlham Əliyev davam etdirir, Azərbaycanın uğurlarını səfər etdiyi ölkələrdə, aparıcı dövlətlərdə, BMT və ABŞ-da bir neçə dildə, o cümlədən Azərbaycan, rus, ingilis və fransız dillərində dünya xalqlarına çatdırır.


Yüklə 269,93 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin