Fevralın 29-da Hilton otelində “Hüquqi Müdafiə və Maarifləndirmə” Cəmiyyətinin Avropa Birliyi və Avropa Şurası ilə birgə layihəsi çərçivəsində Əsas İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasının 10-cu maddəsi (İfadə Azadlığı) ilə bağlı hakimlər üçün seminar keçirilib. Çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Səlahiyyətli Nümayəndəsi Çingiz Əsgərov, Avropa Şurasının Bakı ofisinin rəhbəri Konstantin Yerokostopolos, Avropa İttifaqının Bakıdakı nümayəndə heyətinin rəhbəri Rolan Kobia, Avropa Şurası Media Divizionundan Leyla Dervisacic və Hüquqi Müdafiə və Maarifləndirmə” Cəmiyyətindən Xalid Ağaliyev tədbiri açıq elan edib. Çıxış edənlər seminarın hakimlərin bundan sonra çıxaracaqları qərarların daha da əsaslandırılmış, daha da hüquqları təmin edən olmasına tövhə verəcəyinə ümid etdiklərini bildiriblər. Həmçinin bildiriblər ki, təlimin məqsədi azərbaycanlı hakimlərin öz təcrübələrini bölüşməsi və qonaqların təcrübəsi barədə məlumat almasıdır.
İki gün davam edəcək seminar üç sessiyadan ibarət olacaq. Birinci sessiyada Avropa İnsan Hüquqları Məhkəməsinin keçmiş hakimi Mindia Ugrexelidze “Avropa İnsan Hüquqları Məhkəməsinin 10-cu maddəsinin Konvensiyalar sistemində rolu və yeri”, Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Fazil Mustafa “Azərbaycanın ifadə azadlığı qanunvericiliyinin Avropa standartlarına uyğunluğu”, fransalı hüquqşünas Frederic Gras “Avropa İnsan Hüquqları Məhkəməsinin defamasiya və rəsmilərin tənqidi ilə bağlı qərarlarına baxış” mövzusunda çıxış ediblər. İkinci sessiyada isə Media Hüququ İnstitutundan vəkil Rəşid Hacılı “İfadə Azadlığı hüququ ilə bağlı Azərbaycan qanunvericiliyin durumu və yerli məhkəmə təcrübəsi” mövzusunda çıxış edib. Fikir mübadilələri və müzakirələrlə davam edən seminarın ikinci günündə isə fransalı hüquqşünas Frederic Gras “Avropa İnsan Hüquqları Məhkəməsinin informasiya əldə etmək azadlığı, jurnalist mənbələrinin müdafiəsi və dövlət sirri üzrə qərarlarına baxış”, Avropa İnsan Hüquqları Məhkəməsinin keçmiş hakimi Mindia Ugrexelidze “İfadə azadlığı üzrə milli və beynəlxalq məhkəmə praktikası” mövzusunda çıxış edəcək.
Dostları ilə paylaş: |