Hüseyn Soyad: Qurbanlı Fakültə: Sosial Menecment İxtisas: Turizm bələdçiliyi



Yüklə 135,91 Kb.
səhifə5/5
tarix25.11.2023
ölçüsü135,91 Kb.
#134344
1   2   3   4   5
İmpressionizm və onun tanınmış nümayəndələri ( VORD)

5. Pyer Ogüst Renuar
Məşhur fransız rəssamı Pyer Ögüst Renuar (1841-1919) incəsənət tarixində özünün bənzərsiz əsərlərilə qalıb. O, ortabab bir ailənin övladıydı. Atası və anası dərzi idilər. Renuar üç yaşında olanda valideynləri doğma Limogesdən Parisə köçürlər. 
Yeddi yaşında o, rahiblərin məktəbinə gedir, yazmağı və oxumağı öyrənir. 13 yaşı olanda atası onu bir keramika ustasının yanına şagirdliyə verir.

Pyer keramika məhsullarını boyamağı öyrənməklə yanaşı, axşamlar Dekorativ sənətlər və rəsm məktəbinə gedirdi. Dörd il çalışdığı keramika emalatxanası bağlanır və Renuar yelpik bəzəyən bir emalatxanada özünə iş tapır. O, yelpiklər üzərində böyük ustalıqla rəsmlər çəkirdi. Bu işdən yaxşı pul da qazanırdı, ancaq onun başlıca məqsədi rəssamlıqla dərindən məşğul olmaq idi. 

Renuar sənətə başladığı ilk illərdə Eduard Monenin üslubunu bəyənmiş, bunu Qustav Kurbenin plastik ifadə tərzi və Ejen Delakruanın rəng dünyası ilə birləşdirmişdi. 1862-ci ildə İncəsənət Akademiyasına qəbul olunur və isveçrəli rəssam Şarl Qleyrin emalatxanasında çalışmağa başlayır. Burada o, sənətdə irəliləyişinə təkan verəcək rəssamlar Alfred Sisley ve Klod Mone ilə tanış olur. 1864-cü ildə “Esmeralda avaralar arasında rəqs edir” əsəri sərgiyə qəbul edilir. Bu arada Renuar çalışdığı emalatxanada düşüncələrinin dostlarıyla düz gəlmədiyini anlayır və İncəsənət Akademiyasından ayrılır. 
Bundan sonra o, Fontenblo meşəsində açıq havada rəsmlər çəkir və rəssamın impressionizm dönəmi başlayır. Bu meşə bir çox rəssamların ilham qaynağı idi. Bu illərdə rəssam ona bir çox əsərində modellik edən Liza Treo ilə tanış olur. Renuar öz modelini böyük ilhamla çəkir, onun gözəl simasını bütün əsərlərində verməyə çalışırdı. 
1870-ci ildə Almaniyanın Fransaya qarşı savaşa başlaması Renuarın yaşamında və yaradıcılığında dəyişikliyə səbəb oldu. Cəbhəyə gedən rəssam sonradan xəstəliyi üzündən ordudan tərxis edildi. Yenidən yaradıcılığa başlayan sənətkar iki məşhur əsərini yaratdı. Onlardan biri dostunun sevgilisinin portreti, o birisi isə “Qadın tutuquşu ilə” əsəri idi. Bu əsərdə yenə də əsas obraz sevimli Liza idi. 
Renuar 1872-ci ildə impressionistlərin böyük himayədarı Paul Durandla görüşür. O, rəssamın bir neçə əsərini alır. 1873-cü il aprel-may aylarında Renuar, Mone və başqa rəssamların impressionist əsərlərindən ibarət ilk sərgiləri açılır. Bu, impressionistləri qəbul etməyənlərə qarşı atılmış addım idi. Bir il sonra isə Parisdə fotoqraf Nadarın qalereyasında düzənlənən sərgidə hərrac yoluyla Renuarın üç əsəri satılır. 
Bu illərdə Renuar yalnız impressionist əsərlər çəkir və rəğbətlə qarşılanır. 1879-cu ildə o, yavaş-yavaş bu cərəyandan uzaqlaşmağa başlayır. 1881-ci ilin fevralında Əlcəzairə gedir. Bir ay sürən səyahət zamanı rəssam çoxlu portret və mənzərələr çəkir. Həmin ilin oktyabrında İtaliyaya yollanır. Bu səfər də onun yaradıcılığına təsirsiz ötüşmür. Rəssam İtaliyada klassisizmlə daha yaxından tanış olur və onun təsirinə düşür, beləliklə, bu yöndə bir neçə əsərini yaradır. 
1881-ci ildə bir varlı adamın Renuarın əsərlərini almasıyla maddi durumu yaxşılaşır. Rəssam uzun sürən maddi qayğı və sıxıntılardan qurtulur. Qeyd etdiyimiz kimi, bu illərdə o artıq impressionizmdən uzaqlaşaraq klassisizmə üz tutmağa başlamışdı. Onun yaradıcılığında bunu göstərən ilk əsər “Çətirlər”dir. Rəssam bu əsərlə yeni bir üsluba yön aldığını anlayır.
Bu müddətdə Renuarın açıq rənglərdən uzaqlaşdığı aydınca görünür. İmpressionizmdən uzaqlaşaraq bu sayaq əsərlər yaratması onun daha böyük sərgilərdə görünməsinə gətirib çıxarır. 

Renuar yaradıcılığının ən yüksək nöqtəsinə çatdığı zaman amansız xəstəliyə tutulur. 1903-cü ildə ölkənin cənubundakı Cagnes şəhərinə köçür. 1915-ci ildə xanımının ölümü də sənətkarda dərin üzüntü yaşadır. Bundan dörd il sonra - 1919-cu ildə o, vəfat edir. 
Bu əvəzsiz rəssamdan bəşəriyyətə “Mulen de la Qaletdə bal”, “Böyük çimərlik”, “Yaz çiçəkləri”, “Esmeralda avaralar arasında rəqs edir”, “Liza çətirlə”, “Günəş işığında çılpaq”, “Gəzinti” və onlarla bu kimi bənzərsiz sənət əsəri qalıb. Onun gözəl rənglərdən, duyğulardan yaranmış tabloları insanlığın ən dəyərli mənəvi sərvətləri sırasındadır.

Ədəbiyyat siyahısı:


1. https://portal.azertag.az/az/node/11398
2. https://portal.azertag.az/az/node/2381
3. https://worldart2011.wordpress.com/2014/02/26/kamil-pisarro-1830-1903/
4. https://az.wikipedia.org/wiki/Alfred_Sisley
5. https://medeniyyet.az/page/news/42260/Impressionizmden-klassisizme--Pyer-Ogust-Renuar.html?lang=az
Yüklə 135,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin