MEYVƏ-TƏRƏVƏZİN KEYFİYYƏTİ, YUYULMASI, ƏZİLMƏSİ VƏ ŞİRƏNİN SÜZÜLMƏSİ
Şirə hazırlamaq üçün istifadə olunan meyvə-giləmeyvə və tərəvəz müxtəlif ölçüdə və formada ola bilər. İstifadə olunan meyvə-tərəvəz tam yetişməli, lakin yetişib ötməməli və çurüməməlidir. Xammalın keyfiyyəti hazırlanan şirənin keyfiyyətinə böyük təsir göstərir. Müxtəlif şirə istehsalında istifadə olunan sortlar aşağıda qeyd edilir. Hər sortun özünəməxsus üstünlüyü var. Ümumi göstəricilərdən əsası odur ki, zədələnmiş xammaldan şirə hazırlamaq üçün istifadə etmək olmaz. Zədələnmiş və ya çürümüş meyvədən şirə hazırlanarsa, şirə pis dad və iy verər. Məsləhət görülən meyvə-giləmeyvə sortları ilə yanaşı, yerli şəraitdə yetişən onlarca yaxşı meyvə-giləmeyvə sortlarından da istifadə etmək olar.
Meyvə-tərəvəzin keyfiyyəti yoxlandıqdan sonra təmizlənir, axar suyun altında diqqətlə yuyulur. Moruq, böyürtkən və çiyələk kimi zərif giləmeyvələri xəlbirə və ya süzgəcə töküb, içində su olan qaba salır və dərhal çıxarırlar. Yuyulmuş meyvə-tərəvəz bir qədər süzgəcdə saxlanılır ki, suyu tamamilə süzülsün.
Meyvə-tərəvəzdən şirəni maksimum ayırmaq üçün, onları çox xırda-hissəciklərə qədər (5–10 ml-lik) doğrayır və ya da sürtgəcli maşından keçirib sıyığa oxşar kütlə alırlar. Meyvə-giləmeyvə püreyə bənzər kütləyə çevrilsə, ondan şirəni ayırmaq çətinləşir, iri doğradıqda isə daha az şirə alınır.
Ev şəraitində bəzi meyvə-tərəvəzdən şirəni şirəçəkən elektrik maşınında hazırlayırlar. Bundan başqa gözcüklərinin diametri 10–15 mm olan ətçəkən maşından da istifadə etmək olar. Lakin maşın pas atmayan metaldan və ya mina çəkilmiş metaldan olmalıdır ki, şirənin rəngi qaralmasın. Ətçəkən maşından alma, armud, gavalı, albalı, gilas, üzüm və s. meyvə-giləmeyvələri keçirmək olar. Moruq, böyürtkən, çiyələk, qırmızı qarağatı isə sadəcə taxta həvəngdəstə ilə emallı qazanda və ya ləyəndə əzirlər.
Bəzi meyvə-giləmeyvələrin şirəsi çətinliklə ayrılır və şirə tam çıxmır. Gavalı, şaftalı, qara qarağat, moruq, firəng üzümü əzintisindən şirəni ayırmaq üçün, əzintini mina çəkilmiş qazana yığır, üzərinə hər 2 kq əzintiyə 1 st. su əlavə edib 60–70°C temperatura qədər qızdırırlar. Gavalını qaynar suda 3–4 dəq. qızdırdıqdan sonra presləyirlər. Qalan meyvə-giləmeyvələrin əzintisi soyuq halda yaxşı preslənir.
Ev şəraitində şirəni vintli və ya dəstəkli əl basqısı ilə sıxıb çıxarırlar. Əzinti kətan parçadan (və ya bezdən) tikilmiş kisəyə tökülür, basqının səbətinə qoyulur, üzərinə dəyirmi qapaq və ya taxta şəbəkə, onun üstünə isə ağır yük qoyulur, əgər basqı vintlidirsə, vinti tədricən bururlar ki, əzinti həmişə təzyiq altında olsun. Şirənin axması tamamilə dayandıqda quru əzintini basqıdan çıxarıb, bir az su (2 kq əzintiyə 1–2 st.) əlavə edir, qarışdırılır, 3–5 saat saxlayır və yenidən kisəyə toküb ikinci dəfə sıxırlar. Alınmış şirəni birinci presləmədən alınan şirəyə qatırlar. Alma, armud, yerkökü və digər bu kimi ləti bərk olan və şirəsi asanlıqla ayrılan meyvə-tərəvəzin əzintisindən ikinci dəfə şirə almaq üçün istifadə edilmir. Albalı, moruq, qara qarağat və digər bu kimi yumşaq lətli meyvə-giləmeyvələrin əzintisi ikinci dəfə istifadə üçün tamamilə yararlı olur. Bunlardan kisel, kompot üçün istifadə etmək və ya püre kimi konservləşdirmək olar.
Evdə vintli və ya dəstəkli basqı yoxdursa, onda 4–5 kq əzintini kətan kisəyə tökub, süzgəcin içində əllə sıxırlar. Az miqdarda şirə hazırlamaq istədikdə, satışda olan xüsusi əl qurğusundan da istifadə etmək olar.
Dostları ilə paylaş: |