DUZLU KƏLƏM ŞİRƏSİ Bu şirəni qıcqırma prosesi başa çatdıqda və lazımi qədər süd turşusu toplandıqdan sonra turşudulmuş kələmi süzməklə əldə edirlər. Rəngi şəffaflaşdırılmış və şəffaflaşdırılmamış duzlu kələm şirəsi hazırlana bilər. Duzlu kələm şirəsini şüşə butulkalarda konservləşdirirlər. Tərkibində 10 mq% askorbin turşusu, 1,4-1,5% üzvi turşu və 1,4-1,8% xörək duzu olur.
YERKÖKÜ ŞİRƏSİ Şirə hazırlamaq üçün yerkökünun iri və şirəli sortlarından istifadə etmək lazımdır. Yerkökü axar suyun altında təmiz yuyulur, saplağı kəsilir, suyu süzülmək üçün süzgəcə yığılır. Şirəçəkən maşından keçirilir və tənzifdən süzülür. Şirə emallı qazanda 60–70°C temperatura qədər qızdırılır, banka və balonlara töküldükdə ikinci dəfə yenə tənzifdən süzülür, yarımlitrlik bankalar 20 dəq., litrlik bankalar 30 dəq., üçlitrlik balonlar 45–50 dəq. qaynayan suda pasterizə edilir. Tənəkə qapaqla germetik bağlanılır, qapağı üstə soyudulur. Şirə dolu bankalar qaranlıq və sərin yerdə saxlanılır.
Aşxana çuğunduru və balqabaqdan da bu üsulla şirə hazırlamaq olar.