ŞİRƏNİN HAZIRLANMASI
VƏ KONSERVLƏŞDİRİLMƏSİ
Mexaniki və əl basqısının altından axmış meyvə-giləmeyvə şirələrinin tərkibində meyvənin xeyli miqdarda lətli hissəcikləri və müxtəlif kənar qarışıqlar olur ki, bunlar da şirələri bulanıqlaşdırır. Bulanıq şirələri saxlayıb çökdürmək və sıx parçadan süzməklə təmizləyirlər. Bundan sonra da onlar şəffaf olmur, lakin iri hissəciklərdən təmizlənir. Sənaye üsulu ilə tamamilə şəffaf şirə almaq üçün onları mürəkkəb üsullarla şəffaflaşdırırlar. Bu üsulları ev şəraitində tətbiq etmək çox çətindir. Eyni zamanda şirələri çox da şəffaflaşdırıb təmizləmək məsləhət görülmür. Çünki şəffaflaşdırılmış şirələrin tərkibindəki qidalı və bioloji fəal maddələrin çox hissəsi ayrıldığından onların orqanizmə xeyri az olur. Ev şəraitində tamamilə şəffaf şirə almaq mümkün olmasa da, həmin şirələr çox qiymətli qida məhsuludur və ondan hər gün istifadə etmək məsləhət görülür.
Şirələri konservləşdirmək üçün onları emallı qazanda 80–85°C temperatura qədər qızdırır, şüşə bankalara və ya butulkalara doldururlar. Şirəni butulkanın və ya bankanın boğazından 1–1,5 sm aşağı doldurur, istiliyi 85°C olan suda yarımlitrlik bankaları 10–15 dəq., litrlik bankaları 15–20 dəq, ikilitrlik bankaları 25 dəq., üçlitrlik balonları 30 dəq. saxlayır və pasterizə edirlər. Əgər şirə qazanda 95°C-dək qızdırılarsa və qaynayan suda sterilləşdirilmiş isti banka və ya butulkalara dərhal tökülərsə, onda pasterizə etməmək də olar. Bəzən şirəni qaynayana kimi qızdırır, kəfini yığır, sonra banka və ya butulkalara töküb ağzını germetik bağlayırlar. Bu zaman bankaları sterilləşdirilmiş tənəkə qapaqla, butulkaları isə suda qaynadılmış tıxaclarla germetik bağlayırlar. Bankaları qapağı üstə qoyub soyudur, tıxacları isə qatranlayıb soyuyana qədər saxlayırlar. Hazır şirə sərin, quru və qaranlıq yerdə saxlanmalıdır.
Dostları ilə paylaş: |