POMİDOR ŞİRƏSİ-1
Pomidordan şirə iki üsulla alınır.
Şirə hazırlamaq üçün pomidorun Axtyubin, Volqoqrad-5/95, Kolxozçu-34, Krasnodarlı-87/23–9, Mayak–12/20–4, Qabaqcıl-561, Birinci-190, Bazar əcaibi-20, Ştamblı–152, Talalaxin və digər sortlarından istifadə edilir.
Pomidor tam yetişmiş olmalı, lakin dəyib ötməməlidir. Pomidor yuyulur, ətçəkən maşından keçirilir, yaxud da xırda doğranılır, 70–80°C temperatura qədər qızdırılır və xırda gözlüklü ələkdən keçirilir. Bu zaman kütlənin 70%-ə qədəri ələkdən keçməlidir. Yerdə qalan hissədən püre və ya pasta hazırlamaq üçün istifadə edilir. Alınmış pomidor şirəsi 1–2 dəq. qaynadılır. Həmin şirə əvvəlcədən yuyulub, qaynayan suda sterilləşdirilmiş müxtəlif həcmli banka və balonlara qaynar halda (95–97°C temperaturda) tökülür və dərhal ağzı germetik bağlanılır. Bankanın daxilində hava boşluğu qalmamaq üçün ağzınacan doldurulmalıdır. Bankaları qapağı üstə qoyub soyudur, qaranlıq və sərin yerdə saxlayırlar. Bu üsulla şirə hazırladıqda əlavə pasterizə tələb olunmur. Çünki banka və tənəkə qapaq qaynayan suda əvvəlcədən 2–3 dəq. saxlanılıb sterilləşdirilir, şirə qaynadıldıqda isə bütün mikroblar məhv olur. Bu üsulla alınmış şirə ayrıca içilmək üçün nəzərdə tutulur.
Dostları ilə paylaş: |