Bu qanun mübahisələrin həllinin alternativ üsulu kimi mediasiyanın təşkili sahəsində ictimai münasibətləri nizama salır, onun prinsiplərini və həyata keçirilməsi prosedurlarını, həmçinin mediatorların statusunu müəyyənləşdirir.
I fəsil.
Ümumi müddəalar Maddə 1. Mediasiyanın tətbiq dairəsi Mediasiya mülki, əmək, ailə və digər hüquq münasibətlərindən yaranan mübahisələrin tənzimlənməsi məqsədilə tətbiq olunur.
Mediasiya proseduru bu maddənin 1-ci hissəsində göstərilən münasibətlərdən yaranan mübahisələrə o halda tətbiq olunmur ki, belə mübahisələr mediasiya prosedurunda iştirak etməyən üçüncü şəxslərin və məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin maraqlarına toxunur və ya toxuna bilər.
Mediasiya proseduru fiziki və hüquqi şəxslərin iştirakı ilə mülki, əmək, ailə və digər hüquq münasibətlərindən yaranan və tərəflərdən birinin dövlət orqanı olduğu mübahisələrə tətbiq edilmir.