I fəsil. Ümumi müddəalar Maddə Prokurorluq orqanlarında qulluq keçmə Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq bundan sonra — «prokurorluqda qulluq keçmə»

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 95.93 Kb.
tarix22.10.2017
ölçüsü95.93 Kb.

Prokurorluq orqanlarında qulluq keçmə haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçmə qaydalarını və şərtlərini tənzimləyir.



I fəsil. Ümumi müddəalar

Maddə 1. Prokurorluq orqanlarında qulluq keçmə

1.1. Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq (bundan sonra — «prokurorluqda qulluq keçmə» adlanacaq) prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq işçilərinin səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar həyata keçirdikləri dövlət qulluğunun xüsusi növüdür.

1.2. Prokurorluq işçilərinin qulluq keçməsi «Prokurorluq haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş prokurorluğun fəaliyyət prinsiplərinə əsaslanır. Prokurorluq orqanlarının işçiləri qulluq keçərkən qanunun tələblərini rəhbər tutaraq səlahiyyətləri hüdudlarında fəaliyyət göstərirlər.

Maddə 2. Prokurorluqda qulluq keçmənin hüquqi əsasları

2.1. Prokurorluqda qulluq keçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, «Prokurorluq haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Qanun, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir.

2.2. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununun vətəndaşların dövlət qulluğuna gəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları prokurorluq orqanlarında qulluq keçən şəxslərə şamil edilir.

2.3. Prokurorluq işçilərinin əmək münasibətləri onların fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla «Prokurorluq haqqında» Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə tənzimlənir.

2.4. Hərbi prokurorluq orqanları işçilərinin qulluq keçmə qaydaları və şərtləri «Prokurorluq haqqında», «Hərbi xidmət haqqında», «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunları, bu Qanun və «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi» ilə tənzimlənir.

Maddə 3. Qanunun tətbiqi sahəsi

3.1. Bu Qanun «Prokurorluq haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilən prokurorluq işçilərinə şamil edilir.

3.2. Əmək münasibətlərinə dair bu Qanunla nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.

3.3. Prokurorluq orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən mülki işçilərin əmək münasibətləri «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə, dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban,gözətçi,ocaqçı,ixtisas dərəcəsi olmayan fəhlə və s.) isə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

II fəsil. Prokurorluğa qulluğa qəbul, işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi

Maddə 4. Prokurorluğa qulluğa qəbulun şərtləri və qaydaları

4.1. Prokurorluğa qulluğa qəbul olunmaq üçün tələblər «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsi ilə müəyyən olunur.

4.2. Prokurorluğa qulluğa qəbul olunmaq arzusunda olan şəxslər Azərbaycan Respublikasının Baş prokuroruna müəyyən edilmiş formada ərizə ilə müraciət edirlər.

4.3. Prokurorluğa qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri Azərbaycan Respublikası Baş prokurorunun müəyyən etdiyi qaydada yoxlanılır.

4.4. Prokurorluğa qulluğa qəbul olunmaq üçün müraciət etmiş və sənədləri qəbul edilmiş namizədlər aşkarlıq şəraitində şəffaflıq təmin edilməklə müsabiqədən keçirlər. Müsabiqə ixtisas imtahanlarından və müsahibədən ibarətdir. İxtisas imtahanlarının keçirilməsinin ümumi qaydaları Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən edilir.

4.4-1. Prokurorluğa ilk dəfə qulluğa qəbul olunmaq üçün müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimə cəlb edilirlər. Bu təlimi müvəffəqiyyətlə bitirmiş namizədlər prokurorluğa qulluğa qəbul edilirlər.

4.5. Prokurorluğa qulluğa qəbul əmrlə rəsmiləşdirilir və əmrin surəti imza etdirilməklə həmin gün işçiyə verilir.

4.6. Müsabiqədən müvəffəqiyyətlə keçmiş və prokurorluğa qulluğa qəbul edilmiş şəxslər «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin tələblərinə uyğun Dövlət bayrağı önündə and içir və andın mətnini imzalayırlar. Andiçmə qaydası Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən edilir.

Maddə 5. Prokurorluqda stajorluq və sınaq keçmə

5.1. Prokurorluq orqanlarında stajorluq və sınaq keçmə qaydaları Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən müəyyən edilir.

5.2. İlk dəfə prokurorluğa qəbul edilən şəxslər üçün bir illik stajorluq müddəti müəyyən edilir. Stajorluq müddəti bitdikdən sonra İşçi attestasiyadan keçirilir. Attestasiyanın nəticəsindən asılı olaraq onun altı aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilməsi məsələsi həll olunur.

5.3. Sınaq müddəti başa çatdıqdan sonra attestasiyadan müvəffəqiyyətlə keçmiş işçi bu Qanunun 10-cu maddəsində nəzərdə tutulan 9-cu təsnifat vəzifəyə təyin olunmaqla prokurorluqda daimi qulluğa qəbul edilir.

5.4. Stajorluq və ya sınaq müddətlərində attestasiyadan keçməmiş işçi prokurorluqdan xaric edilir.

5.5. Stajorluq və sınaq müddətləri prokurorluqda iş stajına hesablanır.



Maddə 6. Prokurorluq işçisinin şəxsi işi

6.1. Prokurorluq işçisinin şəxsi işində onun prokurorluqda qulluq keçməsi haqqında məlumatlar, şəxsi və iş keyfiyyətlərini xarakterizə edən sənədlər saxlanılır.

6.2. Prokurorluq işçisinin şəxsi işi Azərbaycan Respublikası Baş Prokurorluğunun kadrlar xidməti tərəfindən aparılır. Şəxsi işin aparılması və saxlanılması qaydası Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən edilir.

Maddə 7. Prokurorluq işçisinin xidməti vəsiqəsi

7.1. Vəzifəyə təyin olunmuş işçilərə «Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş formada xidməti vəsiqə verilir. Prokurorluq işçisinin xidməti vəsiqəsi onun şəxsiyyətini, rütbəsini və tutduğu vəzifəsini təsdiq edir.

Xidməti vəsiqə işçinin vəzifəyə təyin edilməsi ilə əlaqədar Baş Prokurorluğun kadrlar xidməti tərəfindən hazırlanır və qeydiyyat jurnalında imza etdirilməklə ona təqdim edilir.

7.2. İşçi prokurorluqda qulluq etdiyi bütün dövr ərzində xidməti vəsiqədən istifadə edir. Prokurorluq işçisinin vəzifəsi və ya rütbəsi dəyişdirildikdə, habelə xidməti vəsiqənin etibarlılıq müddəti qurtardıqda ona yeni xidməti vəsiqə verilir.

7.3. Prokurorluq işçisinin təqsiri üzündən xidməti vəsiqənin itirilməsi intizam xətasıdır və müvafiq tənbəh tədbirlərinin tətbiqinə səbəb ola bilər. Xidməti vəsiqənin itirilməsi ilə bağlı xidməti yoxlanma aparılır. Xidməti vəsiqə itdikdə və ya istifadəyə yararsız hala düşdükdə, prokurorluq işçisinin müraciəti və ya xidməti yoxlamanın nəticələri əsasında ona yeni xidməti vəsiqə verilir.

7.4. İşçi prokurorluqdan xaric olunduqda xidməti vəsiqə Azərbaycan Respublikası Baş Prokurorluğunun kadrlar xidmətinə qaytarılır və məhv edilir.



III fəsil. Prokurorluqda qulluq keçmənin şərtləri

Maddə 8. İş vaxtı və istirahət vaxtı

8.1. Prokurorluq işçilərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş iş və istirahət vaxtı şamil edilir.

8.2. Zəruri hallarda prokurorluq işçiləri iş vaxtından sonra, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə qulluq vəzifələrinin yerinə yetirilməsinə cəlb edilə bilərlər. Bu halda onlara Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənc və ya istirahət vaxtı verilir.

8.3. İş günü ərzində prokurorluq işçilərinə istirahət və nahar etmək üçün fasilə verilir.



Maddə 9. Prokurorluq işçilərinin məzuniyyəti

Prokurorluq işçiləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məzuniyyətlərdən istifadə edirlər.



Maddə 10. Prokurorluqda vəzifələrin təsnifatı

10.0. Prokurorluqda vəzifələrin aşağıdakı təsnifatları vardır:

10.0.1. birinci təsnifat — Azərbaycan Respublikasının Baş prokuroru;

10.0.2. ikinci təsnifat — Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru və Naxçıvan Muxtar Respublikasının prokuroru;

10.0.3. üçüncü təsnifat — Azərbaycan Respublikası Baş Prokurorluğunun idarə və müstəqil şöbə rəisləri, Azərbaycan Respublikası Hərbi prokurorunun müavinləri, Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru, Bakı şəhər prokuroru, Azərbaycan Respublikası Baş prokurorunun böyük köməkçiləri ;

10.0.4. dördüncü təsnifat — Azərbaycan Respublikası Baş Prokurorluğunun idarə və şöbə rəislərinin müavinləri, Baş Prokurorluğun idarə tərkibində olan şöbələrinin rəisləri, Baş Prokurorluğun mühüm işlər üzrə böyük müstəntiqləri, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun idarə və şöbə rəisləri, Naxçıvan Muxtar Respublikası prokurorluğunun şöbə rəisləri, Naxçıvan Muxtar Respublikası hərbi prokurorunun müavini, Bakı şəhər prokurorunun müavinləri, şəhər, rayon prokurorları və onlara bərabər tutulan hərbi prokurorlar, Azərbaycan Respublikası Baş prokurorunun köməkçiləri, Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçiləri, Naxçıvan Muxtar Respublikası prokurorunun böyük köməkçiləri ;

10.0.5. beşinci təsnifat - Azərbaycan Respublikası Baş Prokurorluğunun idarə və şöbələrinin böyük prokuror-metodistləri, böyük prokurorları, prokurorları və prokuror-kriminalistləri, Baş Prokurorluğun mühüm işlər üzrə müstəntiqləri, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun idarə və şöbə rəislərinin müavinləri, Hərbi Prokurorluğun idarə tərkibində olan şöbələrinin rəisləri, Hərbi Prokurorluğun mühüm işlər üzrə böyük müstəntiqləri, Azərbaycan Respublikası Hərbi prokurorunun köməkçiləri, Hərbi Prokurorluğun idarə və şöbələrinin böyük prokuror-metodistləri, böyük prokurorları, böyük prokuror-kriminalistləri, Naxçıvan Muxtar Respublikası prokurorunun köməkçiləri, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun idarə və şöbələrinin böyük prokuror-metodistləri, böyük prokurorları, mühüm işlər üzrə müstəntiqləri, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun şöbə rəisləri, Naxçıvan Muxtar Respublikası Hərbi prokurorunun böyük köməkçiləri, Bakı şəhər prokurorluğunun idarə və şöbə rəisləri, Bakı şəhər prokurorunun böyük köməkçiləri;

10.0.6. altıncı təsnifat — Azərbaycan Respublikası Hərbi Prokurorluğunun idarə və şöbələrinin prokurorları və prokuror-kriminalistləri, Hərbi Prokurorluğun mühüm işlər üzrə müstəntiqləri, Naxçıvan Muxtar Respublikası prokurorluğunun şöbə prokurorları prokuror-kriminalistləri və böyük müstəntiqləri, Naxçıvan Muxtar Respublikası Hərbi prokurorunun köməkçiləri, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun şöbələrinin böyük prokurorları, mühüm işlər üzrə müstəntiqləri, prokuror-kriminalistləri, Bakı şəhər prokurorunun köməkçiləri, Bakı şəhər prokurorluğunun idarə və şöbələrinin böyük prokuror-metodistləri, böyük prokurorları, böyük prokuror-kriminalistləri, mühüm işlər üzrə müstəntiqləri, şəhər, rayon prokurorlarının və hərbi prokurorların müavinləri;

10.0.7. yeddinci təsnifat — Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun şöbə prokurorları Bakı şəhər prokurorluğunun idarə şöbə prokurorları, prokuror-kriminalistləri və böyük müstəntiqləri;

10.0.8. səkkizinci təsnifat —Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun böyük müstəntiqləri, şəhər, rayon prokurorlarının və onlara bərabər tutulan hərbi prokurorların böyük köməkçiləri, şəhər, rayon prokurorluqlarının və onlara bərabər tutulan hərbi prokurorluqların prokuror-kriminalistləri və böyük müstəntiqləri;

10.0.9. doqquzuncu təsnifat — Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun müstəntiqləri, şəhər, rayon prokurorlarının və hərbi prokurorların köməkçiləri, şəhər, rayon prokurorluqlarının və onlara bərabər tutulan hərbi prokurorluqların müstəntiqləri.

Maddə 11. Prokurorluq işçisinin vəzifədə irəli çəkilməsi və başqa vəzifəyə keçirilməsi

11.1. Prokurorluq işçisinin vəzifədə irəli çəkilmək hüququ vardır.

11.2. İşçi 9-cu təsnifat vəzifədə azı 2 il işlədikdən sonra 8-ci təsnifat vəzifəyə, 8-ci təsnifat vəzifədə azı 1 il işlədikdən sonra 6-cı və ya 7-ci təsnifat vəzifəyə, 7-ci təsnifat vəzifədə azı 1 il işlədikdən sonra 5-ci təsnifat vəzifəyə və ya müddət məhdudiyyəti qoyulmadan 6-cı təsnifat vəzifəyə, 6-cı təsnifat vəzifədə azı 1 il işlədikdən sonra 4-cü və ya 5-ci təsnifat vəzifəyə, 5-ci təsnifat vəzifədə azı 1 il işlədikdən sonra 4-cü təsnifat vəzifəyə (6-cı təsnifat vəzifədən 5-ci təsnifat vəzifəyə təyin olunan işçi üçün müddət məhdudiyyəti qoyulmur), 4-cü təsnifat vəzifədə azı 1 il işlədikdən sonra 3-cü təsnifat vəzifəyə keçirilə bilər. 2-ci və 1-ci təsnifat vəzifələrə keçirilməyə məhdudiyyət qoyulmur.

Müstəsna hallarda, xidməti zərurət əsaslandırılmaqla, Azərbaycan Respublikası Baş Prokurorluğunun Kollegiyasının razılığı ilə Azərbaycan Respublikasının Baş prokuroru prokurorluq işçisini təsnifat üzrə məhdudiyyətlər qoyulmadan vəzifədə irəli çəkə bilər.

11.3. Prokurorluq işçisinin başqa vəzifəyə keçirilməsinə onun razılığı ilə yol verilir. Prokurorluq işçisi vəzifə təsnifatına uyğun olaraq vəzifədə irəli çəkilərkən onun işgüzarlığı, peşəkarlıq səviyyəsi. əməyinin nəticələri, mənəvi keyfiyyətləri, bərabər vəzifəyə dəyişdirilərkən ailə vəziyyəti, səhhəti, yaşı və digər hallar nəzərə alınır.

11.4. İntizam tənbehi qaydasında və ya attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə tam uyğun olmadıqda və ya ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda prokurorluq işçisinin aşağı vəzifəyə keçirilməsinə onun razılığı tələb edilmir.

11.5. Aşağı vəzifəyə keçirilmiş prokurorluq işçisi sonradan ixtisas dərəcəsi, əməyinin nəticələri, şəxsi keyfiyyətləri nəzərə alınmaqla yuxarı vəzifəyə təyin oluna bilər. Prokurorluq işçisinin bir vəzifədən başqa vəzifəyə keçirilməsi bütün hallarda səbəbləri göstərilməklə əmrlə rəsmiləşdirilir və işçiyə elan edilir.



Maddə 12. Prokurorluq işçisinin sərəncamda olması

Prokurorluq işçisi xidməti intizamı pozduğuna, səlahiyyət müddəti başa çatdığına və ştatların ixtisarına görə vəzifədən azad edildikdə üç ayadək müddətdə sərəncamda ola bilər.



Maddə 13. Prokurorluq işçilərinin peşə hazırlığının və ixtisaslarının artırılması

13.1. Prokurorluq orqanlarını ixtisaslı kadrlarla təmin etmək, işçilərin nəzəri və peşə hazırlığını artırmaq məqsədilə ixtisasartırma kurslarından, məşğələlərdən, seminarlardan, konfranslardan, xarici dövlətlərin və beynəlxalq təşkilatların müvafiq tədris sistemindən və digər tədbirlərdən istifadə olunur. Peşə hazırlığının təşkili prokurorluğun tədris planları və proqramlarına uyğun aparılır.

13.2. Prokurorluq işçisinin öz ixtisasını artırması onun qulluq borcu, işçilərin nəzəri biliklərinin və peşə hazırlığının artırılması üçün tədbirlər görülməsi rəhbər prokuror işçilərinin qulluq vəzifəsidir. İşçinin tutduğu vəzifəyə uyğun olub-olmaması, mükafatlandırılması və vəzifədə irəli çəkilməsi məsələlərinin həlli zamanı onun tədrisə münasibəti, nəzəri və peşə hazırlığı nəzərə alınır.

Maddə 14. Prokurorluq işçilərinin attestasiyası və fəaliyyətinin qiymətləndirilməsi

14.1. Prokurorluq işçilərinin peşəkarlıq səviyyəsinin tutduğu vəzifəyə uyğun olub-olmamasını müəyyən etmək məqsədi ilə kadrların düzgün seçilməsində, yerləşdirilməsində və tərbiyə edilməsində, peşə hazırlığının və məsuliyyət hissinin artırılmasında, habelə xidməti intizamın gücləndirilməsində mühüm vasitə olan attestasiya keçirilir.



Prokurorluq işçilərinin attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

14.2. Prokurorluq işçilərinin attestasiyasının keçirilməsi qaydası Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən edilir.

14.3. Hərbi prokurorluğun işçilərinin attestasiyası hərbi xidmət keçmənin xüsusiyyətləri nəzərə alınmaqla prokurorluq orqanlarının kadrları üçün müəyyən edilmiş ümumi tələblərə uyğun həyata keçirilir.

Maddə 15. Prokurorluq işçilərinin hərbi çağırışdan və hərbi toplanışdan azad olunması

Prokurorluq işçiləri qulluq etdikləri müddətdə hərbi çağırışdan və hərbi toplanışdan azad olunurlar.

Maddə 16. Prokurorluqda qulluq keçmə ilə bağlı digər məsələlər

16.1. Prokurorluq işçisi qulluq keçmə ilə bağlı qərarla razı olmadıqda müvafiq yuxarı prokurora və ya məhkəməyə müraciət edə bilər.

16.2. Yuxarı prokuror qanunla müəyyən olunmuş qaydada və müddətdə şikayətə baxmalı və qəbul olunmuş qərar haqqında işçiyə yazılı məlumat verməlidir.

16.3. Verilmiş şikayət intizam tənbehinin tətbiq edilməsinə dair qərarın icrasını dayandırmır.



IV fəsil. Prokurorluq işçilərinin rütbələri

Maddə 17. Ali xüsusi, ali hərbi, xüsusi və hərbi rütbələr

17.1. Tutduqları vəzifəyə və prokurorluq orqanlarında iş stajına uyğun olaraq prokurorlar və prokurorluğun müstəntiqləri, o cümlədən hərbi prokurorlar və hərbi prokurorluğun müstəntiqləri üçün ali xüsusi, ali hərbi, xüsusi və hərbi rütbələr müəyyən edilir.

17.2. Ali xüsusi və ali hərbi rütbələr aşağıdakılardır:

17.2.1. Həqiqi dövlət ədliyyə müşaviri;

17.2.2. I dərəcəli dövlət ədliyyə müşaviri, Ədliyyə general-polkovniki;

17.2.3. II dərəcəli dövlət ədliyyə müşaviri, Ədliyyə general-leytenantı;

17.2.4. III dərəcəli dövlət ədliyyə müşaviri, Ədliyyə general-mayoru.

17.3. Xüsusi və hərbi rütbələr aşağıdakılardır:

17.3.1. Baş ədliyyə müşaviri, Ədliyyə polkovniki;

17.3.2. Ədliyyə müşaviri, Ədliyyə polkovnik-leytenantı;

17.3.3. Kiçik ədliyyə müşaviri, Ədliyyə mayoru;

17.3.4. I dərəcəli hüquqşünas, Ədliyyə kapitanı;

17.3.5. II dərəcəli hüquqşünas, Ədliyyə baş leytenantı;

17.3.6. III dərəcəli hüquqşünas, Ədliyyə leytenantı.

17.4. Prokurorlara və prokurorluğun müstəntiqlərinə rütbələr müsbət xarakterizə edildikdə ardıcıl qaydada verilir. Bu Qanunun 18.10 və 18.12-ci maddələrində nəzərdə tutulmuş hallarda rütbələr ardıcıllığı riayət edilmədən verilə bilər.

17.5. Prokurorlara və prokurorluğun müstəntiqlərinə bu Qanunun 10-cu maddəsində nəzərdə tutulan təsnifatlara uyğun olaraq aşağıdakı rütbələr verilə bilər:

17.5.1. Həqiqi dövlət ədliyyə müşaviri — 1-ci təsnifatdakı vəzifəyə görə;

17.5.2. I dərəcəli dövlət ədliyyə müşaviri, Ədliyyə general-polkovniki və II dərəcəli dövlət ədliyyə müşaviri, Ədliyyə general-leytenantı — 2-ci təsnifatdakı vəzifələrə görə;

17.5.3. III dərəcəli dövlət ədliyyə müşaviri, Ədliyyə general-mayoru — 3-cü təsnifatdakı vəzifələrə görə ;

17.5.4. Baş ədliyyə müşaviri, Ədliyyə polkovniki — 4-cü təsnifatdakı vəzifələrə görə;

17.5.5. Ədliyyə müşaviri, Ədliyyə polkovnik-leytenantı — 5-ci və 6-cı təsnifatlardakı vəzifələrə görə;

17.5.6. Kiçik ədliyyə müşaviri, Ədliyyə mayoru — 7-ci və 8-ci təsnifatlardakı vəzifələrə görə;

17.5.7. I, II və III dərəcəli hüquqşünas, Ədliyyə kapitanı, Ədliyyə baş leytenantı və Ədliyyə leytenantı — 9-cu təsnifatdakı vəzifələrə görə.

17.6. Hər bir rütbədə olmaq üçün aşağıdakı müddətlər müəyyən edilir:

17.6.1. III dərəcəli hüquqşünas, Ədliyyə leytenantı — 2 il;

17.6.2. II dərəcəli hüquqşünas, Ədliyyə baş leytenantı — 3 il;

17.6.3. I dərəcəli hüquqşünas, Ədliyyə kapitanı — 3 il;

17.6.4. Kiçik ədliyyə müşaviri, Ədliyyə mayoru — 4 il;

17.6.5. Ədliyyə müşaviri, Ədliyyə polkovnik-leytenantı — 5 il.

17.7. Baş ədliyyə müşaviri, Ədliyyə polkovniki, ali xüsusi və ali hərbi rütbələrdə olma müddətləri müəyyən edilmir.



Maddə 18. Rütbələrin verilməsi qaydası

18.1. Prokurorluq işçilərinə ali xüsusi və ali hərbi rütbələrin verilməsi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə uyğun olaraq həll edilir.

Bu Qanunun 17.2-ci maddəsində göstərilən ali xüsusi və ali hərbi rütbələrin verilməsi barədə Azərbaycan Respublikasının Baş prokuroru vəsatət qaldıra bilər.

18.2. Prokurorluq işçilərinə rütbələr fərdi qaydada verilir.

18.3. Bir qayda olaraq rütbələr aşağıdakı vəzifəli şəxslərin təqdimatları əsasında verilir:

18.3.1. Azərbaycan Respublikası Baş Prokurorluğunun idarə və şöbələrinin rəislərinə — Baş prokurorun müavinlərinin;

18.3.2. Azərbaycan Respublikası Baş Prokurorluğunun idarə və şöbələrinin digər işçilərinə — müvafiq idarə və şöbələrin rəislərinin;

18.3.3. Bakı şəhər prokurorluğu orqanlarının işçilərinə — müvafiq prokurorun;

18.3.4. digər şəhər və rayon prokurorlarına — Azərbaycan Respublikası Baş Prokurorluğunun kadrlar xidmətinin, həmin prokurorluqların işçilərinə isə müvafiq prokurorların.

18.4. Xüsusi və hərbi rütbələrin verilməsinə dair təqdimatın forması Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən edilir.

18.5. Hərbi prokurorluq orqanlarının işçilərinə hərbi rütbələr, o cümlədən ilk hərbi rütbələr bu Qanunun 18.3-cü maddəsində göstərilən, habelə hərbi qulluqçular üçün müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Hərbi prokuroru tərəfindən verilir. Ədliyyə polkovnik-leytenantı və Ədliyyə polkovniki rütbələrinin verilməsi Azərbaycan Respublikası Baş prokuroru ilə razılaşdırılır.

18.6. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun işçilərinə xüsusi rütbələr bu Qanunun 18.3-cü maddəsində göstorilən qaydada Naxçıvan Muxtar Respublikası prokuroru tərəfindən verilir. Ədliyyə müşaviri və baş ədliyyə müşaviri rütbələrinin verilməsi Azərbaycan Respublikası Baş prokuroru ilə razılaşdırılır.

18.7. İlk rütbə işçiyə stajorluq və sınaq keçmə müddətlərini müvəffəqiyyətlə başa vurduqdan sonra verilir. Prokurorluğa keçirilmə qaydasında işə qəbul edilmiş işçilərə rütbələr onlar attestasiyadan keçdikdən sonra verilir.

18.8. Prokurorluq işçisinə növbəti rütbə verilərkən onun tutduğu vəzifəsi, iş stajı, axırıncı rütbədə olma müddəti və xasiyyətnamə nəzərə alınır.

18.9. Məhkəmələrdən, hüquq-mühafizə orqanlarından, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa işə keçirilmiş şəxslərə rütbələr onların əvvəlki və hazırki vəzifəsi, hərbi və ya xüsusi rütbəsi nəzərə alınmaqla verilir.

18.10. Azərbaycan Respublikasının Baş prokuroru xidməti vazifələrini nümunəvi icra etdiyinə və işindəki nailiyyətlərə görə işçilərə mükafatlandırma qaydasında nəzərdə tutulan müddət keçənədək vaxtından əvvəl növbəti və işçinin daşıdığı rütbədən bir pillə yuxarı növbədənkənar rütbə verə bilər.

18.11. Vaxtından əvvəl və növbədənkənar rütbənin verilməsinə işçinin prokurorluqda qulluq etdiyi müddətdə yalnız iki dəfə yol verilə bilər.

18.12. Vəzifədə irəli çəkilərkən prokurorluq işçisinə növbəyə riayət edilmədən daşıdığı rütbədən bir pillə yuxarı rütbə verilə bilər.

18.13. İntizam tənbehi tətbiq edilmiş prokurorluq işçisinə rütbə onun üzərindən intizam tənbehi götürülənədək verilmir.

18.14. Rütbədən məhrum edilmiş işçilər istisna olmaqla rütbəsi olan prokurorluq işçiləri həmin rütbəni ömürlük daşıyırlar.

18.15. Rütbələrə görə prokurorluq işçiləri vəzifə maaşına əlavə haqq alır və geyim forması ilə təmin olunurlar. Rütbəyə görə əlavə haqq pensiyaya çıxmış və rütbədən məhrum edilməmiş prokurorluq işçiləri üçün də saxlanılır.

V fəsil. Prokurorluq işçilərinin hüquqi, sosial, məhkəmə müdafiəsi və maddi təminatı

Maddə 19. Prokurorluq işçilərinin hüquqi və məhkəmə müdafiəsi

19.1. Prokurorluq işçilərinin hüquqi və məhkəmə müdafiəsinin həyata keçirilməsi şərtləri «Prokurorluq haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilir.

19.2. Prokurorluq işçiləri qanunvericilikdə müəyyən edilmiş qaydada xidməti silahı saxlamaq, gəzdirmək hüququna malikdirlər və «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hallarda və qaydada tətbiq edə bilərlər.

Maddə 20. Prokurorluq işçilərinin sosial müdafiəsi

20.1. Təyin olunduğu yer üzrə mənzilə, həmçinin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan prokurorluq işçiləri vəzifəyə təyin olunduğu gündən 6 ay müddətində müvafiq icra hakimiyyəti orqanları tərəfindən mənzillə təmin edilməlidir. Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda pul kompensasiyası ödənilir.

20.2. Başqa yerə daimi işə keçirilmiş prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulu və birdəfəlik kompensasiya dövlət büdcəsinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilir.

20.3. Prokurorluq işçiləri başqa qulluq yerinə keçirildikdə, təyinatı üzrə qulluq müddəti ərzində əvvəllər dövlət və ictimai mənzil fondlarının evlərində (mənzillərində) yaşadıqları mənzil sahəsini (müvəqqəti verilmiş xidməti mənzil sahələri istisna olmaqla) qanunvericilikdə nəzərdə tutulmuş qaydada saxlamaq hüququna malikdirlər.

20.4. Mənzil növbəsinə dayanmış prokurorluq işçisi xidməti fəaliyyət zamanı vəfat etdikdə onların ailəsinin mənzil almaq hüququ saxlanılır.

20.5. Prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir.

20.6. Xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş) və ya xidmətin davam etdirilməsinə imkan verməyən xəstəliyə tutulmuş, xəsarət almış prokurorluq işçilərinə və ya onların ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət verilir.

20.7. Prokurorluq işçilərinə məxsus əmlakın xidməti fəaliyyəti ilə əlaqədar məhv olması və ya zədələnməsi nəticəsində vurulan ziyan prokurorluq işçilərinə və ya onların ailə üzvlərinə dövlət büdcəsi vəsaiti hesabına tam həcmdə ödənilir. Bu maddədə nəzərdə tutulmuş ziyan qanunla müəyyən olunmuş qaydada sonradan təqsirkar şəxslərdən tutulmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür.

20.8. Prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir.

20.9. Prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir.



20.10. Prokurorluq işçiləri xidməti vəsiqələrini təqdim etməklə Azərbaycan Respublikasının bütün ərazisində şəhərdaxili nəqliyyat vasitələrindən (taksi istisna olmaqla) pulsuz istifadə etmək hüququna malikdirlər.

20.11. Xidməti ezamiyyətə göndərilən prokurorluq işçiləri nəqliyyatın bütün növlərinə növbəsiz bilet və mehmanxanada növbədənkənar yer almaq hüququna malikdirlər.



20.12. Xüsusi mülkiyyətində olan nəqliyyat vasitəsini xidməti məqsədlər üçün istifadə edən prokurorluq işçilərinə nəqliyyat vasitəsinin istismarına görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və həcmdə kompensasiya verilir.

20.13. Prokurorluqda 25 il qulluq etmiş, həmin orqanda qulluğunu davam etdirən prokurorluq işçisinə aylıq əməkhaqqı ilə yanaşı, müvafiq qanunvericiliklə müəyyən edilmiş məbləğdə əmək pensiyası ödənilir.

Pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 20.6-cı maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlil olması ilə bağlı prokurorluq orqanlarında xidmət keçməsinə xitam verilmiş prokurorluq orqanlarının işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Pensiyaya çıxması ilə əlaqədar verilmiş müavinətdən vergi tutulmur.

20.14. Pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

20.15. Hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikasının qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilir.



Maddə 21. Prokurorluq işçilərinin maddi təminatı

21.1. Prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir.

21.2. Prokurorluq işçisinin vəzifə maaşı onun tutduğu təsnifat vəzifəyə uyğun olaraq müəyyən edilir.

21.3. Azərbaycan Respublikasının Baş prokuroru əməyin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlər hüdudunda işçilərə qulluqda fərqləndiklərinə, xüsusi əhəmiyyətli işləri keyfiyyətlə yerinə yetirdiklərinə görə vəzifə maaşlarının 25 faizindən çox olmamaqla əlavələr təyin edə bilər.

21.4. Prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir.

21.5. Prokurorluq işçisi sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı və digər pul ödənişi saxlanılır.



Maddə 22. Xüsusi geyim forması

22.1. Rütbəsi olan prokurorluq işçiləri xüsusi geyim forması ilə təmin edilirlər. Prokurorluq işçilərinə pulsuz qış, mövsümi və yay geyim formalarının verilməsi qanunvericiliklə müəyyən edilmiş normalar əsasında həyata keçirilir.

22.2. Xidməti geyimdən istifadə qaydaları Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən müəyyən edilir.

Prokurorluq orqanlarından pensiya almaq hüququ ilə xaric olunmuş şəxslər xüsusi geyim forması daşıya bilərlər.

22.3. Prokurorluğun xüsusi geyim formasının nümunələri Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən olunur.

VI fəsil. Prokurorluq işçilərinin həvəsləndirilməsi, onların məsuliyyəti

Maddə 23. Həvəsləndirmə tədbirləri

23.1. Xidməti vəzifələrinin nümunəvi icrasına, uzun müddətli qüsursuz fəaliyyətinə və digər xidmətlərinə görə prokurorluq işçisinə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq oluna bilər:

23.1.1. təşəkkür;

23.1.2. pul mükafatı;

23.1.3. qiymətli hədiyyə ilə mükafatlandırma;

23.1.4. fəxri fərman ilə təltif edilmə;

23.1.5. xatirə medalları və ya xatirə nişanları ilə təltif edilmə;

23.1.6. növbədənkənar və ya vaxtından əvvəl rütbə verilməsi;

23.1.7. əvvəllər verilmiş intizam cəzasının vaxtından əvvəl götürülməsi.

23.1.8. “Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif edilmə.

23.2. Prokurorluq işçisi xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim oluna bilər.

Maddə 24. Prokurorluq işçisinin həvəsləndirilməsi qaydası

24.1. Həvəsləndirmə tədbirlərinin tətbiqi Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həyata keçirilir.

24.2. Azərbaycan Respublikasının Baş prokuroru işçinin həvəsləndirilməsi məsələlərini müəyyən həddə həll etməyi Azərbaycan Respublikasının Hərbi prokuroruna, Naxçıvan Muxtar Respublikasının prokuroruna, Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroruna və Bakı şəhər prokuroruna tapşıra bilər.

24.3. Prokurorluq işçisinin həvəsləndirilməsi barədə müvafiq prokuror öz səlahiyyətləri daxilində vəsatət qaldıra bilər.

24.4. Hərbi prokurorların və müstəntiqlərin həvəsləndirilməsi «Prokurorluq haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Qanun, «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi» və digər normativ hüquqi aktlarla tənzimlənir.

24.5. Həvəsləndirmə tədbiri əmrlə rəsmiləşdirilir, əmək kitabçasına yazılır və işçinin şəxsi işinə əlavə olunur. Əmr verildikdən sonra 3 gün müddətində həmin şəxsə elan edilir.



Maddə 25. Prokurorluq işçisinin məsuliyyəti

Prokurorluq işçisinin məsuliyyətə cəlb edilməsi, onun hüquqazidd hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi «Prokurorluq haqqında» Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla müəyyən edilir.



Maddə 26. İntizam məsuliyyətinin növləri

26.1. Xidməti intizamı pozduğuna və vəzifələrini layiqincə icra etmədiyinə görə prokurorluq işçisinin barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:

26.1.1. irad tutma;

26.1.2. töhmət;

26.1.3. şiddətli töhmət;

26.1.4. aşağı vəzifəyə keçirmə;

26.1.5. rütbənin aşağı salınması;

26.1.6. vəzifədən azad etmə (bu halda prokurorluq işçisi üç ayadək müddətdə sərəncamda ola bilər və həmin müddət ərzində şəxsin prokurorluq orqanlarından xaric edilməsinə əsaslar olmazsa o, prokurorluq orqanlarında işə təyin edilir);

26.1.7. prokurorluq orqanlarından xaric etmə;

26.1.8. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric etmə.

26.2. Prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilərkən onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın ağırlığı, törədilməsi şəraiti və digər hallar nəzərə alınır.

26.3. Xidməti intizamı pozduğuna görə prokurorluq işçisinin rütbəsi (III dərəcəli hüquqşünas, ədliyyə leytenantı istisna edilməklə) bir pillə aşağı salına bilər.

26.4. Bu Qanunun 26.1-ci maddəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan, yazılı və ya şifahi qaydada işçiyə xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

26.5. Prokurorluq işçisi «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur.

Maddə 27. Prokurorluq işçisinin intizam məsuliyyətinə cəlb edilməsi qaydası

27.1. İntizam tənbehlərinin tətbiqi Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həyata keçirilir.

27.2. Azərbaycan Respublikasının Baş prokuroru işçilər barəsində intizam tənbehlərinin tətbiqi məsələlərini həll etməyi müəyyən həddə Azərbaycan Respublikasının Hərbi prokuroruna, Naxçıvan Muxtar Respublikasının prokuroruna, Naxçıvan Muxtar Respublikasının Hərbi prokuroruna və Bakı şəhər prokuroruna tapşıra bilər.

27.3. Prokurorluq işçisinin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq prokuror öz səlahiyyəti daxilində vəsatət qaldıra bilər.

27.4. Törədilmiş xəta müvafiq prokuror tərəfindən araşdırılır, onu törətmiş işçidən yazılı izahat alınır. Zərurət olduqda prokuror xidməti yoxlama təyin edir. İşçinin izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu intizam tənbehinin tətbiq edilməsinə mane olmur.

27.5. İntizam tənbehi prokurorluq işçisi tərəfindən xidməti intizamın pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Prokurorluq işçisinin məzuniyyətdə, ezamiyyətdə və xəstə olduğu, barəsində xidməti yoxlama və cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir.

27.6. İntizam xətası törədildiyi gündən bir il keçdikdə prokurorluq işçisinə intizam tənbehi verilə bilməz.

27.7. Eyni bir xətaya görə yalnız bir intizam tənbehi verilə bilər.

27.8. İrad tutma, töhmət və şiddətli töhmət intizam tənbehi verildiyi gündən altı ay müddətində qüvvədə olur.

27.9. Prokurorluq işçisi verilmiş intizam tənbehindən nəticə çıxararaq nümunəvi davranarsa və xidməti vəzifələrini vicdanla yerinə yetirərsə intizam tənbehi vaxtından əvvəl götürülə bilər.

27.10. İntizam tənbehinin verilməsi və vaxtından əvvəl götürülməsi əmrlə rəsmiləşdirilir və prokurorluq işçisinin şəxsi işinə əlavə olunur. Əmr verildikdən sonra 3 gün müddətində işçiyə elan olunur və əmrin surəti imza etdirilməklə ona təqdim edilir.

27.11. Prokurorluq işçisinə ezamiyyətdə, məzuniyyətdə və ya xəstə olduğu müddətdə intizam tənbehi tətbiq olunmur və bu müddət xidməti yoxlama aparılma müddətinə daxil edilmir.

27.12. Prokurorluq işçisi intizam tənbehi tətbiq edilməsi barədə əmrdən qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq yuxarı prokurora və ya məhkəməyə şikayət verə bilər.

27.13. Prokurorluq işçisinin intizam tənbehi tətbiq edilməsi barədə əmrdən yuxarı prokurora verdiyi şikayətlərə bir ay müddətində baxılmalı və nəticəsi barədə ona əsaslandırılmış yazılı cavab verilməlidir.



Maddə 28. Xidməti yoxlama

28.1. Prokurorluq işçisi xidməti intizamı pozduqda və ya intizam tənbehinin tətbiq olunmasına digər əsaslar olduqda, habelə işçi intizam məsuliyyətinə cəlb edilməsi ilə razılaşmadıqda xidməti yoxlama aparılır.

28.2. Xidməti yoxlamanın aparılması qaydası Azərbaycan Respublikası Baş prokuroru tərəfindən müəyyən edilir.

VII fəsil. Prokurorluqda qulluq keçməyə xitam verilməsi

Maddə 29. Prokurorluqda qulluq keçməyə xitam verilmə əsasları

29.1. Prokurorluq işçisi prokurorluqdan xaric edildiyi andan qulluq keçməyə xitam verilir.

29.2. Aşağıdakı əsaslar olduqda prokurorluq işçisinin qulluq keçməsinə xitam verilir:

29.2.1. altı aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə həkim rəyi olduqda;

29.2.2. attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə uyğun olmadıqda;

29.2.3. xidməti və ya əmək intizamını kobud, yaxud mütəmadi pozduqda;

29.2.4. qanunvericilik, icra, məhkəmə hakimiyyəti, yerli özünüidarəetmə orqanlarına seçildikdə və ya vəzifəyə təyin edildikdə;

29.2.5. öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdikdə;

29.2.6. cinayət törətdiyinə görə məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindikdə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı olduqda, habelə haqqında cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verildikdə;

29.2.7. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;

29.2.8. «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununda prokuror və ya müstəntiq vəzifələrinə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar olduqda;

29.2.9. prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda və ya hərəkətə yol verdikdə.



Maddə 30. Prokurorluq işçisinin rütbəsinin, vəzifəyə və prokurorluq orqanlarına bərpa edilmə əsasları

30.0. Prokurorluq işçisinin rütbəsinin, vəzifəyə və prokurorluq orqanlarına bərpa edilməsinin əsasları aşağıdakılardır:

30.0.1. xidməti yoxlamanın nəticəsinə dair müsbət rəy;

30.0.2. bəraətverici əsaslarla məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, cinayət işinin başlanmasının rədd edilməsinə, yaxud cinayət işinin xitam olunmasına dair qərar;

30.0.3. təqsirsizliyi sübut edən digər hallar.

Maddə 31. Prokurorluq işçisinin rütbəsinin, vəzifəyə və prokurorluq orqanlarına bərpa edilmə məsələlərinə baxılması

31.1. Prokurorluq işçisinin rütbəsinin, habelə vəzifəyə və ya prokurorluq orqanlarına bərpa edilməsi ilə əlaqədar məsələlərə Azərbaycan Respublikası Baş prokuroru, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən baxılır. Prokurorluq orqanlarına bərpa olunmuş şəxs əvvəllər tutduğu vəzifəyə, yaxud onun razılığı ilə bərabər vəzifəyə təyin edilir.

31.2. Prokurorluq işçisinin qulluqla bağlı digər məsələləri tabeçilik qaydasında müvafiq yuxarı prokurorlar tərəfindən həll edilir.

Maddə 32. Prokurorluqda qulluq keçmənin yaş həddi

32.1 Prokurorluğa işə, bir qayda olaraq, 30 yaşınadək şəxslər qəbul olunurlar.

32.2. Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır.

32.3. Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin III və IV hissələrində göstərilən vəzifələrə təyin olunan şəxslər üçün yaş həddi müəyyən edilmir. Yaş həddinə çatmış digər prokurorluq işçilərinin qulluqda olma müddəti Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən uzadıla bilər. Prokurorluqda qulluqda olma müddəti hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər. 65 yaşına çatmış işçilərin prokurorluqda qulluqda olma müddətinin uzadılmasına yol verilmir.

32.4. Yaş həddi çatanadək prokurorluqda azı 25 il qulluq etmiş işçilər xidmət illərinə görə pensiya hüququna malikdirlər və öz xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər.

32.5. Prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir.

32.6. Prokurorluq işçiləri həmkarlar təşkilatında birləşə bilərlər.

Maddə 33. Prokurorluq işçisinin siyahıdan çıxarılması

Prokurorluq işçisi vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə onun adı prokurorluq işçilərinin siyahısından çıxarılır.



Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 29 iyun 2001-ci il.

167-IIQ.



«Azərbaycan» qəzetində dərc edilmişdir (19 iyul 2001-ci il, № 161) .

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (2001-ci il, № 7, maddə 452).

15 noyabr 2001-ci il tarixli, 214-IIQD nömrəli; 22 noyabr 2002-ci il tarixli, 382-IIQD nömrəli; 30 sentyabr 2005-ci il tarixli, 1018-IIQD nömrəli; 10 oktyabr 2006-cı il tarixli, 159-IIIQD nömrəli; 22 dekabr 2006-ci il tarixli, 211-IIIQD nömrəli; 29 dekabr 2006-cı il tarixli, 220-IIIQD nömrəli; 1 fevral 2007-ci il tarixli, 237-IIIQD nömrəli; 22 may 2007-ci il tarixli, 340-IIIQD nömrəli; 16 iyun 2007-ci il tarixli, 389-IIIQD nömrəli; 19 oktyabr 2007-ci il tarixli, 462-IIIQD nömrəli; 23 oktyabr 2007-ci il tarixli, 465-IIIQD nömrəli; 1 fevral 2008-ci il tarixli, 538-IIIQD nömrəli; 1 aprel 2008-ci il tarixli, 575-IIIQD nömrəli; 28 aprel 2009-cu il tarixli,807-IIIQD nömrəli; 20 oktyabr 2009-cu il tarixli, , 895-IIIQD nömrəli; 27 oktyabr 2009-cu il tarixli, 901-IIIQD nömrəli, 1 fevral 2010-cu il tarixli, 951-IIIQD nömrəli qanunlara əsasən əlavələr və dəyişikliklərlə.

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə