Təsviri incəsənətdə qədim misirlilər portret, heykəltəraşlıq, memarlıq nümunələrini irs qoymuşlar. İnsanın heykəldə təsviri öz statikliyi, hərəkətsizliyilə fərqlənir. Əgər təsvir daş üzərində verilirdisə, insan bədəni düz istiqamətdə, başı və ayaqları isə yanakı təsvir olunurdu. Bu onunla izah olunur ki, rəssamlığın mənbələrindən biri piktoqrafiya – heroqlif yazıya keçmə forması ilə idi. Qrup kompozisiyasında adi insanların arasında əyan və ya fironun təsviri 1,5-2 dəfə hündür təsvir olunurdu.
Qədim Çin mədəniyyətinin ideya mənbəyi b.e.ə. VI əsrdə meydana gəlmiş konfusiçilik olmuşdur. Konfusiçilik cəmiyyət və aləmin bütövlükdə əbədi və dəyişməz olduğu ideyasından çıxış edir. Cəmiyyətin hər bir üzvü onun üçün başlanğıcdan təyin edilən yeri tutmalıdır. Humanizm, mərhəmət insanlar arası münasibətə sirayət etməlidir. Hər bir kəs başqasına kömək etməli, can atdığına çatmalı, özünə rəva görmədiyini başqalarına da görməməlidir. Bu etik qayda sonralar İncildə də öz əksini tapmış və əxlaqın qızıl qaydası adını almışmışdı.
Konfusi cəmiyyətlə dövlət eyniləşdirirdi. Onun fikrincə, dövlət böyük ailədir, hökmdar (imperator) – “Göylərin Oğlu”, “xalqın Ata və Anası”dır. Belə dövlətdə hüquq deyil, ciddi əxlaq normaları hökm sürürdü. Uzun müddət konfusiçilik Çində dövlət ideologiyası funksiyasını həyata keçirib.
Çində ikinci əsas istiqamət daosizm olmuşdu (b.e.ə. VI əsr). Daosizm nöqteyi-nəzərindən aləmdə hər şey hərəkətdə, dəyişmədədir, hər şey nisbi və sonludur. Daoya uyğun olan dünyaqurumuna riayət edilməlidir. Ölməzlik əldə etmək üçün yoqanı xatırladan hərəkətlər etmək lazımdır.
Çinlilər uzun müddət özlərinin müstəsnalığına inanmış və XVIII əsrin ortalarına kimi bütün digər xalqları barbar hesab etmişlər. Çin sivilizasiyası qədim sivilizasiyalardan biridir. Çin dünyaya heroqlif yazısını, ipək, kağız, fosfor, kompas, kotan, barıt bəxş etmişdi. Çin tibbi, astronomiyası, riyaziyyatı dünyada məşhurdur.
Çində Allah haqqında anlayış yox idi. Dünya Tanrı tərəfindən yaradılmayıb, o, öz gizli əsasından gülün öz qönçəsindən açıldığı kimi açılıb.
Çin mədəniyyətində ruh və bədən anlayışları, materiya ideyası yox idi. Aləm ruh və materiyaya bölünməyərək qəbul edilmişdir. İnsan Səmanın kosmik qüvvəsinə bərabərdir və kainatda mərkəzi yeri tutur. Həyatın istənilən hadisəsinə yanaşma əxlaq anlayışından başlayır (konfusiçilik).
Çin mədəniyyəti kateqoriyaları içində ən vacibi Tzsidir. Onun hərfi tərcüməsi yoxdur. Bu anlayışı belə başa düşmək olar: buz isinəndə suya çevrildiyi, su da baxara çevrildiyi kimi Tzsi də qatılaşaraq maddəyə, incələrək ruha çevrilir. Dünyada nə varsa – Tzsidir, ondan başqa heç nə yoxdur. Tzsi əzəli təbiətdə ilkin ruhdur. Daş da ruha malikdir. Dünyadakı hər bir şey kimi Tzsi də hərəkətdədir. Baxın, dağ. Nə zamansa yaranmışdı, lakin zaman keçdikcə qocalır, küləyin təsirindən ovulur, quma çevrilir və tez və ya gec qumdan yeni bir dağ əmələ gəlir. Beləliklə də, Tzsi – aləmi dolduran həyat enerjisidir.
Çin təfəkkürü avropalılara xas səbəb-nəticə təfəkküründən fərqlidir. Məsələn, metal, Qərb, ağ gül, ağciyər və ədalət arasında ümumi olan nədir? Avropalı burada hər-hansı əlaqənin olduğunu hesab etmir. Çinliyə isə hər şey aydındır: sadalananların hamısında ilkin element metaldır.
Bu cür təfəkkür tərzinin əsasında simpatiya (tib. bədənin bir yerində əmələ gələn dəyişikliklərin bilavasitə təsiri altında başqa bir yerində yaranan dəyişiklik) nəzəriyyəsi durur. Varlığın müsbət sahəsi – Yan, mənfi sahəsi – İn. Hər hansı bir şey özünəbənzərlə qarşılıqlı əlaqədədir. Bir çinli şair yazırdı ki, “Sən gülü dərə bilməzsən, ulduzları narahat etməmək üçün”.
Çin mədəniyyəti nikbindir. Kosmos harmoniyadadır, qanunauyğundur, həyat və enerji ilə doludur. Səma – kişi başlanğıcıdır, tam şəkildə Yanla doludur. Səmanın əksi olan yer – qadın başlanğıcı olan İndir. Torpaq Yan və İnin harmoniyasını ifadə edir.
Məkan: Şərqdə gənc müsbət enerji (ağac) hökmranlıq edir, Cənubda yaşlaşır (kamilləşir). Cənub – oddur, Qərb – metaldır, Şimal – sudur. Çinlilər üçün Şimal soyuq və qaranlığın məskəni kimi qəbul edilirdi, oradan vəhşi köçərilərin hücumları baş verirdi. Cənub Yanın işıqlı və qaynar mənbəyidir. Bu çinlilərin şəhərlərinin planlaşdırılmasında inikas edir: şəhərlər kvadrat şəklində, baş qapıları cənuba doğru tikilirdi. İmperator öz taxtında üzü cənuba doğru otururdu. Əvvəllər çinlilər səmanı dairəvi, yeri isə kvadrat hesab edirdilər. Sonra onlar anladılar ki, səma Tzsinin həyat qüvvəsinın “töküldüyü” boşluqdur.
Dostları ilə paylaş: |